MƏQALƏLƏR

Qarabağın görkəmli simaları

  • 28.10.2021

Kor Xəlifə (1811-1893)

Kor Xəlifə ayaması ilə tanınan şair, xəttat, müəllim, Şuşa şəhərindəki Merdinli məscidinin axundu Molla Əli Molla Kəlbəli oğlu Qarabaği 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini atasından almışdır. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdur. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində Cümə məscidinin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdir. O, Qarabağda “Kor Xəlifə” ayaması ilə tanınırdı.

Molla Əli gözəl xəttat idi. Bir çox xətləri eynilə yazmaqda mahir ustad kimi tanınmışdı. Onun işlərini hamı heyranlıqla qarşılayırdı. O dövrün bir çox tanınmış ailələri övladlarını Molla Əlinin yanında dərs almağa göndərirdi. Mirzə Kazım adlı bir şagirdi onun yazılarını toplayıb, “İnşai-Mirzə Kazım” adlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsnxət örnəyi kimi öyrədilirdi.
Molla Əli həm də muğam həvəskarı idi. Xarrat Quludan sonra Şuşada yeni musiqi məktəbi açmışdı. O burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırmışdır.
Molla Əli 1893-cü ildə dünyasını dəyişmişdir. Onun Salah, Süleyman adlı oğulları vardı.

 

Hacı Hüsü (1839-1898)

Azərbaycanın musiqi beşiyi Qarabağda muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli sənətkarlardan biri də Hacı Hüsüdür.

Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alır və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxır. Şuşada yaratdığı məktəbdə bir çox xanəndələri yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayır, qeyri-adi istedadını bəyənir və məktəbə qəbul edir. O, müəllimindən ifaçılığın sirlərini öyrənir.
Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Sadıxcanın müşayiəti ilə “Çahargah” oxuyur və alqışlarla qarşılanır. Səsinin şöhrəti Azərbaycan hüdudlarını aşır...
Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşərək, ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona bildirir. Beləliklə, Şuşada “Musiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri sadəcə çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bəzi araşdırmalarda oxuyuruq ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.
Hacı Hüsü həm də Xurşudbanu Natəvanın çox hörmət bəslədiyi xanəndələrdən olub, onun məclislərində yaxından iştirak edirmiş. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mansurovun məclislərinə tez-tez dəvət edilərmiş.
Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən də xalq arasında “gözəllik aşiqi” adlandırılıb, hətta haqqında əfsanə və rəvayətlər yaranıb. O, muğamlar üzərində günlərlə, həftələrlə çalışar, təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. Mənbələrdə göstərilir ki, o, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara bənzərsiz yeniliklər gətirib. Musiqişünas F.Şuşinski “Qarabağ xanəndələri” kitabında yazır: “O, “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək, birlikdə “Kürdü-Şahnaz” oxuyub”.
Görkəmli sənətkar ömrünün müdrik çağlarında Həcc ziyarətində olur. Bundan sonra toy məclislərində oxuması xurafatçılar tərəfindən birmənalı qarşılanmır. O, bunlara əhəmiyyət vermədikdə ruhanilərin təzyiqlərinə məruz qalır.
Hacı Hüsü uzun müddət Şuşada Gövhər Ağa məscidində azan çəkər və içindəki yanğını minacatla söndürərmiş. Hərdən minbərdə əvvəlki kimi ucadan “Segah” da oxuyar, zilə qalxar və zəngulələri ilə hər kəsi kədərləndirərmiş.
Hacı Hüsü 1898-ci ildə vəfat edib.