MƏQALƏLƏR

Şuşa – tarixi köklər və müasirliyin vəhdətində dirçəliş

  • 03.11.2021

Şuşa Azərbaycanın mədəniyyət ocağı, göz bəbəyidir. Şuşanın Azərbaycan tarixində çox böyük yeri və eləcə də rəmzi mənası var. Şuşa şəhəri 1992-ci il may ayının 8-də Ermənistan tərəfindən işğal edilmişdir, ancaq 2020-ci il 8 noyabr tarixində qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Öz torpaqlarının işğalı ilə barışmayan Azərbaycan xalqı, əlbətttə ki, bu işğala göz yuma bilməzdi. Eynilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “... Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun, işğalçılardan azad edəcəyik”. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Rəşadətli Azərbaycan Ordusu böyük hünər göstərərək, 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını azad etmişdir.
Şuşa tarixi Azərbaycan şəhəridir. 1752-ci ildə təməli Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Şuşa rayonunun mərkəzidir. Şuşa rayonunun ərazisi 0,29 min km2 təşkil edir.
Bununla yanaşı, 2021-ci il 29 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunmuşdur və baş planın hazırlanmasında Şuşa şəhərinin tarixi əzəmətinin qorunması əsas məqsəd olaraq müəyyənləşdirilmişdir. Qeyd olunan baş plan çərçivəsində görə bilərik ki, Şuşa müasirlik və tarixi əzəmətin vəhdəti üzərində qurulacaq. Onu da qeyd edək ki, elə məhz bu tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşada 1-ci məhəllənin də təməlini qoymuşdur.
Şuşanın iqtisadi potensialı barədə danışarkən isə onun təbii ehtiyatlarını xüsusilə qeyd etmək vacibdir. Belə ki, Şuşada üzlük daş yatağı, istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su ehtiyatları, gil yatağı, eləcə də mineral su ehtiyatları vardır.
Paytaxt Bakı ilə arasındakı məsafə 373 kilometr olan Şuşada mühüm iqtisadi sahələrdən biri də kurort təsərrüfatı olmuşdur.
Şuşanın baş planında yol infrastrukturunun qurulması ilə yanaşı, ali və orta təhsil müəssisələrinin qurulması, modern şəhər texnologiyalarının tətbiqi və bununla yanaşı, başqa mühüm məntəqələrdən olan xəstəxana və digər bu tipli obyektlərin tikintisi müfəssəl şəkildə göstərilmişdir.
Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasından təxminən 1 ilə qədər müddət keçir və bu müddət ərzində quruculuq işləri, eləcə də həyata keçirilən tədbirlər - Vaqif Poeziya Günləri və Şuşa Xarıbülbül festivalı buradakı yenidənqurma işlərinin möhtəşəmliyindən xəbər verir və hər bir azərbaycanlı kimi məni də qürurlandırır. Qısa müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunmasını elan edərkən qeyd etdiyi ifadələr və bu ifadələrin həyata keçirildiyini müşahidə etmək hər bir azərbaycanlının qürur və fəxr mənbəyidir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Məmmədzadə Aydın, UNEC-in Maliyyə və
mühasibat fakültəsinin 3-cü kurs, 604-cü qrup tələbəsi,
elmi rəhbər: i.f.d., dosent Flora Kaşıyeva