MƏQALƏLƏR

Vergi orqanlarına işə qəbulla bağlı imtahan keçirilmişdir

  • 27.05.2011

Vergi orqanlarına işə qəbulla bağlı imtahan keçirilmişdir

 May ayının 22-də «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanına və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim edilmişdir. Bunlardan 80-i qanunvericilik, o cümlədən vergi qanunvericiliyinə, qalan 20 sual isə məntiqə aid olmuşdur. Vergi orqanlarında bütün sənədləşmələrin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron formada həyata keçirildiyi nəzərə alınaraq, 2009-cu ildən etibarən məntiq üzrə sualların yarısı, yəni 20 sualdan 10-u informatika (kompüter bilikləri) sualları ilə əvəz edilmişdir. Qaydalara uyğun olaraq, test imtahanlarında mümkün 100 baldan 70-ni və daha artığını toplayan namizədlər ikinci tura buraxılır.

Müsabiqə komissiyasının verdiyi məlumata əsasən, imtahanda iştirak etmək üçün 1783 nəfər elektron ərizə ilə müraciət etmiş, onlardan 1618-nin sənədləri qəbul olunmuş, 1274 nəfər imtahanda iştirak etmişdir. Test imtahanı Bakı Dövlət Universitetinin auditoriyalarında təşkil edilmişdir. İmtahanın nəticələri haqqında məlumat elə həmin gün www.tqdk.gov.az saytında yerləşdirilmişdir. Test imtahanında 82 namizəd 80 baldan yuxarı nəticə göstərmiş, ən yüksək nəticə isə 94 bal olmuşdır.

Xatırladaq ki, işə qəbul prosesinin növbəti mərhələsi test imtahanında uğur qazanmış namizədlərin müsabiqə komissiyası tərəfindən müsahibədən keçirilməsidir. Test imtahanında 70-dən çox bal toplamış 290 nəfər müsabiqənin növbəti mərhələsində - Vergilər Nazirliyinin aparatında iyun ayında keçiriləcək müsahibədə öz qüvvələrini sınamaq imkanı qazanmışlar. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edirlər.

Qeyd edək ki, test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlərlə ikinci mərhələdə şifahi formada müsahibə aparılacaq. Müsahibə namizədlərin ünsiyyət qurmaq, fikirlərini aydın və yığcam izah etmək, ekstremal şəraitlərlə bağlı suallara cavab vermək, özü haqqında ətrafdakılarda müəyyən rəy formalaşdırmaq, eyni zamanda vergi sistemində işləmək niyyətini əsaslandırmaq, dünyagörüşünü ortaya qoymaq və indiyədək qazandığı iş təcrübəsi barədə məlumat vermək kimi keyfiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. «Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydları»nda qeyd olunduğu kimi, müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 balların biri ilə qiymətləndirilir. Sonra verilmiş qiymətlər toplanır və alınmış cəm müsahibədə iştirak etmiş komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılır. Müsahibənin nəticəsi üzrə orta bal «3» və daha yüksək olduqda, həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab edilir. İşəgötürmə prosesində uğur qazanmış namizədlər həm test imtahanında, həm də müsahibədə topladıqları ümumi bal, işləmək istədikləri vergi orqanı, ixtisası, qeydiyyatda olduqları ünvan nəzərə alınmaqla  Vergilər Nazirliyinin müvafiq struktur bölmələrində işlə təmin olunacaqlar. Müsabiqəni uğurla başa vuran, lakin işlə təmin olunmayan namizədlər isə iki il müddətinə nazirliyin kadr ehtiyatına daxil edilirlər. Həmin müddətdə namizədlərə vergi orqanlarında uyğun vakant vəzifələr təklif olunur. Müəyyən edilmiş müddətdə - iki il ərzində nazirlik tərəfindən təklif olunan vakant vəzifələrdən imtina edən namizədlər həmin müddət başa çatdıqdan sonra Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılırlar.

Hər bir müraciət edən namizəd özü barədə verdiyi məlumatların doğruluğuna cavabdehdir. Namizəd bilərəkdən təhrif olunmuş məlumatlar verdikdə müsabiqəyə buraxılması barədə ərizəsi səbəb göstərilməklə rədd olunur.Təhrif olunmuş məlumatlar müsahibə mərhələsindən sonra işlə təmin olunacaq namizədlərin sənədlərinin toplanması zamanı aşkar olunarsa, həmin namizəd kadr ehtiyatları sırasına və vergi orqanlarına xidmətə qəbul edilmir.

İmtahan bitdikdən sonra iddiaçılardan bir neçəsinə yaxınlaşıb fikirlərini bizimlə bölüşməyi xahiş etdik. İmtahanda iştirak edən Cəlal Babayev müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. O, imtahanın 2-ci mərhələsini də uğurla keçəcəyinə ümid etdiyini vurğuladı və belə yüksək səviyyəli müsabiqənin təşkilində əməyi olan hər bir şəxsə minnətdarlığını bildirdi. Digər iştirakçı Əli Məmmədov da vergi orqanlarına işə qəbulla bağlı imtahanın yüksək səviyyədə təşkil olunduğunu bildirdi. Ə.Məmmədov imtahan suallarının qanunvericiliklə bağlı tam bilikləri əhatə etdiyini qeyd etdi. O, müsabiqənin 2-ci mərhələsində iştirak edəcək namizədlərə uğurlar arzuladı.

Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcək.

 

Rüfət MƏRDANOV