www.taxes.gov.az ön sıralardadır
17 may Ümumdünya Bilgi Azadlığı Günü ilə əlaqədar Media Hüquq İnstitutu «Dövlət Qurumlarının On-line Şəffaflıq Hesabatı»nı ictimaiyyətə açıqlamışdır. Bu hesabat 2005-ci ildə qəbul edilmiş «İnformasiya əldə etmək haqqında» Qanun ilə bilgi sahibi sayılan qurumların internet resurslarının monitorinqini əhatə edir. Sənəd 48 dövlət qurumunun - nazirliklərin, dövlət komitələrinin, komissiyaların internet saytlarının 3 ay davam edən monitorinqi əsasında hazırlanıb və internet saytları 184 parametr üzrə monitorinq edilib. Media Hüquq İnstitutunun koordinatoru Xalid Ağaliyev bildirmişdir ki, ötən illə müqayisədə bəzi qurumların saytları xeyli inkişaf etmişdir. Hesabatda göstərildiyinə görə, Dövlət Miqrasiya Xidmətinin, Hesablama Palatasının, Vergilər, Daxili İşlər, Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Məhkəmə-Hüquq Şurasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Neft Fondunun saytlarında böyük irəliləyişlər olmuşdur.
Tərtib olunmuş reytinq cədvəlində açıqlıq faizinə görə birinci yeri 52,26%-lə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, ikinci yeri 48,15%-lə Baş Prokurorluğun, 3-cü yeri isə 44,57%-lə Vergilər Nazirliyinin internet saytı tutmuşdur. Üçlüyə daxil olan qurumlar diplomla mükafatlandırılmışlar.
Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet saytının bilgi açıqlığı reytinqində 3-cü yeri tutması nazirliyin əməkdaşları üçün sevindirici haldır. Bu, əslində, vergilər sahəsində aparılan islahatlar fonunda işlərin təşkilinin, vergi ödəyicilərinə göstərilən xidmətin keyfiyyətinin əyani göstəricisidir. Vergilər Nazirliyi fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirərkən ixtiyarında olan bütün resurslar, o cümlədən internet saytı vasitəsilə vergi münasibətlərindəki şəffaflığı, vergi ödəyicilərinə informasiyaların vaxtında və dəqiq şəkildə çatdırılmasını, eləcə də vergi ödəyiciləri ilə əks-əlaqə yaradılmasını, onların rəy və təkliflərinin öyrənilməsini ön sıraya qoymuşdur. Yarandığı gündən vətəndaşlara yüksək səviyyədə xidmət göstərən nazirliyin internet saytının fəaliyyəti indiyə qədər bir sıra yerli və xarici təşkilatlar, eləcə də ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilmiş, çoxlu sayda mükafatlara layiq görülmüşdür.
|