MƏQALƏLƏR

Ziyad Səmədzadə - Heydər Əliyev dövlət müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası üçün uğurlu strategiya müəyyən etdi

  • 09.12.2021

...Ötən əsrin 90-cı illərinin məlum hadisələri ağır nəticələrlə müşayiət olunurdu ki, onların qarşısını almaq üçün güclü liderə, təcrübəli dövlət xadiminə ehtiyac var idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda – respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtdı. Qısa zamanda ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirləri həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymadı. Xalqın təkidi, tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Çıxışında o dedi: “Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.
Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olun­malıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-­amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Ona görə də bu məsələ əsas məsələlərdən biridir. Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir.
Heydər Əliyevin çıxışında o da xüsusi olaraq vurğulanırdı ki, müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməli, siyasi plüralizmə geniş yol verilməli, Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir.
Bütün diqqətimiz ona yönəlməlidir ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür.
Qarşıda duran vəzifələrdən biri yeni müstəqil Azərbaycanın digər ölkələrlə əməkdaşlığının qurulması, inkişaf etdirilməsi idi. Ona görə də ölkə rəhbəri məsələni daima diqqətdə saxlayacağını bəyan etdi:
“Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu, çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüz illiklərlə çox yaxın olub. Bunları qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır. Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir.
Bir sözlə, sadəcə olaraq xarici siyasət sahəsində öz mövqeyimi bildirmək istəyirəm. Ali Sovetin sədri kimi bu istiqamətdə fəaliyyət göstərəcəm, bizim prezidentimizin fəaliyyətinin, Ali Sovetin, hökumətin fəaliyyətinin uğurlu olması yolunda çalışacağam. Ancaq bunların hamısından ümdə indi Gəncədə baş vermiş hadisələri, bununla əmələ gəlmiş gərginliyi aradan götürməkdən ibarətdir. Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır... Bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq”.
Heydər Əliyev Ali Sovetin sədri seçiləndən sonra qısa bir müddətdə ölkənin iqtisadi inkişafı, ictimai-siyasi sabitliyin təmin olunması ilə bağlı bir sıra vacib tədbirlər həyata keçirdi.
3 oktyabr 1993-cü ildə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyev seçicilərin 98,84 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev tarixi bir çıxış etdi.
Bu çıxış müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə də nəşrin məqsəd və vəzifələrini dərindən dərk etmək üçün ulu öndər Heydər Əliyevin andiçmə mərasimində etdiyi çıxışından bəzi məqamları verməyi məqsədəuyğun hesab edirik:
- Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyimi yüksək qiymət­lən­dirirəm və bu münasibətlə Azərbaycan xalqına, Azərbaycan Respublikasının bütün vətəndaşlarına öz hörmət və ehtiramımı, dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.
Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
XX əsrin sonu dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyubdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq və bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.
Azərbaycan Respublikası qədim tarixə, zəngin mədəniyyətə, böyük təbii sərvətlərə malikdir. Dövlət müstəqilliyi bunların hamısından Azərbaycan Respub­likasının gələcək inkişafı üçün səmərəli istifadə etməyə şərait yaradır. Bunlar bizim əsas vəzifələrimizdir. Azərbaycan Respublikası öz müstəqilliyini ağır və çətin bir şəraitdə əldə etmişdir. Respublika üçün ən ağır məsələ beş ildən artıq müddətdə Azərbaycanın müharibə şəraitində olması, erməni silahlı qüvvələri tərəfindən ərazimizə təcavüz edilməsi və bunun nəticəsində Azərbaycan xalqının böyük bəlalara düçar olmasıdır. Ona görə də Azərbaycan Respublikasının müharibə şəraitindən çıxması və vətəndaşlar üçün rahat, sakit, əmin-amanlıq şəraiti yaradılması qarşımızda duran əsas vəzifədir. Azərbaycanın ağır müharibə şəraitinə düşməsi, bu problem, yəni Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir. Lakin təəssüf ki, ötən dövrdə respublikanın bu vəziyyətdən çıxması üçün lazımi tədbirlər görülməmişdir. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran axır zamanlar daha da dərinləşmiş və 1993-cü ildə, demək olar son həddə çatmışdır.
...Respublikanın daxilində nisbi sakitlik və sabitlik yaransa da, biz hələ böyük təhlükə altındayıq. Ermənistan silahlı qüvvələrinin beş ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir qismi – təxminən 20 faizi işğalçıların əlinə keçibdir. Keçmiş Dağlıq Qarabağ vilayəti tamamilə işğal olunub, Azərbaycan xalqı üçün əziz və mötəbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bunların nəticəsində yüzlərlə kəndlər, qəsəbələr, yaşayış məntəqələri dağılıb, evlər viran olub. Bu ərazilərdə yaşayan soydaşlarımız, 1 milyona qədər vətəndaş doğma yerlərini tərk edib, qaçqın olub, ağır vəziyyətdə yaşayırlar. Bütün bunlar respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.
Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm və bunu yerinə yetirmək üçün bütün Azərbaycan xalqının qüvvələrini səfərbər edib, bütün imkanlardan istifadə edib, bütün səylərimi sərf edib Azərbaycan xalqının istəyinə nail olacağam.
Beş ildən artıq davam edən müharibədən çıxmaq, işğal olunmuş torpaqları geri qaytarmaq, şübhəsiz, asan məsələ deyildir. Cəmiyyətimizdə cürbəcür fikirlər var: buna hansı yollarla nail olmaq mümkündür? Biz, ümumiyyətlə, sülhsevər mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə üstünlük veririk. Bu baxımdan müstəqil Azərbaycan Respublikası diplomatik vasitələrdən səmərəli istifadə etməli, sülh danışıqlarını Azərbaycan Respublikasının mənafelərini təmin etmək yolu ilə aparmalı və bu danışıqlar nəticəsində məqsədimizə nail olmalıyıq. Biz Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, BMT Təhlükəsizlik Şurasının, bu münaqişənin aradan qaldırılmasında iştirak edən böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə edərək, Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün bundan sonra da səy göstərəcəyik.
Ancaq bununla yanaşı, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə edildikdən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir.
Qeyd etmək lazımdır ki, beş il ərzində gedən müharibə nəticəsində Azərbaycan xalqı böyük sınaqlardan çıxıb, qələbənin də, uğursuzluğun da nəticələrini görübdür. Bu müharibə bizim üçün böyük faciədir. Eyni zamanda, bu müharibədə Azərbaycan xalqının gücü, qüdrəti, qəhrəmanlığı, müdrikliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Bu müharibədə xalqımız böyük qurbanlar vermişdir. İgid oğullarımız torpaqlarımızı müdafiə edərək qəhrəmancasına həlak olmuş, şəhid olmuşlar. Bu gün, bu təntənəli mərasimdə Azərbaycan torpaqlarını müdafiə edərək, Azərbaycanın suverenliyini qoruyaraq həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.
Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır...
Ulu öndər əlini Azərbaycan Respublikasının Konstitusiyasına basaraq biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyinə, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcəyinə, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı olacağına, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağına, Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağana and içdi.
O, əlini Qurani-Şərifə basaraq Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq olacağına və bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişaf etməsini təmin edəcəyinə and içdi.
Bu çıxışın mahiyyəti dünyanın çoxsaylı ölkələrinin kütləvi-informasiya vasitələrində açıqlandı, bütün ölkələrin nüfuzlu beynəlxalq təşkilatlarında demək olar ki, ətraflı təhlil edildi, müstəqil Azərbaycan dövləti ilə əməkdaşlıq qurmaq istəyən dövlətlər üçün Azərbaycanla bağlı siyasətlərinin konseptual əsaslarının müəyyənləşdirilməsi üçün istinad nöqtəsi oldu.
Bu çıxış Azərbaycan xalqının uğurlu gələcəyinə, Vətənimizin, dövlətimizin dünya ölkələri içərisində layiqli yer tutacağına, ölkə əhalisinin dinc yaşayışına, əmin-amanlığına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına inamını qat-qat artırdı.
İllər keçdi, Heydər Əliyevin arzuları reallığa çevrildi, ideyaları layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunan torpaqlarının azad edilməsi ilə nəticələnən İkinci Vətən müharibəsi regionda tamamilə yeni reallıqlar yaradaraq respublikamızın həm Cənubi Qafqazda, həm də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.
İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında qazanılan Qələbə son onilliklərdə sürətli yüksəliş dövrünü yaşayan Azərbaycanı beynəlxalq aləmdə həm də qalib dövlət kimi tanıtdı. Bu Qələbə son iki əsrlik tariximizin zirvə nöqtəsi oldu. Müharibə bitdi, münaqişə başa çatdı, indi Azərbaycan Qarabağ meydanında uğurlarını inamla davam etdirir. Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində dövlətçilik salnaməsinin növbəti şərəfli səhifəsi yazılmaqdadır.

Mənbə: Akademik Ziyad Səmədzadə
“Azərbaycan iqtisadiyyatı 100 ildə”, 3-cü cild