MƏQALƏLƏR

İNTELLEKTUAL KAPİTALDAN İSTİFADƏNİN PRİORİTETLİYİ ŞƏRAİTİNDƏ RƏQƏMSAL PLATFORMALAR

  • 28.10.2021

Rəqəmsal iqtisadiyyat

Rəqəmsal iqtisadiyyat xidmət və məhsullarla yanaşı, resurslara və texnologiyalara özünəməxsus yanaşmalar nəzərdə tutur. Bu baxımdan intellektual kapitalın formalaşması və onlardan istifadənin prioritetliyi şəraitində rəqəmsal platformaların yerinin və rolunun, habelə həmin platformaların yaradılması meyarlarının tədqiqi, zənnimizcə, məqsədəuyğundur. Bu istiqamətdə aparılan tədqiqatlar, demək olar ki, ilk addımlardır. Rəqəmsal iqtisadiyyatda intellektual kapitalın idarə edilməsi məsələsinin aktuallığı çoxsaylı amillərlə şərtlənir.

İntellektual kapitaldan istifadənin prioritetliyi
İntellektual kapitaldan istifadənin prioritetliyini şərtləndirən amillərdən biri innovasiyalı, o cümlədən rəqəmsal innovasiyalı fəaliyyətin rəqabət qabiliyyətinin təmin olunması zəruriliyidir. Belə ki, hazırda rəqəmsal innovasiyalar innovasiyalı inkişafın mühüm istiqamətidir. Aşağıdakı mövqe ilə razılaşmamaq çətindir ki, rəqəmsal iqtisadiyyatda innovativlik getdikcə rəqabətliliyin yeganə faktoruna çevrilir. Bu baxımdan bütün təşviq sistemlərinin, ilk növbədə innovativliyinə fokuslanması, başqa sözlə desək, milli innovasiya sisteminin gücləndirilməsinə iqtiqamətləndirilməsi zərurəti ortaya çıxır. Belə olan halda araşdırma və işləmə fəaliyyətləri, universitet-sənaye əməkdaşlığı, startap fəaliyyətləri və sairənin təşviqi böyük əhəmiyyət qazanır. Doğrudan da, intellektual kapitaldan səmərəli istifadəni elmi innovasiyalardan təcrid olunmuş mühitdə təmin etmək çətindir.
İntellektual kapitaldan fəal istifadə və bu prosesin idarə edilməsi ənənəvi çərçivələrdə özünü doğrultmur. Yeniliklərə bədbin münasibət, təşkilati sistemlərdə innovasiyalara qeyri-aşkar müqavimət, texnoloji biliklərlə və texnoloji təminatla digər sahələrdə (təsərrüfat hüququ, informasiyanın assimmetrikliyi və s.) yaranan problemlərin həllinə cəhdlər intellektual kapitaldan istifadənin prioritetliyi mühitinin formalaşmasını ləngidir. Bununla belə, intellektual kapitalın idarə edilməsində texnoloji təminatın (daha sonra, sözün həqiqi mənasında, rəqəmsal platformaların) təkmilləşdirilməsindən əldə edilən səmərəliliyin yaxın perspektivdə intellektual potensiala diqqəti daha da artıracağı gözləniləndir.
İntellektual kapitalın idarə edilməsi mühitini şərtləndirən amillər qismində, ilk növbədə rəqəmsal iqtisadiyyatda resursların ənənəvi iqtisadiyyatdan fərqlənməsi səbəblərini, bu səbəblərin nə dərəcədə obyektiv amillərlə şərtlənməsi dərəcəsini qeyd etmək olar. İntellektual kapitalın reallaşdırılmasının həlledici şərt olduğu innovasiyalı inkişaf şəraitində bu resurslar və onlardan istifadə üzrə nəzəri müddəaların dəqiqləşdirilməsi zəruridir. Əks halda, intellektual kapitalın reallaşdırılmasının təşviqi (habelə maliyyə stimullaşdırılması) prosesində birmənalı və şəffaf yanaşmaları təmin etmək mümkün deyildir.
Gözlənildiyi kimi, müvafiq mənbələrdə intellektual kapital və rəqəmsal platforma anlayışlarına münasibətdə kifayət qədər fərqli yanaşmalara rast gəlinir. Haqqında danışılan müxtəlifliyin əhəmiyyətli dərəcədə tədqiqatın məqsədi və vəzifələri ilə şərtləndiyini, habelə haqqında danışılan anlayışların elmi publisistikadan elmi dövriyyəyə daxil olmasını nəzərə alaraq, onun ətrafında hazırda geniş mükalimələrə ehtiyac görmürük. Adı çəkilən digər müəlliflərin bu məsələyə münasibətində, zənnimizcə, nəzəri cəhətdən əsaslandırılması mümkün olan təcrübi aspektin tələbləri önə çəkilir. İntellektual kapitalın bu və ya digər əlamət üzrə tərkib hissələrinə ayrılmasında təcrübi aspektin ön plana çıxarılmasında məqsəd funksional tələblərlə yanaşı, müvafiq funksiyaların təşviqi mühitinin tələblərinə uyğunlaşma imkanlarının genişləndirilməsidir. İntellektual kapital anlayışının birmənalı qəbul edilməsi onun formalaşdırılması və reallaşdırılması prosesinə hər hansı tənzimləyici və stimullaşdırıcı təsir baxımından məqsədəuyğundur. Həmin anlayışın təcrübi aspektdə birmənalı qəbul edilməsi, zənnimizcə, ilk növbədə intellektual kapitalın tərkib hissələrinə (onu təşkil edən elementlərə) münasibətdə yanaşmanın birmənalılığını nəzərdə tutur. Bu baxımdan, artıq adı çəkilmiş müəllifin intellektual kapitalın tərkib hissələrinə münasibətdə mövqeyi diqqətəlayiqdir.
Hazırda intellektual kapitalı - insan və bazar aktivlərini brend, nüfuzun məcmusu hesab edənlər çoxluq təşkil edirlər. İlkin yanaşmada intellektual kapital konkret insanların bilik, vərdiş və istehsal təcrübəsini, habelə qeyri-maddi aktivləri əhatə edir. Qeyri-maddi aktivlər dedikdə, mənfəətin artırılması və bir sıra iqtisadi və texniki nəticələrin yaxşılaşdırılması məqsədilə istifadə edilən verilənlər bazaları, proqram təminatı, patentlər, əmtəə nişanları və s. nəzərdə tutulur. Ensiklopedik mənbələrdə intellektual kapitalına münaibətdə hüquqi aspektə xüsusi diqqət verilməsi həmin kapitaldan istifadə proseslərinin idarə edilməsi baxımından özünü doğruldur. İntellektual kapital ensiklopedik mənbələrdə dörd tərkib hissəsinə bölünür: 1. Satın alına bilən patentlər, müəllif hüquqları və franşiza kimi hüquqi cəhətdən tanınan qeyri-material aktivləri; 2. Ticarət markaları, brendlər, müştərilərin siyahıları və sifarişləri kimi hüquqi cəhətdən reallaşdırılan və mühafizə oluna qeyri-material aktivləri; 3. Şirkətlərdə istifadə edilən verilənlər sistemləri və bazaları kimi struktur qeyri-material aktivləri; informasiya sistemləri, uçot sistemi, tədarük və satış sistemləri bu sistemlərə misal ola bilər; 4. İnsanların beynində olan və şirkətə işləyən insan kapitalının qeyri-material aktivləri. İntellektual kapitalın qeyri-maddiliyi xassəsinin bazar mühitindəki mübadilə, hüquqi, struktur və insan kapitalı təzahürləri onların məcmu səmərəliliyinin təmin olunması baxımından rəqəmsal texnologiyaların inkişafı prioritetlərinə təsirsiz qalmır.
Rəqəmsal iqtisadiyyatda resurslara münasibətdə özünəməxsusluq, ilk növbədə informasiya resurslarının özünəməxsusluğu (satılarkən heç də tamamilə özgəninkiləşməməsi, assimmetriya amilinin və kəmiyyət xarakteristikalarının dəyərə ikili təsiri, artımın eksponensial tempi və s.) ilə şərtlənir. Eyni zamanda, informasiya resurslarının biliyə və texnologiyaya çevrilmə prosesində artması və istifadənin (istehlakın) həmin resursları tükətməməsi əlaməti diqqəti cəlb edir. Sonuncu əlamət, zənnimizcə, rəqəmsal mühitdə həm də resursa onun inkişaf dinamikasından ayrılıqda baxılmasının qeyri-məhsuldarlığına dəlalət edir. Başqa sözlə, rəqəmsal mühitdə intellektual resursların idarə edilməsi intellektual kapitalın idarə edilməsinin xüsusi halı kimi nəzərdən keçirilməlidir. Belə ki, əksər hallarda intellektual resursların daim yenilənməsi, öz-özünü artırması və deməli, tükənməz olması kimi xassələri önə çəkilir. Bazar münasibətləri obyekti kimi intellektual resursların informasiya, bilik, texnologiya və mənəvi potensialın reallaşdırılmasını nəzərdə tutması onun maddi və ya qeyri-maddi xarakterli olması faktının əhəmiyyətini artırmır. Bir sıra hallarda intellektual resurs və intellektual kapital anlayışları arasında fərqə, demək olar ki, etina edilmir. Bu, bir qayda olaraq, rəqəmsal iqtisadi mühitə münasibətdə özünü göstərir. Hətta ilkin yanaşmadan belə təkrar istehsal prosesində intellektual resursların özünəməxsus yerinə və roluna etina edilmədən rəqəmsal bazarda münasibətlərə aydınlıq gətirilməsi çətin, bəzən isə hətta qeyri-mümkün görünür. Unutmaq olmaz ki, rəqəmsal iqtisadiyyatı iqtisadi inkişafın digər mərhələlərindən fərqləndirən mühüm əlamətlərdən biri məhz elmi innovasiyaların, bilik mühəndisliyinin aparıcı amilə çevrilməsidir. Təbii ki, bu halda biliklərin ötürülməsi və bu prosesdə gözlənilən multiplikasiya effekti təhsil sistemində kreativliyə həssaslıq dərəcəsi ilə bilavasitə əlaqədardır.
İstənilən iqtisadi münasibətlər məcmusunda və proseslərdə baş verdiyi kimi, rəqəmsal iqtisadiyyatda da imkanlar və nəticələr müqayisəli qiymətləndirilməli və bunun üçün onlar kəmiyyətcə ölçülə bilməlidir. Əlbəttə, bu mürəkkəb prosesdir və heç də həmişə mümkün deyildir. Bununla belə, keyfiyyətin kəmiyyətcə ifadəsi üçün göstərilən cəhdlər nə qədər vaxt və vəsait tələb etsə də, zənnimizcə, gec-tez özünü doğrulda biləcəkdir.
Zənnimizcə, sonuncu ifadəni birmənalı olaraq qəbul etmək çətindir. Uzağa getməyək. Postsovet məkanının bəzi ölkələrində rəqəmsal iqtisadiyyatın inkişafı üzrə dövlət proqramlarının hazırlanması və onların icrasına başlanması bu sahədə dövlət siyasəti prioritetliyini söyləməyə kifayət qədər əsas verir. Yeri gəlmişkən, Azərbaycanda da rəqəmsal iqtisadiyyatın inkişafı üzrə dövlət proqramının hazırlanması işlərinə başlanmışdır.
Hazırda rəqəmsal iqtisadiyyatın necə sürətlə yayıldığı və rəqəmsal texnologiyaların get-gedə daha böyük arealda istifadə olunduğu danılmaz faktdır. Bununla belə, onun bu və ya digər dərəcədə tənzimlənməsi (stimullaşdırılması və s.) üçün iqtisadiyyatın bu sektorunun inkişafının kəmiyyətcə qiymətləndirilməsi məsələləri aktuallaşır.
İntellektual kapitaldan istifadənin prioritetliyi şəraitində rəqəmsal platformaların yeri və roluna münasibət bildirmək üçün müasir biznes proseslərin idarə edilməsində baş verən dəyişikliklərə adekvat təşkilati formaların təkamülü proseslərini tədqiq etmək lazımdır. Məsələ ondadır ki, rəqəmsal iqtisadiyyatda təşkilati dəyişikliklər rəqəmsal platformaların formalaşması prosesləri ilə bilavasitə əlaqədardır.
İntellektual kapitaldan istifadənin prioritetliyi şəraitində rəqəmsal platformaların artan rolu, təbii ki, bilik iqtisadiyyatına da təsirsiz qalmır. Araşdırmalar göstərir ki, bilik iqtisadiyyatının inkişafında rəqəmsal platformaların təkmilləşdirilməsi həlledici rola malikdir.

Rəqəmsal platformalar innovasiyalı iqtisadi idarəetmə mühitində
Rəqəmsal platformalar iqtisadi subyektlərin təsərrüfatçılıq fəaliyyətini vahid informasiya mühitində cəmləməklə tələb-təklif münasibətində ərazi amilinin təsirini, demək olar ki, aradan qaldırır. Rəqəmsal platformaların rəqəmsal iqtisadiyyatda mühüm rolunu qeyd etmək üçün nüfuzlu tədqiqatçılar sonuncunu rəqəmsal platformalar iqtisadiyyatı adlandırmağı təklif edirlər. Onlar habelə, hesab edirlər ki, sənaye inqilabında fabriklər hansı rolu oynamışlarsa, rəqəmsal platformalar da həmin rolu oynamaqdadır. Rəqəmsal iqtisadiyyatı rəqəmsal platformalar iqtisadiyyatı adlandıran tədqiqatçıların ilkin məqsədi, zənnimizcə, əlbəttə, rəqəmsal əməliyyatların yüksək templə artdığı biznesdə bu platformaların əhəmiyyətini önə çəkməkdir.
Təcrübədə rəqəmsal iqtisadi mühitin formalaşmasında iqtisadi-riyazi modelləşdirmə amilinə əksər hallarda lazımi qiymət verilimir. Bunun səbəblərinə həmin modellərin qurulması və rəqəm reallaşdırılmasının böyük əməktutumlu olması, modelləşdirmənin ilkin informasiya təminatındakı uzun illər aradan qaldırıla bilməyən çətinliklər aid edilə bilər.
Rəqəmsal platformalar idarəetmənin bütün səviyyələrində özünü doğrultmaqdadır. Texniki baxımdan həmin platformaların təşkilediciləri sırasında aparat və proqram vasitələri ilə yanaşı, informasiya xidmətlərinin xarakteristikaları istifadəçilərin sayı artdıqca, yüksək ehtimalla intellektual kapitaldan istifadə imkanlarını genişləndirə bilər. Milli iqtisadiyyatlar arasında əlaqələr intensivləşdikcə, bəzi müəlliflərin fikrincə, rəqəmsal platformalar müasir texniki baza kimi yeni keyfiyyətlər əldə edir.
Rəqəmsal mühitdə transaksiya və transformasiya xərclərinin fərqləndirilməsi, həmin mühitin innovativliyini, o cümlədən rəqəmsal innovasiyaların iqtisadi səmərəliliyini qiymətləndirmək baxımından mühümdür. Araşdırmalarımız belə deməyə kifayət qədər əsas verir ki, rəqəmsal platformalarda transformasiya xərclərini şərtləndirən texnologiya seçimi, öz növbəsində transaksiya xərclərinin strukturunu müəyyən edir. Öz növbəsində transaksiya xərcləri istehsal texnologiyalarında alternativ seçimləri məhdudlaşdırır. Onu da qeyd edək ki, rəqəmsal platformalara rəqəmsallaşma (rəqəmsal avtomatlaşdırma) ilə rəqəmsal transformasiya strategiyalarını fərqləndirən başlıca alətlər məcmusu kimi baxılmasına da rast gəlinir.
Yüksək texnologiyalarla təmin olunmuş biznes-model kimi rəqəmsal platforma qarşılıqlı surətdə asılı olan bazar iştirakçıları arasında mübadilələri asanlaşdırmaqla intellektual kapitalın reallaşdırılması imkanlarını genişləndirir. Belə ki, rəqəmsal platformalar intellektual kapitalın təşkilediciləri olan insan və bazar aktivlərindən, intellektual mülkiyyətdən və infrastruktur aktivlərindən istifadə üçün daha əlverişli texnoloji və təşkilati mühit formalaşdırır.
Tədqiqatlar göstərir ki, rəqəmsal platformaların iqtisadi tənzimlənməyə texnoloji dəstək imkanları özünü daha çox elmtutumlu fəaliyyət sahələrində büruzə verir. Məsələ ondadır ki, məhz həmin sahələr rəqəmsal mühitin təşəkkülündə aparıcı rol oynamaq iddiasındadır.
Bazar iştirakçıları arasında qarşılıqlı faydalı münasibətləri alqoritmləşdirən rəqəmsal platformalar innovasiyalı inkişafın növbəti mərhələləri üçün münasib start vəziyyəti formalaşdırır. Biliyin dəyərə və şirkətin rəqabət qabiliyyətinə çevrilməsini sürətləndirən rəqəmsal platformalar üçün bu prosesdə intellektual kapital həm də iqtisadi təməl rolunda çıxış edir. Biznes-proseslərinin optimallaşdırılmasında rəqəmsal platformaların rolu onların intellektual kapitalı fəallaşdırmaq imkanları ilə şərtlənir. İntellektual kapitalın şirkətin işçi heyətinin malik olduğu nisbətən asan formalaşan, birmənalı və asan ötürülə bilən biliklər məcmusu kimi qəbul edilə bilməsi (belə yanaşma, təcrübi baxımdan, zənnimizcə, yolveriləndir) rəqəmsal platformaların təşəkkülü prosesində cari reallığın və yaxın perspektivin nəzərə alınması imkanlarını genişləndirir.
Cari reallığın rəqəmli xarakteristikasında işçi heyətin istehsal və idarəetmə vərdişləri xüsusi yer tutur. Məsələ ondadır ki, eyni nəzəri bilikləri əldə etmiş və eyni mühitdə əmək təcrübəsi qazanmış insanlar arasında bacarıq səviyyəsində ciddi fərqlərə rast gəlinir. Bütün istək və cəhdlərə baxmayaraq, bir çox hallarda yüksək təcrübi vərdişləri həmişə digər insanlara ötürmək olmur.
İntellektual kapitaldan istifadənin prioritetliyi şəraitində rəqəmsal platformalar innovasiyalı inkişaf tələblərini nəzərə almalıdır. Bu tələblər şəbəkədə innovasiya prosesləri iştirakçılarının rəqəmsallaşan qarşılıqlı fəaliyyətində konkretləşir. Rəqəmsal iqtisadiyyatın inkişafında innovasiya amili intellektual kapitaldan istifadənin səmərəliliyinə bilavasitə təsir göstərir. Transaksiya xərclərini artıran innovasiyalı yanaşmaların rəqəmsal mühitdə iqtisadi səmərəliliyində qeyd olunan xərclərin səviyyəsi mühüm rola malikdir. Odur ki, intellektual kapitaldan istifadəyə üstünlük verildiyi innovasiyalı rəqəmsal mühitdə rəqəmsal platformaların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı transaksiya xərclərinin səviyyəsi başlıca indikatorlardan biri hesab edilməlidir.
İnnovasiyalı idarəetmədə resurslardan birgə istifadə həlledici istiqamətdir. Bu baxımdan təşkilati sistemlərdə intellektual və istehsal resurslarının konsolidasiya edilməsinin məhz rəqəmsal platformalar bazasında həyata keçirilməsinin bir vəzifə kimi qarşıya qoyulmasının məqsədəuyğunluğu fikri ilə razılaşırıq.
Nəhayət, onu qeyd edək ki, rəqəmsal platformaların innovasiyalı idarə edilməsi təcrübəsində intellektual mülkiyyət obyektləri diqqət mərkəzindədir. Rəqəmsal platformaların innovasiyalı idarəetmə üsulları qismində hazırda təşkilati sistemlərin fəaliyyətinin idarə olunması sahəsində üsullar və mərkəzlərə dair intellektual mülkiyyət obyektlərinə; robot texnikası obyektlərinin idarə edilməsi sahəsində üsullar, komplekslər və qurğulara dair intellektual mülkiyyət obyektlərinə; inteqrasiya olunmuş idarəetmə sistemləri sahəsində üsullar, komplekslər və qurğulara dair intellektual mülkiyyət obyektlərinə diqqət verilir.
İnnosiyalı inkişafda intellektual kapitaldan istifadənin mühüm istiqamət olduğu indiki şəraitdə rəqəmsal platformaların inkişafı prioritetlərinin qiymətləndirilməsi məsələsi, ilkin yanaşmada rəqəmsal qarşılıqlı fəaliyyətin ixtisaslaşan sistemində istifadə edilən texnologiyalar qrupunun qarşılıqlı inkişafı perspektivlərinin proqnozlaşdırılması məsələsinə gətirilə bilər. Mahiyyəti kollektivin biliklərinin məcmusu, kollektiv beyin, intellektual aktivlərin məcmusu və s. kimi anlayışlarda ifadə olunan intellektual kapitaldan istifadənin texnoloji-təşkilati forması kimi rəqəmsal platformalara, hətta yaxın perspektivə irəli sürülən tələbləri biz, hələlik yalnız ehtimal edə bilərik.


Rəsul Balayev, iqtisad üzrə elmlər doktoru,

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru