MƏQALƏLƏR

TAXILÇILIQ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ZƏNCİRİNDƏ MÜHÜM YER TUTUR

  • 28.10.2021

Azərbaycanda taxıla və taxıl məhsullarına tələbat böyükdür. Ölkə əhalisi artır, bu artım ərzaq təhlükəsizliyi zəncirində taxıl istehsalının artırılmasını zəruri vəzifə kimi qarşıya qoyur. Taxıl, demək olar ki, respublikamızın bütün bölgələrində becərilir, lakin bəzi rayonlarda digər bitkilər prioritet təşkil etdiyinə görə taxılçılığa az diqqət ayrılır. Ənənəvi taxılçılıq rayonlarında isə həm əkin sahələri genişləndirilir, dövriyyəyə yeni torpaqlar verilir, həm də məhsuldarlığın artırılması istiqamətində zəruri tədbirlər görülür. Belə olan halda məhsuldarlıq az olan torpaqlarda taxıl əkininin aparılmasına lüzum qalmır. Bunun əvəzinə isə iqtisadi cəhətdən səmərəsi yüksək olan tərəvəz, bostan bitkilərinin, intensiv bağçılığın və digər sahələrin inkişafına diqqət ayrılması tələb olunur. İllər uzunu taxıl üçün əlverişli olan torpaqların işğal altında olması hər bir bölgədə məhsuldarlıq az olsa da, taxıl əkini aparılmasını zəruri etmişdir. Bu səbəbdən də qeyri-məhsuldar və suvarılmayan ərazilərdə də taxıl əkini aparılmışdır.
İşğalçı Ermənistan 30 il ərzində ərzaq buğdasına və dənli bitkilərə olan tələbatının əhəmiyyətli bir hissəsini həmin ərazilərdə becərilən taxıl məhsulu hesabına ödəmişdir. Müqəddəs sayılan çörəyin də qədrini bilməyən mənfur düşmən şükranlıq etmək əvəzinə, yer üstündə nə varsa, hamısını dağıdıb viran qoymuşdur. Bizdə olan məlumatlara görə, işğalçı dövlət işğal ərazilərindən ildə 200 min ton civarında taxıl tədarük etmişdir. Müharibədən sonra bu məhsulu əldə edə bilməyən Ermənistanda aclıq və səfalət baş alıb gedir. Düşmən ölkədən fərqli olaraq Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarüki və emalı yeni texnologiyalara, müasir standartlara uyğun şəkildə aparılır. Sahələrə yüksək aqrotexniki qulluq göstərilir. İnnovativ texnologiyalar tətbiq olunur. Azərbaycanda bu gün 30-dan artıq aqrar sənaye kompleksi fəaliyyət göstərir ki, onların analoqu regionda yoxdur. Bu keyfiyyət dəyişiklikləri taxılçılıqdan da yan keçməyib. Cari ildə də bu sahədə əldə olunan nəticələr ürəkaçandır.
Öncə onu demək lazımdır ki, əkin sahələrini genişləndirmək, yüksək məhsuldar sortlar əldə etmək və yetişdirmək, fermerlərə subsidiyalar verməklə ölkədə taxılçılığı dinamik inkişaf yoluna çıxarmaq dövlətimizin strateji hədəfidir. Görülən tədbirlər nəticəsində bu il taxılçılıqda orta məhsuldarlıq respublika üzrə 31,2 sentner təşkil edib. Suvarma problemi yaşanmayan rayonlarda məhsuldarlıq hər hektara 40 sentner yüksəlib, hətta bəzi fermer təsərrüfatlarında 60 sentnerə çatdırılıb. Bu, ölkəmiz üçün rekord göstərici olmaqla bərabər, sahənin yüksək rentabellə işləməsindən xəbər verir. Həm də bu nəticələr ölkə üçün əlverişli olmayan şəraitdə qazanılıb. Bir tərəfdən pandemiya və müharibə, digər tərəfdən havaların quraq keçməsi, su probleminin yaşanması şəraitində belə bir uğura imza atılıb. Bu il, sözün əsl mənasında, taxılçılıqda uğurlu işlər üçün gözəl bünövrə qoyulub. Keçən ilin payızında respublika üzrə 966,6 min hektar sahədə taxıl əkilmiş və tarlalarda bol məhsul yetişdirilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin sentyabr ayının 1-dək taxıl sahələrindən 99,6 faizinin məhsulu biçilib. Tarlalardan 3 milyon 610 min ton məhsul əldə olunub ki, bu da hər hektardan 31,8 sentner taxıl deməkdir.
İqtisadi rayonlar içərisində ən yüksək məhsuldarlığa nail olan Mil-Muğan iqtisadi rayonudur (Beyləqan, İmişli, Saatlı, Sabirabad).
Bu rayonlar üzrə hər hektarın məhsuldarlığı 40,1 sentnerdir. İnzibati rayonlar arasında ən çox məhsul toplayan Şəki (194,8 min ton) və Cəlilabaddır (184,6 min ton). Sonrakı sıraları Kürdəmir (136,4 min ton), Neftçala (124,5 min ton), Füzuli (118,7 min ton), Ağsu (116 min ton), İsmayıllı (107,6 min ton), Sabirabad (106 min ton), Ağcabədi (105,6 min ton) bölüşür. Bu sadalanan rayonlar ölkənin taxıl təminatının əsas sütunları hesab olunurlar. Rayonlar içərisində ən yüksək məhsuldarlığa Bərdə nail olub. Hər hektardan 44 sentner məhsul toplanıb. Ağdam, Tərtər, Saatlı rayonlarında isə hər hektarın məhsuldarlığı 40 sentner təşkil edib.
Qeyd etdiyimiz kimi, ölkənin ərzaq təhlükəsizliyi sistemində taxıl məhsulları ilk sırada dayanır. Taxılın qiyməti birjalar vasitəsilə tənzimlənir və dollar ekvivalenti ilə satılır. Bu il iqlim şəraiti ilə əlaqədar bir çox ölkələrdə taxıl və kartof istehsalında geriləmə müşahidə olunub. Bu vəziyyət sözügedən məhsulların ən böyük istehlakçılarından biri olan Rusiya Federasiyasında da özünü göstərib. Bunları nəzərə alaraq, hər bir ölkə, o cümlədən Azərbaycan bu sahədə konkret tədbirlər görməyə başlayıb. Yuxarıda Ermənistanın işğal altında olan rayonlardan əldə etdiyi taxılın miqdarını göstərdik. Həmin rəqəm təxminidir. Ola bilsin ki, bundan da çox məhsul götürülüb. Bugünkü vəziyyətdə Azərbaycan ərzaq bölgüsünə olan tələbatının təxminən 70 faizdən çoxunu daxili istehsal hesabına ödəyir. Qalan 30 faiz taxıl, o cümlədən toxum materialı xaricdən idxal olunur. Dünya bazarında taxılın qiymətinin artan dinamikasını nəzərə alsaq, bu sahənin inkişafının nə qədər önəmli olduğu göz önünə gəlir.
Taxılçılığın inkişafı ilə bağlı işğaldan azad olunmuş ərazilərimizdə böyük imkanlar vardır.
Burada iki amili önə çəkmək lazımdır. Birincisi, bu ərazilərdə kifayət qədər mənbələr olduğuna görə suvarmada ciddi problem olmayacaq. İkincisi, dəmyə torpaqlar da münbit olduğuna görə yüksək məhsul əldə etmək mümkün olacaq.
Digər bir amil kimi onu da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma planlı şəkildə, müasir şəhərsalma və kəndsalma qaydalarına uyğun aparıldığına görə yaşayış arealının həcmi azalacaq, əkin sahələrinin həcmi isə genişlənəcək. Həm də suvarma sistemindən tutmuş aqrotexniki xidmətədək bütün proseslər müasir texnologiyalar əsasında qurulacaq. Azərbaycan dövlətinin strateji hədəfləri gerçəkləşdikcə, yaxın illərdə bölgədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi irəliləyiş və möhtəşəm inkişafın şahidi olacağıq.

 

Zülfü İLYASOV, “İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri