MƏQALƏLƏR

Qarabağın iqtisadi öyrənilmə və təhlili aspektləri

  • 03.11.2021

Çox zəngin və ulu keçmişə malik Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan kimi bölgələrimizin hər daşında, hər qayasında xalqımızın şərəfli tarixi, onun minillərlə ölçülən salnaməsi yaşayır. Qarabağ Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşir. Relyefi tipik dağlıqdır, Qarabağ yaylasının şərq hissəsini əhatə edir və qərbdən şərqə doğru meyillənir. Qarabağ və eləcə də Qarabağ ətrafı bölgələrin bitki aləmi müxtəlifdir. Burada təxminən 2 min bitki növü bitir. Qarabağ meşələrlə də zəngindir. Bu, bölgə ərazisinin 36%-dən çoxunu, yaxud 160 min hektarını təşkil edir. Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatına əsasən, bu bölgədə ehtiyatları təsdiq olunmuş 167 növ faydalı qazıntı yataqları, yeraltı şirin və mineral su ehtiyatları aşkarlanıb.
Azərbaycanın işğaldan azad olun­muş regionlarından Laçında ku­rort-rekreasiya ehtiyatları və müxtəlif faydalı qazıntı yataqları, mineral sular və s. var. Kəlbəcərdə iri faydalı qazıntıları: qızıl, civə, xromit, mineral sular, müxtəlif tikinti materialları (perlit, obsidian, serpentin) və s. vardır. 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat nəticəsində Kəlbəcər rayonu ərazisində Söyüdlü-Zod qızıl yatağı aşkar edilmişdir. Ağdam rayonu ərazisində zəngin tikinti materialları, məşhur Şahbulaq daş karxanası, sement xammalı yayılmışdır. Füzuli şəhərindən 14 km şərqdən qərbə, Quruçayın sol sahilində yerləşən Azıx mağarası dünyada üçüncü qədim insan məskəni hesab olunur. Cəbrayıl rayonunda bir sıra faydalı qazıntı yataqları: mərmər, müxtəlif tikinti materialları tapılıb. Zəngilan faydalı qazıntılardan qızıl, tikinti daşları, əhəng xammalı və s. ilə zəngindir. Bu faydalı yataqlar illərdir ki, ermənilər tərəfindən istismar edilmişdir.
İllərdir düşmən hücumuna məruz qalmış, Azərbaycan xalqının yaralı yeri olan Qarabağ və 7 rayonumuz şücaətli ordumuz sayəsində düşməndən azad olunmuş, Azərbaycana qaytarılmışdır. Artıq illərdir erməni vandalizminə məruz qalmış ərazilərimizdə yenidənqurma və abadılıq işləri aparılmaqdadır.

Həsənov Nizami, UNEC-in Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs, 604-cü qrup tələbəsi,

elmi rəhbər: i.f.d., dosent
Flora Kaşıyeva