MƏQALƏLƏR

Əbədiyyət yolçuları

  • 03.11.2021

Azərbaycanın öz ərazi bütölüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsi xalqımızın düşmən üzərində parlaq qələbəsi ilə başa çatdı. Müzəffər Ordumuz Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər çaldı. 30 ildən bəri düşmən tapdağında olan torpaqlarımız geri alındı. Azərbaycanın haqq səsi bütün dünyaya yayıldı. İgid övladlarımız müharibədə böyük şücaət göstərdilər, qəhrəmancasına düş­mənlə üz-üzə dayandılar. Qazi kimi vətənə dönənlərin, şəhidlik kimi ali zirvəyə ucalanların hər birinə borcluyuq. Qazilərimizə ulu Tanrıdan can sağlığı, şəhidlərimizə rəhmət diləyirik. Ölkəmizin müxtəlif bölgələrindən olan, əlinə silah götürüb cəbhəyə yollanan igid əsgərlərimiz haqqında mətbuatdan, eləcə də digər kütləvi informasiya vasitələrindən aldığımız hər bir məlumat içimizi fərəh, qürur hissi ilə doldurur. Qəlbi vətən sevgisi ilə döyünən, düşməni var qüvvəsi ilə məhv etmək amalı ilə vuruşan igid övladlarımızı tanımaq, tanıtmaq hər birimizin müqəddəs borcudur. Biz onlara firavan həyatımız, başımız üstündə aydın səma, üstündə azad gəzə biləcəyimiz torpaqlarımız üçün borcluyuq.
Bu günlərdə işıq üzü görmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqlar gös­tərən və bu yolda həlak olan, şəhidlik zirvəsinə ucalan Lerik rayonunun qəhrəman övladlarına həsr olunmuş Xalid Mahmudun “Əbədiyyət yolçuları” kitabı xüsusilə diqqətəlayiqdir. Kitabda müəllif həm birinci Qarabağ savaşının, həm də 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Lerikin qəhrəman övladlarının hər birinin keçdiyi qısa, lakin çox şərəfli ömür yolundan bəhs edir, onların göstərdiyi misilsiz şücaəti oxucuya təqdim edir. Kitabı vərəqlədikcə sanki hər bir şəhidin şəkli dil açıb döyüş yolundan danışır, cəbhədə qazandığı uğurları, gələcək arzularını bölüşür, düşmənə nifrəti ilə, vətən uğrunda canından keçməsi ilə qürur duyur. Biz onları böyük qürur və fəxarət hissi ilə anırıq. İndi əbədiyyət yolçularının ruhu şaddır, arzuları gerçəkdir. İndi ölməzliyə qovuşmuş bu igidlər uğrunda qurban getdikləri torpaqda rahat uyuyurlar.


 

Qeyd etməliyik ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitab respublikamızın ictimai- siyasi həyatında xüsusi fəallığı ilə seçilmiş dəyərli ziyalımız, Lerik veteranlar şurasının sədri Hidayət Bəşirovun tövsiyəsi və “Mətanət A” şirkətinin rəhbərliyinin sponsorluğu ilə nəşr olunmuşdur.
Kitabda ön sözü yer alan Lerikin dəyərli ziyalısı Hidayət Bəşirovun dediklərindən: “Dağlar diyarı, uzunömürlülər məskəni Lerik rayonunun igid oğulları da döyüşlərin ilk günündən silaha sarılaraq, erməni işğalçılarına qan uddurdular. Gərgin döyüşlərdə misilsiz şücaət, rəşadət, hünər göstərərək, şəhidlik zirvəsinə ucalan igidlərimizlə qürur duyur, fəxr edirik. Onların valideynlərinə belə vətənpərvər, mərd oğullar boya-başa çatdırdıqlarına görə minnətdarlığımızı bildiririk”.
Zəfərin mübarək, Azərbaycan!