MƏQALƏLƏR

Qələbə - sözün özü sözəgəlməz duyğular yaşadır

  • 03.11.2021

Qalib olmaqdan gözəl nə var?!
Adicə dərs prosesində təkrar və ya mövzuyla bağlı sorğu keçirirsən, “kim birinci olacaq” deyə. Qalibin üzündəki ifadə yaşamaq gücü verir, sabaha aparır, inam yaradır.
Qalib olmaq ağrılardan, ağırlıqdan qurtulmaqdır. Qalib olmaq zəncirləri qırıb atmaqdır.
Qələbə namərdlik edən, vəhşiliyi ağla sığmayan, illər, əsrlər boyu torpağına göz dikən düşməndən torpaqlarını almaqdır. Belə düşmənin varsa, qələbə asan olmayacaq, qurbanlar verəcəksən. Canından keçməyə hazır olacaqsan. Vətən savaşının igidləri kimi:
Ərənlərim...
Sizdən sonra yağış yağır...
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da...
Ana, ata, bala,
sevgili səsi var yağışda.
Sizdən sonra danışır yağış.
Sizdən sonra çoxalıb yağış.
Arzulara hopub qarışır torpağa
Azadlıq ətri gəlir torpaqdan...
Azadlıq ətri nə gözəldir. İşğalda olan torpaqların azadlığı ruhun azadlığıdır elə bil. Var olmanın azadlığıdır.
Müharibələri insanların insanlığa xəyanəti hesab edirəm əslində. Kaş ki, insanlıq, sülh qalib olaydı. Amma qonşun xaindirsə, torpağına göz dikirsə, silahı yerə qoymayacaqsan. Ləyaqətini ləyaqətsizdən qoruyacaqsan. Qonşun xaindirsə, unutmayacaqsan xəyanətlərini. Unutmayacaqsan! Namərdlə qonşusansa, ayıq-sayıq olacaqsan!
Əslində yaşadıqlarımız bizə unutqanlığımızın cəzasıdır.
Erməni xəyanəti, vəhşiliyi əsrlərin yaddaşıdır artıq. Tariximizdir. Öyrəndikcə onlara deyil, özümüzə heyrət edirəm. Necə bu qədər unutqan ola bilmişik? Bu qədər bağışlamışıq? Güzəştə getmişik.
Hər şeyi unutmaq, həmişə bağışlamaq olmur. Bağışlamağın sonucu həmişə böyüklük deyil.
İllərdir dövlətimizin rəhbəri Ali Baş Komandan sülh yolu ilə, danışıqlarla, bütün insani qanunlarla Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasına çalışırdı. İllərdi atəşkəsi qorumağa çalışırdı dövlətimiz.
Müharibənin fəlakət olduğunu bilirik. Amma fəlakət qonşundursa, bir gün səbrin daşar və yumruğun qalxar, dəmirə dönər, düşmənin başına enər. Nə yaxşı ki!
Bu, güclü olmanın göstəricisi deyil. Bu, haqqını qorumaqdır.
Bu, həm də güclü olduğunun göstəricisidir.
Nə olursa olsun, dövlətini qorumalısan, torpağını qorumalısan.
Adın gələndə nəfəsim dayanır Vətən. Sənin uğruna yaşamaqdan gözəl nə var?! Səni azad görməkdən ötə nə olar?!
Torpaqlarını xainlərin xəyanətindən azad etməkdən uca hansı qəhrəmanlıq var?! Bunu yaşamaqdan üstün hansı duyğu var?!
Sənin uğruna Qalib olmaq müqəddəslikdir!
Qələbə günü müqəddəsdir.
Qələbən mübarək əziz xalqım!
Müqəddəs günün mübarək!

Kəmalə ABİYEVA