MƏQALƏLƏR

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və qoyulan investisiyalar

  • 03.11.2021

Azərbaycanın Rəşadətli Ordusu sayəsində 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımız azad edildi. 30 il müddətində vandal düşmən Qarabağda, demək olar ki, bütün yaşayış məntəqələrini, iqtisadi obyektləri, infrastrukturu dağıdaraq xarabalığa çevirib. Hazırda həmin ərazilər üzrə yeni yaşayış məntəqələri və iqtisadi əhəmiyyət daşıyan abadlıq quruculuq işlərinin aparılması üzrə müxtəlif planlar hazırlanmışdır.
Zəngilan rayonu Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsinin, demək olar ki, böyük hissəsi tamamlanıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrində əldə olunacaq. Regionda ilk “ağıllı kənd” layihəsi Azərbaycanda həyata keçirilir.
“Ağıllı kənd” layihəsinin texnoloji və innovativ üstünlüklərindən əlavə, bölgəyə startap layihələrini və fərqli ölkələrin investorlarını da cəlb edəcəcəyi gözlənilir.
İqtisadiyyat Nazirliyi yanında KOBİA Qarabağa həm yerli, həm də xarici investorları cəlb etmək üçün beynəlxalq sərgilərdə davamlı olaraq iştirak edir.
Post-konflikt dövründə bütün investorlar bu əraziləri detallı araşdırmalardan keçirirlər. Çünki Qarabağın iqtisadi potensialını bütün region ölkələri və investorlar çox yaxşı bilirlər. İşğaldan azad edilmiş ərazilərə İtaliya, Macarıstan, Tayvan, Yaponiya, İsveçrə, Almaniya, Türkiyə, İsrail və bir çox ölkələrin şirkətləri investisiya qoymaqda maraqlıdır.
İtaliyanın “Ansaldo Energia” şirkəti Qarabağ bölgəsindəki 4 yarımstansiya üçün avadanlıq tədarükü məqsədilə 6 milyon dollarlıq müqavilə imzalamışdı. Hər birinin gücü 110 kilovat olan yarımstansiyalar Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə yerləşəcək və 2021-ci ilin iyun ayının sonunda tikilib istifadəyə veriləcək.
Əminəm ki, hər bir Azərbaycan vətəndaşı Qarabağın dirçəlməsi və onun regionda bir nömrəli iqtisadi zonaya çevrilməsi üçün əlindən gələni edəcək və yaxın gələcəkdə biz buna nail olacağıq.

Cəbrayılov Maqsud Asif oğlu, UNEC-in Maliyyə və
mühasibat fakültəsinin 3-cü kurs, 604-cü qrup tələbəsi, elmi rəhbər: i.f.d., dosent
Flora Kaşıyeva