«E-audit» elektron sənədlər əsasında aparılan distant təhlildir
Məlum olduğu kimi, aprel ayının 14-də «e-audit» Tvinninq layihəsinin təqdimat mərasimi keçirilmişdir və bu tədbir barəsində qazetimizdə ətraflı məlumat verilmişdir. Mərasimdə bu layihənin əsas komponentləri və onların icra müddətləri barədə məlumat verilmişdir. Layihənin tətbiqi ilə əlaqədar Vergilər Nazirliyinin müvafiq əmri ilə nazirliyin 13 vəzifəli şəxsindən ibarət işçi qrup yaradılmışdır və bu əmr ilə hər komponent üzrə işçi qrunun üzvləri olan məsul şəxs və ekspertlər müəyyən edilmişdir. Qeyd edək ki, birinci komponent «e-audit» layihəsi üzrə qanunvericilik bazasının yaradılmasıdır və bu bazanın icra müddəti may ayının sonunda yekunlaşır. Bununla əlaqədar may ayının 17-20 tarixlərində Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində «e-audit» Tvinninq layihəsi üçün yaradılmış xüsusi ofisdə işçi qrupun bir sıra üzvləri və Niderland Krallığının Vergi və Gömrük Administrasiyasından Bakıya gəlmiş ekspertlər arasında işçi seminar keçirilmişdir. Bu seminarda Vergilər Nazirliyi tərəfindən «e-audit» Tvinninq layıhəsinin rəhbəri, vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri Asəf Əsədov, işçi qrupun üzvləri Vüsal Şıxəliyev, Vüsal Bayramov, Malik Əkbərov və Niderland Krallığının Vergi və Gömrük Administrasiyasından Just Kupers, Pol van Vezel, Bart Jonker iştirak etmişlər.
«E-audit» layihəsinin birinci komponentinin tətbiqi dövründə – cari ilin mart-aprel ayları ərzində Vergilər Nazirliyi tərəfindən «e-audit» sahəsi üzrə bir sıra Avropa ölkələrinin təcrübələri araşdırılmışdır. Bu ölkələr arasında «e-audit» sahəsi üzrə qabaqcıl yerdə olan Niderland Krallığı, Almaniya və Avstriyanın təcrübələrindən model kimi istifadə olunmuşdur. Elektron auditin tətbiqi ilə əlaqədər olaraq, adı çəkilən dövlətlərin müvafiq qanunvericilik aktlarında, eyni zamanda e-audit üçün mühasibat proqramlarının uyğunlaşdırılmasında mühüm işlər görülmüşdür.
Vergilər Nazirliyinin yaratdıgı işçi qrup tərəfindən ingilis dilində qeyd olunan dövlətlərin müvafiq qanunvericilik aktlarında e-auditlə bağlı maddələrin müqayisəli cədvəli hazırlanmış və seminar zamanı müxtəlif təcrübələrin tətbiqi ilə bağlı müzakirələr aparılmışdır. Vergilər Nazirliyi tərəfindən işçi qrupun və «e-audit» Tvinninq layihəsinin rəhbəri Asəf Əsədov bizimlə söhbətində Avropa ölkələrinin qanunvericilik bazalarının təhlilinin aparıldığını və bu təcrübələr arasından ən mütərəqqilərinin seçildiyini bildirmişdir: «Qeyd olunan təcrübələr əsas götürülməklə «e-audit» Tvinninq layihəsinin birinci komponentinə uyğun olaraq, elektron auditlə bağlı Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan təkliflər layihəsi hazırlanmışdır. Dövlətlərin təcrübələri araşdırılarkən müəyyən olunmuşdur ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində məlumatların əldə olunması ilə bağlı vergi orqanlarının qarşısına heç bir məhdudiyyət qoyulmur. Buna misal olaraq qeyd edə bilərik ki, Avropa İttifaqının 27 üzvünün 23-də artıq bank sirri aradan qaldırılmışdır. Yalnız Avstriya, Belçika, Lüksemburq və Maltada bank sirri qorunub saxlanılmaqdadır, lakin bu dövlətlər də vergi məqsədləri üçün məlumatın əldə edilməsi üzrə imkanların yaradılması ilə bağlı öz qanunvericiliklərini dəyişməyə çalışırlar. Xüsusilə qeyd etmək istərdim ki, əksər Avropa İttifaqı ölkələrinin, ABŞ-ın, Kanadanın, Avstraliyanın qanunvericiliyində vergi orqanlarının vergiləri düzgün hesablaması üçün bütün tələb olunan məlumatları istənilən formatda (kagız və elektron daşıyicılarda), o cümlədən yoxlanılan vergi ödəyicisi ilə əlaqələri olan 3-cü şəxslərdən də almaq hüquqları mövcuddur».
Vergilər nazirinin müşaviri A.Əsədovun fikrincə, elektron audit dedikdə, müəssisələrə getmədən onlardan elektron formatda əldə olunan mühasibat uçotu ilə bağlı məlumatlar, eyni zamanda digər təşkilatlardan (dövlət orqanları, banklar) və Vergilər Nazirliyinin məlumat bazasından əldə edilən informasiyalar əsasında aparılan distant təhlildir. Elektron auditin həyata keçirilməsi üçün zəruri olan sənədlər və məlumatlar vergi orqanlarına elektron formada vergi ödəyiciləri, banklar və 3-cü şəxslər tərəfindən təqdim olunmalıdır. Xarici ölkələrin təcrübələri göstərir ki, vergi orqanlarına vergilərin düzgün hesablanması üçün müxtətlif mənbələrdən məlumat almaq imkanı yaradılmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsində vergilərin düzgün hesablanması məqsədləri üçün nəzərdə tutulan məlumatların əldə edilməsi bank sirrindən daha prioritet hesab olunur.
Asəf Əsədov qeyd etmişdir ki, sənədlərin və məlumatların əldə olunması, bu məlumatların mənbələrinin araşdırılması üçün müəssisədə işlədilən mühasibat sisteminin başa düşülməsi ilə bağlı vergi ödəyicisi vergi orqanı ilə əməkdaşlıq etməlidir və bu vacib məqam e-audit ilə bağlı hazırlanan hüquqi bazada öz əksini tapmalıdır. Digər vacib məsələ odur ki: «Hazırlanan təkliflərdən biri də məlumatların vergi orqanlarına doğru-dürüst çatdırılması ilə bağlı vergi ödəyicisinin məsuliyyətini müəyyən edir. Belə ki, bu məlumatların verilməməsinə, natamam və ya təhrif edilmiş formada təqdim olunmasına görə də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur».
Toğrul ƏLİYEV
|