MƏQALƏLƏR

Şuşanın tanınmış şəxsiyyəti Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında

  • 03.11.2021

8 noyabr 2020-ci il Azərbaycan igidlərinin yazdığı Zəfər Günü, Qarabağın bütövlükdə işğaldan azad olunduğu tarixdir. Bu tarixdə biz yalnız Azərbaycanın əzəli torpaqlarını bərpa etmədik, həmçinin biz o gün tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi, dini ibadətgahlar kimi dəyərlərimizi geri aldıq.
Təəssüf ki, biz abidələr və evlərimizlə erməni təcavüzünə uğramış vəziyyətdə qarşılaşdıq. Amma Prezidentimiz İlham Əliyevin və xalqımızın təşəbbüsü ilə yenidən bərpa işlərinə tez bir zamanda başlanmışdır və bu proses sürətlə davam edir.
Torpaqlarımızın işğalı zamanı Qarabağın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun xatirələrinin də çox hissəsi dağıdılmışdır.
Şuşa Azərbaycanın döyünən ürəyidir və əksər tanınmış şəxsiyyətlər yetişdirib. Şuşanın tarixi, mədəniyyəti, təhsili, musiqisi, memarlığı, coğrafi mövqeyi digər rayonlarımızdan çox fərqlənir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib. Mayın 7-də Şuşanı mədəniyyət paytaxtı elan edən prezidentin qərarında bildirilir ki, şəhərin Ermənistan ordusu tərəfindən işğalı onun tarixi-mədəni irsinin məhvi ilə nəticələnib. Əlbəttə, buna Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyi də daxildir.
Ü.Hacıbəyov 1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Əlbəttə ki, bu, ədəbiyyat tariximiz üçün böyük uğur idi. Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır.
Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir.
Xalqımız Üzeyir Hacıbəyovun xatirəsini əziz tutur. Güman edirəm ki, yaxın zamanda Üzeyir bəy Hacıbəyovun Şuşadakı ev muzeyi və onunla yanaşı, digər azad olunmuş rayonlarımızdakı tarixi abidələr, ibadətgahlar, mədəniyyət evlərinin bərpasına şahid olacağıq. Qarabağ tarixinə aid bütün eksponatları və tarixi canlandıracaq əl işlərini azad olunmuş yurdumuzda sərgiləyəcəyik.

Aytən Həmzəyeva,
UNEC-in Maliyyə və
mühasibat fakültəsinin
3-cü kurs, 606-cı qrup
tələbəsi, elmi rəhbər: i.f.d., dosent Flora Kaşıyeva