MƏQALƏLƏR

Kriptovalyutaların maliyyə bazarlarında yeri varmı?

  • 03.11.2021

Bu sual bir çox maliyyəçilər tərəfindən düşünülmüşdür və tam dəqiq nəticəyə gəlmək mümkün olmamışdır. Çünki bu haqda olan fikirlər çoxşaxəlidir. Biz bu suala cavab vermək üçün gərək öncə qısa da olsa, kriptovalyutanın nə olduğunu, nə zaman yarandığını, necə inkşaf etdiyini və hansı özəlliklərə sahib olduğunu açıqlayaq.
Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Daha aydın şəkildə desək e-puldur (elektron puldur). Bu vəsaiti real aktiv kimi qiymətləndirmək mümkün deyil, çünki biz bu valyutanı yalnız virtual olaraq kriptobirjalar (crypto exchange) vasitəsilə görə bilirik. İlk dəfə e-pul terminini 1983-cü ildə amerikalı kriptoqraf Devid Chaum fikirləşdi, daha sonra isə 1995-ci ildə Digicash ilə bunu reallaşdırdı. Bunun ardınca isə 1998-ci ildə Vay Day "b-money"in təsvirini nəşr etdi. "b-money" anonim kimi xarakterizə edildi və təsvirdə elektron pul sistemini necə bölüşdürdüyü göstərildi. Həmin il Nick Szabo “Bit-Gold”u təqdim etdi. 2009-cu ildə Satoshi Nakomoto (internetdə istifadə etdiyi təxəllüsü, həqiqi şəxsiyyəti məlum deyil) ilk yarı anonim (kimin ödədiyi məlum deyil, lakin hər kəs hansı hesabdan hansı hesaba ödənildiyini görə bilər) SHA256-dan istifadə edərək, mərkəzləşdirilməmiş kriptovalyuta - "Bitcoin" yaratdı. O zamandan indiyədək də minlərlə yeni koinlər eyni texnologiyadan, və yaxud oxşar texnologiyalardan istifadəyə verildi və bu koinlərin hər biri altcoin adlandırıldı. Dünyanın ən böyük “Market Cap”lərindən biri olan “CoinMarketCap”in məlumatına əsasən, Bitcoin, Ethereum, Ripple, Bitcoin Cash başda olmaqla dövriyyədə olan 5500-dən çox koin mövcuddur.
Hər hansısa kriptovalyutanın əsas özəllikləri bunlardır:
1) Mərkəzləşmiş olmaması – sistem mərkəzi iqtidarı tələb etmir. Burada mövcud olan maliyyə axınına heç kim nəzarət etmir, itirilən və yaxud qazanılan vəsaitə heç kim cavabdehlik daşımır;
2) Emal və sahib qeydləri – sistem kriptovalyuta vahidlərini və onların mülkiyyətinin icmalını saxlayır. Bu məlumatların hər biri ledgerdə (mühasibat kitablarında) saxlanılır və tamamilə güvənlidir. Çünki bu ledgerlərə kənardan müdaxilə, demək olar ki, mümkünsüzdür;
3) Yeni kripto yaratma qaydaları – yəni, yeni yaradılan kriptonun mənşəyi və mülkiyyətin necə təyin olunacağını aydınlaşdırır;
4) Sahiblik yalnız kriptoqrafik üsullarla sahibi tərəfindən sübut edilə bilər – yəni, bu sistemdə kimin nəyə sahib olduğunu yalnız koin sahibləri özləri bilir. Bütün istifadəçi məlumatları məxfidir;
5) Pul yalnız sahibinin əmri ilə dəyişdirə bilər – bu, o deməkdir ki, bizə məxsus olan koinlərin satışı, başqasına göndərilməsi yalnız özümüzdən asılıdır, təsdiqimiz olmasa, bu əməliyyat icra edilə bilinməz;
6) Eyni kriptovalyuta üçün eyni vaxtda bir neçə əməliyyat aparılarsa, yalnız birinin yerinə yetirilməsi – biz əgər bir neçə istiqamətdə əmrlər açmışıqsa, bunlardan yalnız biri və sonuncusu icra ediləcək deməkdir.
İndi isə istərdim ki, bu valyuta növünün harada və necə fəaliyyət göstərdiyi ilə bağlı məlumat verim. Bu valyuta növünün ən geniş istifadə olunduğu ölkələrə misal olaraq Çin, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, Hindistanı göstərmək olar. Bu ölkələrin hər birinin yerli kriptobirjaları mövcuddur və güclü maliyyə dövriyyəsinə sahibdir, hansı ki, bu birjalarda kriptoların alğı-satqı, yığım prosesi həyata keçirilir. Dünya üzərində bu sahə üzrə fəaliyyət göstərən yüzlərlə birjalar vardır, lakin bunlardan ən böyükləri və istifadəçilərinin inamını qazanmış olanları bunlardır:
1) Binance - müxtəlif kriptovalyutaların ticarəti üçün platforma təmin edən kriptovalyuta birjasıdır. 2018-ci ilin yanvar ayından etibarən “Binance” ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır. “Binance” əvvəllər yüksək tezlikli ticarət proqramını inkişaf etdirmiş inkişafetdirici Changpeng Zhao tərəfindən təsis edilmişdir. “Binance” əslində Çində yerləşirdi, lakin sonradan kriptovalyuta tənzimləmələri səbəbindən Çini tərk etdi. Hal hazırda mərkəz Maltada yerləşir. Təxmini günlük dövriyyəsi - $28,187,419,979-dur;
2) Coinbase - kriptovalyuta mübadiləsi platformasını idarə edən Amerika şirkətidir. “Coinbase” əvvəlcə uzaqdan işləyirdi və rəsmi fiziki qərargahı yox idi. Şirkət 2012-ci ildə Brian Armstronq və Fred Ehrsam tərəfindən təsis edilib və 2021-ci ilin mart ayından etibarən ticarət həcminə görə ABŞ-ın ən böyük kriptovalyuta birjası olub;
3) OKEx - müxtəlif kriptovalyutaların ticarətinə imkan verən Seyşel adalarında yerləşən kriptovalyuta birjasıdır. Birjanın əsas xüsusiyyətlərindən bəzilərinə spot və törəmə ticarət daxildir. 2017-ci ildə yaradılmışdır.
Bəs, kriptovalyutaların maliyyə bazarlarında yeri, mövqeyi varmı?
Kriptovalyutalar dünya maliyyəsində özünəməxsus yerə sahibdirlər. Hesab edirəm ki, dünyanın böyük ölkələrində, şirkətlərində bu valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi onun virtuallıqdan reallığa doğru böyük addımıdır. Bəzi ölkələr müəyyən araşdırmalar və tənzimləmələrdən sonra kriptovalyutalar və yeni texnologiyaların tətbiqinə açıq olduqlarını bəyan etdilər. Buna misal olaraq, Yaponiyanı göstərmək olar. Hal-hazırda Yaponiyada bitkoin ödəniş vasitəsi kimi yerli valyuta ilə bərabər səviyyədə tutulur. Əlavə olaraq Coca-Cola, Wikipedia, Microsoft, Starbucks, PayPal və Soriano Motori kimi şirkətləri də kripto ödənişlər qəbul edən şirkətlərə misal göstərmək olar. İqtisadiyyatların rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaları qadağan etmək sanki interneti qadağan etməyə bənzəyir. Lakin buna baxmayaraq, bəzi dövlətlər hələ də rəqəmsal aktivləri öz maliyyə sistemləri üçün təhlükə mənbəyi olaraq qəbul edir və hesab edirlər ki, kriptovalyutalar yalnız çirkli pulların yuyulması və ya digər qanunsuz maliyyə əməliyyatlarında istifadə olunur. Bu səbəbdən kriptovalyutaları ölkə daxilində qadağan edirlər. Kriptovalyutanı qadağan etmiş ölkələr bunlardır: 2014-cü ildə Boliviya, 2015-ci ildə Ekvador, 2016-cı ildə Kolumbiya, Mərakeş, Banqladeş, 2017-ci ildə Nepal, 2018-ci ildə Vyetnam, 2021-ci ildə Çin. Baxmayaraq ki, Çində bu sahə çox sürətlə inkşaf edirdi, lakin dövlət buna qarşı çıxdı və kriptovalyutadan istifadə edənləri cəza gözləyəcəyini bildirdi. Çin Mərkəzi Bankının onlayn açıqlamasında yazılırdı: “Rəqəmsal pullarla həyata keçirilən kommersiya fəaliyyəti qeyri-qanuni fəaliyyətdir.” Çin Xalq Bankı qeyd edib ki, son illərdə bitkoin və digər virtual valyutaların geniş şəkildə mübadiləsi nəticəsində "iqtisadi və maliyyə nizamı pozulub, çirkli pulların yuyulması, qeyri-qanuni pul yığımı, saxta pullar, piramida layihələri və digər qeyri-qanuni, cinayət fəaliyyətləri artıb".
O vurğulayıb ki, bütün bunlar “insanların aktivlərinin təhlükəsizliyini ciddi şəkildə təhlükə altına qoyur”.
Azərbaycana gəldikdə isə bununla bağlı dövlət qanunvericiliyində hələ ki heç bir qərar yoxdur. Lakin Azərbaycanda bu fəaliyyətlə məşğul olmaq mümkündür. Azərbaycanda olan banklar kriptobirjaların alınması və satılmasına heç bir qadağa qoymayıb və bu işlə məşğul olmaq istəyən hər bir şəxs rahatlıqla bank kartı vasitəsiylə müəyyən faiz dərəcələri tutulmaqla həmin birjalara pul qoya bilər və yaxud birjada olan pul vəsaitini nağdlaşdıra bilər.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, kriptovalyuta artıq müasir dövrümüzdə və maliyyə bazarlarında öz yerini tutub və getdikcə daha sürətlə inkşaf edir.
Mənim fikrimcə, bu vəsaitlərin istifadəsi qanunla tənzimlənərsə, bu işlə məşğul olmaq istəyənlərin çox ziyana getməməsi, yeniliklərdən xəbardar olması və bu barədə daha çox məlumatlandırılması üçün mərkəzlər yaradılıb, təlimlər keçirilib, bu yöndə işləmək istəyənlərə dayaq durularsa, insanların yaşayış səviyyəsi yüksələr, maddi rifahı daha da yaxşılaşa bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin
Maliyyə-mühasibat fakültəsinin
II kurs tələbəsi Salmanzadə Adışirin