MƏQALƏLƏR

İşğaldan azad edilmiş ərazilərimiz - dünən, bugün və sabah

  • 03.11.2021

Vətənimizin ayrılmaz parçası olan Qarabağ əlverişli coğrafi mövqeyi, flora və faunası, yerləşdiyi ərazidən Avropa və Asiyaya çıxış imkanları, təbii potensial ehtiyatlarının zəngin olmasına görə bədnam düşmənimiz Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan xalqı hər zaman əmin idi ki, ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində işğal olunmuş torpaqlarımız azad ediləcək, ölkəmizdə və regionda haqq-ədalət bərqərar olacaq. Çünki xalqımız öz rəhbərinə, liderinə güvənirdi. Belə də oldu. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu 28 il işğal altında olan əbədi-əzəli torpaqlarımızı 44 gün ərzində mənfur düşməndən tam şəkildə azad etdi.
Ermənistanın bu ərazilərə olan təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün hələ vaxtilə ölkə rəhbərinin göstərişi ilə yaradılmış işçi qrupu 2014-cü ildən başlayaraq, bu işlə ciddi məşğul olmuş, konkret nəticələr əldə etmişdir. Müəyyən edilmişdir ki, işğal olunmuş ərazilərdə 1988-1994-cü illərdə 2,4 min sənaye, aqrar sahə obyektləri və digər müəssisələr tamamilə məhv edilmişdir. 5,2 min km avtomobil yolu, 350-ə yaxın körpü, 286 km dəmir yolu xətti, 116 dəmir yolu körpüsü, 224 su anbarı, 7,6 min km su xətti, 2 min km qaz kəməri xətti, 76,9 min km elektrik xətti, 2,5 min ədəd transformator və s. infrastruktur obyektləri dağıdılmış və talan edilmişdir. Bununla yanaşı, kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi potensiala ciddi ziyan vurulmuş, təqribən 1 milyon hektar suvarılan torpaq, 34,6 min hektar üzüm və meyvə bağları işğalçılar tərəfindən ələ keçirilmiş, böyük həcmdə əkin sahələri üçün yararlı torpaqlar suvarılmayaraq, faktiki olaraq iqtisadi dövriyyədən çıxarılmış, 220 min baş mal-qara işğalçıların əlinə keçmişdir. İşçi qrupu tərəfindən 2017-ci il üçün verilmiş məlumata görə, hərbi təcavüz və işğal nəticəsində ölkəmizə dəymiş itki və ziyanların ümumi dəyəri 820 milyard dollar dəyərində qiymətləndirilmişdir.
İşğaldan əvvəlki dövrlərdə bu ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm rola malik olmuşdur. Burada yeyinti, yüngül, tikinti materialları kimi sənaye sahələri daha güclü inkişaf etmişdir. İşğaladək bu bölgələrin sənaye sahələri arasında daha güclü inkişaf etmiş sahələr yerli əhalinin ərzaqla təmin edilməsində mühüm əhəmiyyət daşıyırdı. Həmin ərazilərdə Qarabağın və Ağdamın mərmər, mişar daşı zavodları, İstisu və Turşsu mineral suyunun qablaşdırılması müəssisələri, şərab zavodları, Qarabağ İpək Kombinatı, toxuculuq və ayaqqabı fabrikləri və digər müəssisələr fəaliyyət göstərmişdi.
Bu bölgələrdə hazırda işğal nəticəsində dağıdılmış 311 kənd təsərrüfatı müəssisəsi, həmçinin məşhur Qarabağ cinsi cıdır atları yetişdirilən Ağdam atçılıq sovxozu, 319 kolxoz və 92 sovxoz fəaliyyət göstərirdi. Ümumilikdə isə işğaldan əvvəl bu ərazilərdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının təqribən 35-40%-i, o cümlədən ətin 14%-i, baramanın 17%-i, taxılın 14%-dən, üzümün 31%-dən, südün 17%-dən, yunun 19%-dən çoxu istehsal edilirdi.
İşğaldan azad edilən ərazilərimizin mümkün potensial imkanlarının iqtisadi dövriyyəyə cəlb edilməsi gələcəkdə Qarabağ regionunun və ölkəmizin inkişafına zəmin yaradacaqdır.
Əslən Zəngilan rayonundan olan bir gənc kimi heç zaman görmədiyim doğma torpaqlarımıza ən qısa müddətdə qayıdacağım üçün çox xoşbəxtəm. Hələ bu regionun yenidən dirçəldilməsində, mümkün potensiallarının iqtisadi dövriyyəyə cəlb edilməsində iştirak edə biləcəyimi bilmək mənim üçün çox qürurvericidir.

Vəliyev Orxan Fərmayıl oğlu,
UNEC-in Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs,
604-cü qrup tələbəsi, “UNEC könüllüləri” təşkilatının sədri, elmi rəhbər: i.f.d., dosent Flora Kaşıyeva