MƏQALƏLƏR

İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun qurulmasının iqtisadi aspektləri

  • 03.11.2021

Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandanın başçılığı altında 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmişdir. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları arasında üçlü bəyannamənin imzalanması ilə Vətən müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan və Naxçıvan arasında birbaşa quru yolları yaratmaqda mühüm rol oynayan Zəngəzur dəhlizi böyük iqtisadi əhəmiyyətə də malikdir. Belə ki, Bakıdan Horadizə qədər dəmir yolu fəaliyyət göstərir. Sözügedən yolun Füzuli, Cəbrayıl, Zəngilandan keçən xətti isə Ermənistanın işğalı zamanı dağıdılmışdır. Bununla yanaşı, Azərbaycan və Naxçıvanı birləşdirəcək və Zəngəzur bölgəsindən keçəcək Zəngəzur dəhlizi də fəaliyyətə başlayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”. Bununla da mühüm quruculuq və inkişafın təməli üçün Zəfər yolu və eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa quru yolu çəkməsi mümkün olacaq.
Bu layihənin əhəmiyyətini anlamaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində AzTV-yə müsahibəsində qeyd etdiyi fikirlərə diqqət etməyimiz kifayətdir: “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Əlavə etmək lazımdır ki, Azərbaycan yeganə ölkədir ki, eyni vaxtda minalanmış ərazidə minadan təmizləmə və quruculuq işləri yerinə yetirilir. Bununla yanaşı, Füzuli Beynəlxalq Aeroportunun açılışı həyata keçirildi. Aydındır ki, işğaldan azad olunan rayonlarda bu cür müasir infrastrukturun qurulması bölgəni həm xarici sərmayə və investisiyalar, həm də turizm üçün cəlbedici məkana çevirir.

 

Məmmədli Çingiz Firdovsi oğlu, UNEC-in Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs, 604-cü qrup tələbəsi, elmi rəhbər: i.f.d., dosent Flora Kaşıyeva