MƏQALƏLƏR

394

Zəfərə aparan yollar

  • 11.11.2021

Prezident İlham Əliyevin hərtərəfli inkişafa, balanslaşdırılmış xarici siyasətə əsaslanan strategiyasının gerçəkləşməsi nəticəsində son 18 ildə Azərbaycan iqtisadi müstəqilliyini tam təmin etmiş, maliyyə imkanlarını bir neçə dəfə artırmışdır. Əslində, bizi Zəfərə aparan yol bu illər ərzində əldə olunan iqtisadi inkişafdan güc almışdır. Bu zaman kəsiyində makroiqtisadi sabitliyə nail olan Azərbaycan Respublikası innovativ əsaslara söykənən iqtisadi quruculuq proseslərindən keçərək, qarşıya qoyulan bütün strateji hədəflərə çata bilmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, ölkədə bu dövr ərzində ÜDM-də 3,2 dəfəlik artım müşahidə edilmişdir.
Son 18 ildə ölkəmizə xarici və daxili mənbələrdən 274 milyard ABŞ dolları həcmində investisiya yönəldilmişdir. Həyata keçirilən iqtisadi modelin uğurla reallaşması nəticəsində respublikamızın valyuta ehtiyatları artan xətt üzrə inkişaf edərək, 53 mlrd. dolları üstələmişdir. Bu göstərici MDB məkanında birinci sırada olmaq deməkdir. Prezident İlham Əliyev iqtisadi yüksəlişimizdən danışarkən demişdir: “Əgər bizim iqtisadiyyatımız kənar dövlətlərdən asılı olsaydı, biz uğurlu kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən prezident kimi ilk illərdən iqtisadi müstəqilliyimizə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir!"
İqtisadi müstəqilliyin və milli inkişafın təmin olunması ilə yanaşı, ordu quruculuğu strategiyasının uğurla icra olunması, müasir standartlar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, maddi-texniki təchizatının genişləndirilməsi bizi hər an qələbəyə yaxınlaşdırdı. O gün gəldi. Şanlı Azərbaycan Ordusunun müzəffər qələbəsi ilə bütünlükdə Cənubi Qafqaz regionu post-müharibə mərhələsinə daxil oldu. Böyük Qayıdışın ən yüksək səviyyədə və qısa müddətdə gerçəkləşməsi üçün ardıcıl və məqsədyönlü işlərə başlanıldı. Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi, digər irimiqyaslı infrastruktur tədbirlərinə başlanıldı. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Qısa zaman kəsiyində bu qədər işlərin görülməsi doğma yurd yerlərinə olan sevginin təcəssümüdür. Bütün dünya ictimaiyyəti də bilməlidir ki, bu torpaqların əsl sahibiləri kimlərdir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası iqtisadi potensialdan səmərəli istifadə olunması prosesinə böyük təkan verəcəkdir. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması tarixi-mənəvi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin iqtisadi rayonların dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində işlənib hazırlanan strateji xətt yaxın illərdə öz bəhrəsini verəcəkdir. Bu gün Azərbaycan iqtisadi sistemini rəqəmsal texnologiyalar əsasında quran ölkəyə çevrilməkdədir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində prioritetlərdən biri yaradıcı və innovativ cəmiyyət quruculuğudur. Bu, zamanın çağırışıdır. İnkişaf etmiş ölkələr rəqəmsal xidmətlər və elektron hökumət hesabına iqtisadi səmərələliliyin və şəffaflığın artırılmasına nail olmuşlar. Odur ki, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyalarla idarə olunması ölkəmizin qarşısında duran ən önəmli vəzifələrdən biridir.
Azərbaycanda rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində bir çox işlər görülmüş və bu sahədə ölkəmiz regional mərkəzə çevrilmişdir. Görülən tədbirlər idarəetmə və nəzarət mexanizminin təkmilləşdirilməsi sahəsində, biznes fəaliyyətində, dövlət və ictimai funksiyalar daşıyan fəaliyyətlərin yerinə yetirilməsində yeni keyfiyyət dəyişiklikləri yaratmışdır.
Əgər Azərbaycan iqtisadiyyatı güclü olmasaydı, şübhəsiz ki, yeni innovativ alıb gətirmək mümkün olmayacaqdı. Dünyanın aparıcı ölkələrinin, demək olar ki, hamısında ümumi daxili məhsulun 2,3 faizi elmi tədqiqatlara sərf olunur. Açığını demək lazımdır ki, Azərbaycanda bu faiz çox aşağıdır. Qarşıda duran ən ümdə vəzifələrdən biri də elmi tədqiqat işlərinə ayrılan vəsaitin həcminin bir neçə dəfə artırılmasıdır. Bizim ölkəmizdə bu işə ilk olaraq, əhaliyə effektiv xidmətlərin göstərilməsindən başlanılıb. “ASAN xidmət" bu məqsədlə yaradılıb. Sonrakı mərhələdə bu xidmətlərin virtual formada göstərilməsi nəzərdə tutulur. Bundan başqa, dövlət qurumları arasında olan münasibət və əlaqələrin virtual mühitə keçidi də təmin ediləcəkdir.
Prezident İlham Əliyev Azərbaycanda rəqəmsal transformasiyaların tətbiqi konsepsiyasının hazırlanması ilə bağlı xüsusi göstəriş verib. Həmin tapşırığa uyğun olaraq sənədin yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. Bir vacib məsələni də vurğulamaq lazımdır ki, 2024-cü ilin sonuna qədər Azərbaycanda genişzolaqlı internetlə təmin edilməyən yaşayış məntəqəsi qalmayacaq. Lakin nəzərə almaq lazımdır ki, bütün texnologiyalar insan amili ilə əlaqədardır. Bu mənada ali təhsil müəssisələrində elmi tədqiqat işlərinin yüksək standartlar səviyyəsində qurulması qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan dövləti tarixi Zəfərin qazanılması üçün 30 il ərzində möhtəşəm işlər görüb. Ulu öndər Heydər Əliyevlə başlanan milli inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindın yeni keyfiyyət çalarları ilə inkişaf etdirilərək, bugünkü səviyyəyə gəlib çatıb. Azərbaycan dayanıqlı və davamlı inkişaf yolu ilə inamla irəliləyir. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 18,2 faizi həcmindədir.
Bu, yaxşı göstərici hesab olunur. Çünki dünya üçün normativ göstərici 40 faizdir. Yuxarıda da deyildiyi kimi, ölkənin valyuta ehtiyatları 53 milyard dolları keçib. Bu faktlar respublikamızın maliyyə və iqtisadi təhlükəsizliyinin tam təmin olunmasından xəbər verir. 44 günlük Vətən müharibəsindən sonra bölgədə geosiyasi və geoiqtisadi vəziyyət dəyişib. Yeni reallıqlar yaranıb ki, bu, region ölkələrinin iqtisadi tərəqqisinə və yüksəlişinə xidmət edəcək.
Bütün proseslərin mərkəzində Azərbaycan dövləti dayanır.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyat qaynayır, dünyanın heç bir yerində olmayan coşqu yaşanır. Son standartlar səviyyəsində yollar, tunellər, körpülər tikilir, elektrik stansiyaları qurulur. “Ağıllı kənd”, Ağıllı şəhər”, “Yaşıl enerji” layihələrinə start verilib. Doğma yurd yerləri uzun ayrılıqdan sonra vətən övladlarının nəvazişli əlləri ilə Vətənləşir, bütövləşir!


Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri