MƏQALƏLƏR

İşğaldan azad olunmuş bölgələrin tanınmış şəxsiyyətləri

  • 03.11.2021

Səməd bəy Mehmandarov (1855–1931)
Səməd bəy Mehmandarov Rusiya İmperator ordusunun artilleriya generalı, AXC-nin Hərbi naziri, sovet hərbi xadimi olmuşdur. O Lənkəranda anadan olmuş, əslən Şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ildə podporuçik rütbəsi almış, 3-сü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir. Diviziya komandiri Mehmandarov Lodz istiqamətində gedən döyüşlərdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir. 1917-ci ildə Rusiyanın bütün hərbi ordenləri, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilmişdir. General S.Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.


Rəşid Behbudov (1915–1989)
Behbudov Tiflisdə dünyaya gəlmiş, lakin əslən Şuşalıdır. Uşaq yaşlarında məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryol Texnikumuna daxil olmuşdur. Hərbi xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edirdi. 1943-cü ildə Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1946-cı ildə filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin” mükafatı ilə təltif olunur. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1959-cu ildə ona SSRİ xalq artisti, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. SSRİ-nin “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülmüşdür. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Allazov Fuad Şahid oğlu,
UNEC-in Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs, 604-сü qrup tələbəsi, elmi rəhbər:i.f.d., dosent Flora Kaşıyeva