MƏQALƏLƏR

İşğaldan azad olunmuş bölgələrin mövcud olan tarixi və mədəniyyət abidələri

  • 03.11.2021

44 günlük Zəfər yolunun sonunda Müzəffər Azərbaycan Ordusu tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra Dağlıq Qarabağ və ətraf ərazilər işğaldan azad edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi obyektlərin və mədəniyyətin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssisələrinin monitorinqi aparılmışdır. Həyata keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyatında olan 312 tarix və mədəniyyət abidəsinin monitorinqi zamanı bu ərazilərdə dövlət qeydiyyatına alınmayan, tarixi, memarlıq və arxeoloji dəyərə malik 106 abidə müəyyən edilib. Monitorinq 30 illik işğal dövründə Ermənistan Respublikasının tarix və mədəniyyət abidələri ilə bağlı qanunsuz hərəkətlər etdiyi ərazilərin vəziyyətini müəyyən etməyə imkan verdi. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, mədrəsələrin, məbədlərin nəinki məhv edildiyi, bir çox hallarda başqa məqsədlər üçün istifadə edildiyi müəyyən edilmişdir. Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın Ağdam şəhərində yerləşən məqbərələri dağıdılmış, abidələrə işğalçı Ermənistan tərəfindən ciddi ziyan dəymişdir. İbrahimxəlil xanın məzarı da (XIX əsr) tamamilə dağıdılmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan daşınmaz mədəni irsə İslam dini abidələri, yəni məscidlər, məqbərələr və digər ziyarət yerləri misal ola bilər. Zəngin mədəni irsə belə münasibət dünya irsinə qarşı təhlükə yaradır.
Ermənistan rəhbərliyinin təşəbbüsü ilə Xocavənd rayonundakı Azıx mağarasında, eləcə də Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz qazıntılar xarici ölkələrdən mütəxəssislərin daxil olduğu saxta arxeoloji ekspedisiyalar tərəfindən təşkil edilib. Eyni zamanda, erməni tərəfi “bərpa işləri” adı altında başqa bir təxribata əl ataraq bu tarixi binanın guya fars olduğunu iddia edərək, Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidindəki abidənin tarixini saxtalaşdırmışdı. Erməni tərəfinin vandalizmi təkcə müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həm də xristian tarixi və dini abidələrinə münasibətdə özünü büruzə verib. Füzuli şəhərində Məhəmməd Füzulinin abidəsi, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsi, Ağdam şəhərində şairə Natəvanın qəbirüstü abidəsi dağıdılıb. Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Konvensiyasına, “Arxeoloji İrsin Mühafizəsi haqqında” Avropa Konvensiyasına ziddiyyət təşkil edir.
Qarşıda duran ən mühüm vəzifələr Dağlıq Qarabağ və ona bitişik rayonların abidələrinin tədqiqi, qədim və orta əsrlər tarixinin öyrənilməsi, elmi tədqiqatların nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
İşğaldan azad edilmiş ərazilərdə geniş, əhatəli arxeoloji tədqiqatların aparılması qarşıdakı illər üçün əsas vəzifədir.

Həsənli Gülnar, UNEC-in Beynəlxalq
magistratura və doktorantura mərkəzinin 2-ci kurs, 606-cı qrup tələbəsi, elmi rəhbər: i.f.d., dos. Flora Kaşıyeva