MƏQALƏLƏR

II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasını dəstəkləyən dövlətlər

  • 03.11.2021

Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Dağlıq Qarabağ böyük Qarabağın bir hissəsidir. Günümüzdəki problemin kökündə isə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına olan iddiası dayanır. 2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində tərəflər arasında irimiqyaslı hərbi əməliyyatlar yenidən alovlanmışdı. Münaqişə başlayan gündən dünyanın bir çox ölkələrində kütləvi informasiya vasitələri konfliktlə bağlı çoxlu sayda yazılar dərc etdi. Bəzi jurnalistlər reallığı əks etdirməyən informasiyalar versələr də, Türkiyə və bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri hadisələri olduğu kimi ictimaiyyətə təqdim etdi.
Bu mövzuda danışırıqsa, əlbəttə, öncə Türkiyə və Pakistanın II Qarabağ müharibəsi zamanı dəstəyindən bəhs etməliyik.
Münaqişənin başladığı ilk gündən Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın tərəfində olduğunu bildirmiş və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistanın Azərbaycana qarşı hücumlarını sərt şəkildə qınamışdı. Həmçinin, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məsələ ilə bağlı rəsmi “Twitter” səhifəsində Türkiyənin bu hücumlara qarşı Azərbaycanın yanında olduğunu bildirmişdi və bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında bu barədə vurğulamışdı.
Keçmişə nəzər salsaq, Azərbaycanın Pakistan üçün də qardaş ölkə olduğunu və bu günədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını və bu fikirlərin Pakistanın Xarici İşlər Nazirliyinin xüsusi katibi Seyid Abrar Hüseyn tərəfindən təsdiqləndiyini görərik. Pakistan münaqişənin gedişatı zamanı da Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi.
Münaqişə zamanı Azərbaycanın yanında olduğunu bildirən ölkələrdən biri də Əfqanıstan olmuşdur. Həmin zaman Əfqanıstanın XİN Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yaymış və münaqişədə Azərbaycan xalqının tərəfində olduğunu bir daha təsdiqləmişdir.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların bərpa olunmasından narahatlığını bildirmişdir.
İsrail dövlətində isə, Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş Xarici İşlər və Müdafiə naziri Aviqdor Liberman yerli “Vesti” nəşrinə açıqlama verərək, “hələ Sovet İttifaqı yaranandan əvvəl də Dağlıq Qarabağ əsasən Azərbaycanın tərkibində olub”, - demiş və beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırlatmışdı.
Son olaraq qeyd edim ki, haqq öz yerini tapdı və Qarabağın tarixin hər bir səhifəsində Azərbaycana məxsus olduğu təsdiqləndi.

Əlizadə Nəzrin Hikmət qızı,
İqtisadiyyat fakültəsi,
elmi rəhbər: Əlicanova Şəhla