MƏQALƏLƏR

Cabbar Qaryağdıoğlu (1861-1944)

  • 09.12.2021

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib, Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.
C.Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında onunla müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR xalq artisti Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci il martın 31-də Şuşada anadan olmuşdur. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir. Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıqcan Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən "Xeyriyyə gecəsi"ndə "Heyratı" oxuyur. Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə.Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri - Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və məhəbbətlə oxumaqla xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir. Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi.
C.Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradır. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda, onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, C.Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini C.Qaryağdıoğlu qədər dərindən bilməmişlər. Onun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə İrəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, yəni qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar da o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnını bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…
C.Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".
Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qar­yağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C.Qaryağdıoğlunun tə­lə­bələri olmuşlar.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik B.Astafyev, professor Y.Braudo, bəstəkarlardan M.İppolitov, V.Georgixubov, R.Qlier və başqaları C.Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.
1965-ci ildə Moskvada nəşr olunmuş "Песня и музыка Азербайджана" kitabında deyilir ki, C.Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. C.Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şeir həsr etmişdir.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 74 yaşlı C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir.
O, 1935-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüş, "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1936-cı il martın 31-də Azərbaycan Dövlət Dram Teatrında C.Qaryağdıoğlunun 75 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir.
Cabbar Qaryağdıoğlunun fonovala köçürülmüş 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilmişdir.
Cabbar Qaryağdıoğlu 1944-cü ildə Bakıda vəfat etmişdir.