MƏQALƏLƏR

Ziyad Səmədzadə - "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın! YENİLƏNDİ

  • 23.12.2021

Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il noyabrın 26-da Rusiyanın Soçi şəhərində növbəti görüş keçirildi. Bu,  il ərzində üç ölkənin rəhbəri arasında imzalanmış üçtərəfli Bəyanatın tələblərinin, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı vəziyyətin müzakirəsinə həsr olunmuş ikinci görüş idi. Əvvəlki görüş 2021-ci ilin yanvar ayında Moskvada keçirilmişdi.  Soçi görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Xalqımız üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

 Azərbaycan konstruktivlik nümayiş etdirir

Ötən ilin 44 günlük müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Vətən müharibəsi xalqımızı dəyişdirdi. Biz indi kiçik qələbələrlə kifayətlənən və onlarla xoşbəxt olan toplum deyilik. Biz böyük və strateji bir qələbəni dövlət-millət olaraq həyata keçirmiş, qan töküb, torpaq almış və gözləntiləri, tələbləri dəyişmiş, böyümüş bir xalqıq. 1 il əvvəl işğal altındakı bir neçə rayonun geri qayıtması ilə Qarabağdakı ermənilərə ən yüksək status verməyə hazır olan azərbaycanlılar indi heç bir güzəşt tanımır və hərbi qələbəmizin diplomatik müstəvidə davam etməsini tələb edirlər. İndi bu xalq Zəngəzur deyir, dəhliz deyir, Turan yolu deyir...

Eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə qazandığı misilsiz qələbə dövlətimizin diplomatik sahədəki mövqelərinə də əsaslı şəkildə təsir edib. Qürurverici situasiyadır, həmin istiqamətlərdə yüksəkliklərdə möhkəmlənmişik, dövlətimizə, dövlət başçımıza böyük etimad həm də bu amildən qaynaqlanır.  Bunun nəticəsidir ki, siyasi-diplomatik leksikondan artıq “Dağlıq Qarabağ problemi” ifadəsi çıxıb, “status-kvo” kimi anlayışlara ehtiyac qalmayıb. Bunların əvəzində, geopolitik leksikon "sərhədlərin delimitasiya və demarkasiyası", "regional nəqliyyat-kommunikasiya xətlərinin açılması", "Zəngəzur dəhlizi", "yekun sülh sazişi" və s. kimi bütün Cənubi Qafqazın gələcəyi üçün daha faydalı terminlər ilə zənginləşdirilib. Bəli, çünki Azərbaycan zəfəri ilə Dağlıq Qarabağ probleminə son qoyaraq regionda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edən rəsmi Bakının mövqeyi gələcəyə baxmaq, regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyini təmin etməkdir.

Təsadüfi deyil ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, zəruri bütün addımları atıb. Eyni zamanda Azərbaycan dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bildirib. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan edib ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrini Azərbaycana verməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir. Bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Azərbaycan Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Lakin Ermənistan özünün kapitulyasiya sənədi kimi qəbul etdiyi 10 noyabr Bəyanatının bir sıra müddəalarını yerinə yetirsə də, sənəddə əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil. Çünki bu ölkə Azərbaycanın konstruktiv təkliflərinə adekvat münasibət göstərməyib. Ermənistanın hakimiyyət orqanları ara-sıra pozitiv fikirlər səsləndirilsə də, konkret fəaliyyət göstərməkdən uzaq olublar. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb.

Məsələn, 2021-ci il noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək, Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşmişdilər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq, ərazidə möhkəmlənməyə çalışmışdılar. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınmış, onların bütün hərəkətləri məhdudlaşdırılmış, Ermənistanın hərbi təxribatının qarşısı qətiyyətlə alınmışdı.

2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı təxribatlar törətmişdilər. Həmin vaxt Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirilmiş, darmadağın edilərək geri otuzdurulan Ermənistanın təxribat planı iflasa uğramışdı. Erməni hərbçiləri tərk-silah edilərək saxlanılmış, ordumuz tərəfindən xeyli sayda silah və sursat qənimət kimi götürülmüşdü.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dəfələrlə sülhsevər və ədalətli mövqe nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Prezident İlham Əliyev bütün bunlarla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq etmişdir. Azərbaycan Prezidenti 2021-ci il sentyabrın 27-də - Anım günü ilə bağlı xalqımıza müraciətində bir daha Ermənistana xəbərdarlıq edərək demişdi: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

2021-ci il noyabrın 16-da baş verənlər bunu təsdiq etdi. Xəbərdarlıqlardan nəticə çıxarmaq istəməyən Ermənistan təxribatının qarşısının qətiyyətlə alınması, hücum edən silahlı bölmənin geri otuzdurulması, onun şəxsi heyətinin və texnikalarının məhv edilməsi göstərdi ki, “dəmir yumruq” istənilən an düşmənin başını əzməyə hazır və qadirdir.

Ümumiyyətlə, müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də, Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törədilən təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi.

Bununla belə, bütün bunlar, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hərbi eskalasiya bölgədə marağı olan dövlətləri və beynəlxalq təşkilatları hər nə qədər narahat etsə də, son hadisələr bir daha sübuta yetirdi ki, regionda yeni münaqişənin başlamaması üçün qəti siyasi mövqeyə, səylərin birləşdirilməsinə və ardıcıl fəaliyyətə ciddi ehtiyac var. Xüsusən də, baş vermiş toqquşmalar, risklərə nəzarət etmək onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin üçtərəfli formatda müzakirəsini zəruri edirdi.

Bu baxımdan noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşü bölgədə postmünaqişə dövründə dövlətlər arasında münasibətlərin qurulması baxımından müsbət amil hesab etmək olar.

Bakı qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Azərbaycan prezidentinin də müəyyən etdiyi gündəlik sərhədlərin delimitasiya və demarkasiyası üzrə təxirəsalınmaz tədbirlərin başlanılması, kommunikasiyaların bərpası istiqamətində əsaslı addımların atılması və sülh müqaviləsi üzərində işə başlanılmasından ibarət idi.  Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha bəyan edərək dedi: “Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk. Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

Dağlıq Qarabağ münaqişəsindən sonrakı prosesləri tənzimləyən əsas sənəd 2020-ci ilin 10 noyabr Bəyanatıdır. Dövlətimizin başçısı Soçidə bu istiqamətdə Ermənistandan daha konkret davranışlar sərgiləməyi tələb etdi. Prezident İlham Əliyev kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyasında Ermənistandan çox ciddi gözləntilərin olduğunu diqqətə çatdırdı.

2020-ci ilin noyabrından sonra baş verən proseslər göstərir ki, Rusiya da Azərbaycanla üst-üstə düşən mövqelərə sahibdir. Çünki 10 noyabr Bəyanatının bütün bəndləri Rusiya ilə razılaşdırılmış müddəalardır. Rusiya bu sənədə öz imzasını qoymaqla sənədin nə dərəcədə ciddi əhəmiyyət daşıdığını zamanında göstərib. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı, iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası sülh sazişinin imzalanması üçün vacib amildir. Sərhədləri müəyyən etməklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qonşuya ərazi iddiasından əl götürür. Sərhədlər delimitasiya və demarkasiya olunmazsa,  Ermənistanda revanşist qüvvələrə münaqişə vəziyyəti yaratmaq üçün şərait qalacaq. Çünki müəyyən olunmayan sərhəddə hər hansı obyekti onlar “əzəli erməni torpağı” kimi qələmə verə bilər və bunu əsas götürərək, ötən həftə olduğu kimi, döyüş əməliyyatlarına başlaya bilərlər. Sərhədin müəyyən ediləcəyi və nişan qoyulacağı təqdirdə provokasiya üçün fürsətlər yoxa çıxacaq. Əgər Ermənistan özü torpaqla bağlı Azərbaycana son iddialarını aradan qaldırarsa, bu, separatçı Qarabağ layihəsindən də imtina deməkdir, o halda sülh sazişini həm tərtib etmək, həm də imzalamaq çox asan olacaq.  Rusiya Prezidenti bu barədə danışaraq deyib: «Biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur».

Eyni zamanda, Soçi görüşündə Prezident Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışdı və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. 2021-ci ilin 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır.

Rusiya prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir:  «Biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik».

Vladimir Putinin “nəqliyyat dəhlizləri”ni xüsusi xatırlatması, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizindən xəbər verir. Vladimir Putinin mətbuata ümumi bəyanatı zamanı “nəqliyyat dəhlizlərinin açılması” ifadəsini işlətməsini xüsusi vurğulamaq lazımdır. Əgər Rusiya Prezidenti sadəcə “dəhliz” sözündən istifadə etsə idi, Ermənistan mütləq surətdə bu ifadəni təhrif edib, onun Laçın dəhlizinə aid olduğunu qeyd edəcəkdi. Lakin dəhliz sözünün cəmdə verilməsi məntiqi olaraq, Laçın dəhlizindən savayı hər hansı bir digər dəhlizin də olmasını qanunauyğun edir. Bu, digər dəhliz başa düşdüyümüz kimi, Zəngəzur dəhlizidir. Göründüyü kimi, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Rusiyanın da dəstəyini əldə edib. Buna iki vacib amil təsir göstərib. Əvvəla, Qarabağ və Naxçıvanın, o cümlədən Laçın və Zəngəzurun qarşılıqlı müqayisəsi belə məntiqi hökm formalaşdırır: Naxçıvan da Qarabağ kimi Ermənistanın yox, Azərbaycanın ayrılmaz hissəsi olduğuna görə Ermənistan ona məxsus olmayan ərazidə öz soydaşları ilə dəhliz vasitəsilə qarşılıqlı əlaqə yaratmaq istəyirsə, ən azı eyni dərəcədə haqqa Azərbaycan da ona məxsus olan Naxçıvan ilə münasibətdə malik olmalıdır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması təkcə hüquqi yox, məntiqi olaraq Laçın dəhlizini də qeyri-aktual edir. Azərbaycan diplomatiyasının bu faktı Rusiyanın diqqətinə çatdırması, məsələni “elementar zərrəciklərə” qədər parçalayıb, mövqeyini dolğun və əsaslı izah etməsində şübhələr yoxdur.

 

Digər amil Ermənistanın son vaxtlar Rusiyaya qarşı ayrı-seçkilik siyasətini həyata keçirməsidir. Bunu biz daha yaxşı Ermənistanın enerji siyasəti nümunəsində seyr edə bilərik. 2020-ci illə müqayisədə 2021-ci ildə Ermənistana Rusiyadan idxal olunan neft və neft məhsullarının həcminin azalması, İrandan gələn neft məhsullarının idxalının isə artması bunu deməyə əsas verir. Bunu daha bariz qaz idxalında da müşahidə etmək olar. Cari ilin birinci yarısında İrandan Ermənistana idxal olunan qazın həcmi 10 dəfə artdığı halda Rusiyadan idxal 2 dəfə azalıb. Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə Rusiyadan alınan neft-qaz məhsullarının həcmini azaltmaqdadır. Rusiyada da bunu bilirlər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Rusiyanın iqtisadi maraqları baxımından da sərfəlidir.

 

Artıq Azərbaycan və Rusiya liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar. Çünki Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi - il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur.

 

Soçi görüşündən iki gün sonra – noyabr ayının 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən Zirvə Toplantısında Zəngəzur dəhlizi haqqında danışan Azərbaycan Prezidenti İlham Əliyevin «Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər» sözləri də təsadüfi deyil. Artıq Zəngəzur dəhlizinin açılması zamana bağlı məsələdir və Azərbaycanla Rusiyanın siyasi iradələri bu dəhlizi ən qısa zamanda reallığa çevirəcək.

 

Soçi görüşünün digər nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

 

Bu görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər.

 

Eyni zamanda, tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. Bununla da nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi layihələrin həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyanın yaradılması dəyişməz məqsədlər kimi bir daha təsdiqləndi.

 

Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan ötən ilin noyabrında və bu ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında sərhədlərin delimitasiya prosesinin başlanması mövqeyindən çıxış edib. Bununla respublikamız həm də regionda sülhün yaranması ilə bağlı təşəbbüslərini bir daha ortaya qoyub. Soçidə imzalanan bəyanatda yer alan məsələlər də Azərbaycanın mövqeyinin tam şəkildə ifadə olunmasıdır.

 

Mətbuata bəyanatında Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir: «Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq».

 

Rusiya dövləti də Azərbaycanın mövqeyinə bütünlüklə tərəfdar olub. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir.

 

Yeni bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.

 

Əslində, Soçi bəyanatı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının yerinə yetirilməsini nəzərdə tutur. Bəyanatın əhəmiyyəti ondan ibarətdir ki, tərəflər əvvəlki iki sənədin bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və ardıcıl riayət edilməsinə maraqlı olduqlarını təsdiqləyirlər. Tərəflər, həmçinin həmin bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəliblər. Əgər Ermənistanın siyasi rəhbərliyi müdrik, qətiyyətli və ardıcıl mövqeyə sahib olsaydı, İkinci Qarabağ müharibəsindən ötən bir il ərzində daha da irəli getmək, bütün fikir ayrılıqlarını siyasi dialoq vasitəsilə aradan qaldırmaq, nəticəyönümlü fəaliyyət qurmaq baxımından bir çox işlər görülə bilərdi. Belə tədbirlərə Azərbaycan tərəfindən humanitar tədbirlərin həyata keçirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, tərəflər arasında etimad mühitinin yaradılması, sülhə töhfə verilməsi kimi mühüm fəaliyyət istiqamətləri daxildir.

 

Ümumilikdə isə Soçidə hər şeydən əvvəl, ona nail olundu ki, bu dəfə konkret vaxt müəyyənləşdirməklə, Paşinyanın prosesi müxtəlif bəhanələrlə növbəti dəfə uzatmaq cəhdinin qarşısı alındı. Tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini bildirən Rusiya Prezidenti Putin mətbuat konfransında elan etdi ki, bu ilin sonunadək xüsusən də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəliblər.

 

BMT-nin Baş katibi Soçidə keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə Bəyanatı alqışlayıb. Baş katib, eyni zamanda Rusiya Federasiyasının təmasların asanlaşdırılmasındakı rolundan məmnundur. Bu barədə məlumat Baş katibin ofisinin saytında yerləşdirilib. “Baş katib Azərbaycan və Ermənistan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır. BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür. Bunun üçün təşkilat tərəfləri bütün mümkün yollardan istifadə etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”, - deyə məlumatda qeyd edilir.

 

Artıq Ermənistanın onun üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüzdür

 

Azərbaycan və Rusiya prezidentlərindən fərqli olaraq, Ermənistanın baş naziri görühə tam başqa bir gündəliklə gəlmişdi. N.Paşinyanın gündəliyi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham etmək, bu əsasda Rusiyadan ən azı diplomatik dəstək almaq, hərbçilərin geri qaytarılması məsələsində praktik nəticələr əldə etmək, nəqliyyat-kommunikasiya xətlərinin Zəngəzur dəhlizi açılmadan deblokadası üzrə razılığa gəlmək və delimitasiya-demarkasiya prosesləri çərçivəsində Azərbaycana məxsus əraziləri özündə saxlamaqdan ibarət idi. Bu gündəlik N.Paşinyanın üçtərəfli görüşdə səsləndirdiyi cümlələrdə də əks olundu. Lakin Ermənistanın baş naziri nitqini yekunlaşdırdıqdan sonra yenidən çıxış edən Rusiya prezidenti diqqəti bir daha kommunikasiyaların açılmasına, delimitasiya və demarkasiya prosesinə və regional dinc birgəyaşayışa yönləndirdi. Başqa sözlə desək, Rusiyanın gündəliyini təqdim edən V.Putin, rəsmi Bakı və Moskvanın eyni maraqları hədəflədiyini birbaşa bildirdi və Paşinyanın iddialarını rədd etdi.

 

Soçidə qəbul edilən bəyanatın Ermənistan üçün roluna gəldikdə, bu sənəd İrəvanı bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyillərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını, yalnız Ermənistana fəlakət gətirəcəyini təsdiqləyir. Eyni zamanda, bu sənədi təsdiqləməklə, Nikol Paşinyan Ermənistanın qeyd olunan məsələlərə dair öhdəliyinə bir daha imza atdı. Artıq Ermənistanın onun üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüzdür. Ona görə Paşinyan bölgədə yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində qalaraq, ölkəsinin ictimai rəyini Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tanımağın qaçılmaz olduğuna inandırmağa çalışacaq, çünki başqa yolu yoxdur. O, mətbuat konfransındakı çıxışını belə yekunlaşdırıb: “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”.

 

Göründüyü kimi, Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar Ermənistana daha böyük faciələr gətirə bilər.

 

Bir məsələni də nəzərdən qaçırmamalıyıq ki, Azərbaycanın maraqlarına uyğun istənilən hadisə Ermənistanda narahatlıq yaradır və Paşinyanın vəziyyətini daha da ağırlaşdırır. Soçi görüşündən sonra Ermənistanda kütlənin yenidən küçələrə çıxması bunu bir daha sübut etdi. Əslində bu sənəd erməni toplumunda üçtərəfli anlaşmaların icrasından yayınmağın mümkün olmayacağı qənaətini ön plana çıxardı. Hazırda Ermənistan cəmiyyəti sarsıntı içərisində ənənəvi "erməni xəyalları" ilə yeni geopolitik reallıqlar arasında çaşqınlıq keçirməkdədir. Ona görə də əsas ictimai qəzəb Ermənistanın siyasi elitasına qarşı yönəldilib. Halbuki, artıq erməni toplumu Ermənistanı sadəcə hakimiyyəti dəyişməklə bu durumdan xilas etməyin mümkün olmayacağını da anlamağa başlayıb. Çünki reallıq ondan ibarətdir ki, onların yerində başqaları olsaydı belə, heç bir şey dəyişməyəcəkdi. Hərbi məğlubiyyətə uğramış dövlətlə heç kim ciddi müzakirə aparmır, həmin ölkənin mövqeyini öyrənməyə zaman sərf etmir. Sadəcə şərtləri və tələbləri məğlub ölkənin qarşısına qoyub, öhdəliklərin sıralandığı sənədə imzanı atdırırlar. Vaxtilə kapitulyasiya aktı imzalamaq məcburiyyətində buraxılan faşist Almaniyası ilə də elə davranılmışdı. İndi faşist Ermənistanı da eyni münasibət ilə qarşı-qarşıya qalıb.

 

Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətindən nə qədər narazı olsa da, siyasi elitanın dəyişdirilməsi qətiyyən çıxış yolu deyil. Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, məğlub ölkə taleyi ilə barışmaq, altına imza atdığı öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Və bundan sonra həmin öhdəliklərə daha həssas yanaşmaq lazım gələcək.

 

Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu. Bu qələbədə 2021-ci il noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi böyük rol oynadı. Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi bəyanatda öz əksini tapdı. Bəyanatda «Qarabağ» ifadəsinin yer almaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir.

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan hələ Moskva görüşündə olduğu kimi, Soçidəki üçtərəfli görüşdə də gündəlikdə olmayan məsələyə toxunmaqla Azərbaycanı ittiham etməyə cəhdlər göstərdi. Girovlar və hərbi əsirlər probleminin hələ mövcudluğunu iddia edən N.Paşinyan Vladimir Putinlə bu məsələni dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etdiyini bildirdi. Lakin Rusiya prezidenti Ermənistanın baş nazirinin bu sözlərinə mətbuata bəyanatında fikir bildirmədi, “girov”, “hərbi əsir” kimi ifadələr işlətmədi. Paşinyanın gözləntilərinin əksinə olaraq, status və hərbi əsrlər məsələsinə ümumiyyətlə toxunulmaması da aydın göstərdi ki, Rusiya Azərbaycanın haqlı maraqlarını dəstəkləyir. Yekun bəyanatda da erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Onun guya Azərbaycanın Ermənistan ərazilərinə daxil olması ilə bağlı iddiaları, ümumiyyətlə, Rusiya tərəfində heç bir reaksiya doğurmadı.

 

İrəvan onu himayə edənlərin də ürəyinə yol tapmaqdan ötrü ATƏT-in Minsk Qrupunun yenidən bölgəyə gəlməsi üçün çox canfəşanlıq etdi. Amma sənəddə ATƏT-in Minsk qrupunun da adı çəkilmədi. Bu, artıq Minsk qrupunun da tarixdə qaldığını göstərir.

 

Nikol Paşinyanın qaldırdığı digər məsələ - Azərbaycan-Ermənistan sərhədində gərginlik məsələsi də sənəddə əks olunmayıb. N.Paşinyan üçtərəfli görüşdə çıxışı zamanı bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində böhranlı vəziyyətin yaranmasından, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə daxil olmasından şikayətlənsə də, yekun mətbuat konfransında bu mövzuya da toxunulmayıb.

 

Rusiya Prezidenti Cənubi Qafqazın taleyi, gələcəyi ilə bağlı bütün vacib qərarları məhz Ermənistansız da verə biləcəyini nümayiş etdirdi

 

Bir məsələni də qeyd etməliyik ki, üçtərəfli görüşün əvvəlcə 2021-ci il noyabr ayının 9-da keçirilməsi planlaşdırılırdı. Hələ bir müddət əvvəl noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın ildönümü ərəfəsində Rusiyada belə bir görüşün keçiriləcəyi ilə bağlı məlumatlar da yayılmışdı. Lakin Ermənistanın Baş Naziri N.Paşinyan həmin vaxt bu görüşdən müvəqqəti yayına bilmiş və Azərbaycan prezidenti ilə görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqı Şurasına müraciət etmişdi. Bu isə prosesə Qərb siyasi mərkəzlərini cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə Nikol Paşinyanın 9 noyabra planlaşdırılan görüşü sabotaj etməsindən xəbər verdi.

 

N.Paşinyanın bütün ümidləri məhz həmin görüşə idi. Çünki manevr imkanlarının tam tükəndiyini aydın dərk edən Paşinyan Avropada ən azından vaxt udmaqla, ağır məğlub durumda hər hansı bir sənədi imzalamaqdan yayınmağa ümid edirdi.

 

Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu. Soçi görüşünün noyabrın 9-da baş tutmaması üçün müxtəlif bəhanələr səsləndirən, hələ də digər dövlətlərdən işğalçılıq maraqlarını davam etdirmək, yaxud ölkəsində revanşizmi inkişaf etdirmək üçün siyasi vədlər alan, əvəzində isə regionu ayrı-ayrı siyasi qüvvələrin ziddiyyət və toqquşma obyektinə çevirmək istəyən Ermənistanın siyasi rəhbərliyi hər nə qədər cəhd göstərsə də, Rusiyanın vasitəçiliyi ilə bu görüşün noyabrın 26-da keçirilməsindən imtina edə bilmədi.

 

Ona görə Paşinyan Soçidə pərt vəziyyətdə idi. Onun fiaskosunun bütün əlamətləri onun Soçi görüşü zamanı özünü aparmasında da büruzə verirdi. Paşinyanın görüşə qədərki və görüşdəki davranışları, hərəkətləri, mimikası göstərirdi ki, öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur.

 

Paşinyanın görüşdən əvvəl onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər isə Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Vladimir Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Görüşü sabotaj etəmklə Ermənistan həm də növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Təbii ki, onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu.

 

Ermənistanın baş nazirinin ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayıb. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.

 

Bütün bunları Rusiya rəhbərliyi görür və dəyərləndirir. Bütün bunlar Soçi görüşündə nəzərə çarpdırıldı. Rusiya Prezidenti Cənubi Qafqazın taleyi, gələcəyi ilə bağlı bütün vacib qərarları məhz Ermənistansız da verə biləcəyini əyani olaraq göstərdi. Rusiya, eyni zamanda Ermənistanla bağlı vacib qərarların məhz Moskvadan verildiyini Qərbə nümayiş etdirdi. Kreml rəhbəri bir daha İrəvana anlatmağa çalışdı ki, Ermənistanın faktiki olaraq prosesə başqa gücləri qoşmaq istədiyini çox yaxşı anlayır və buna heç vaxt imkan verməyəcək. Beləliklə, Rusiya bu görüşü təşkil etməklə Paşinyanın Brüssellə bağlı ümidlərini puç etdi. Rusiya Prezidenti Brüssel görüşünə qədər nəticələrin əldə edilməsinin vacibliyini vurğuladı. Yəni, o, Brüssel görüşünün sırf deklarativ xarakterli olması üçün bütün addımların atılacağına işarə etdi. Bununla da Ermənistana və onun Qərbdəki havadarlarına artıq start götürmüş müsbət proseslərə mane ola bilməyəcəkləri mesajı ötürüldü.

 

Görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldəki Azərbaycan-Ermənistan görüşündən əvvəl keçirilməsi bir daha göstərdi ki, Rusiya dünyanın ən böyük, Qafqazın isə ən qüdrətli dövləti olaraq regionda baş verən bütün proseslərdə maraqlıdır.

 

Digər tərəfdən, indiki halda Azərbaycanın Qərb tərəfindən ona danışılan 30 illik nəzəriyyəni dinləməyə nə həvəsi, nə də vaxtı var. Azərbaycan, həmçinin onların müsbət niyyətinə ciddi inam bəsləmir. Azərbaycan 30 ilə yaxın dövrdə Qərb siyasi dairələrindən problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözlədi. Lakin onlar 30 ildə hər cür saxtakarlığa əl ataraq Azərbaycana badalaq vurmağa çalışdılar. Hətta problemin Ermənistanın lehinə həll olunması üçün bütün variantları sınaqdan keçirdilər. Reallıq budur ki, 30 ildə Fransanın, ABŞ-ın həmsədr ölkələrin mandatlarına uyğun olmayan mövqe nümayiş etdirmələri, neytrallığı qorumamaları, işğalçını adı ilə çağırmadan münaqişənin ədalətli həllindən danışmaları və sonda Vətən müharibəsinin baş verməsinə yol açmaları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına səbəb oldu.

 

Ermənistan tərəfindən dağıdılmış ərazilərlə bağlı Azərbaycana Minsk qrupu səviyyəsində ciddi heç bir dəstək verilmədi. Əksinə, daha çox bu məsələnin bağlanmasına çalışdılar. Ona görə də Azərbaycan məhz konkret sahədə, real marağı olan tərəflər arasında bağlanan sənədi əsas götürərək gələcəyə doğru irəliləməyi vacib sayır. Bu baxımdan Qərbin vasitəçiliyi ilə keçirilən görüşlər Azərbaycan üçün prinsipial olaraq o qədər də əhəmiyyət kəsb etmir.

 

Diqqət çəkən və təəssüf hissi doğuran məqam budur ki, bir sıra Qərb siyasi daiələri, o cümlədən Fransa Vətən müharibəsində olduğu kimi, postmünaqişə dövründə də Azərbaycana qarşı mövqeyində müsbətə doğru heç bir dəyişiklik etmədi. Nəinki etmədi, hətta bu ölkə sülh prosesinin qarşısının alınması üçün əlindən gələni edir. Vətən müharibəsi günlərində bitərəfliyi tamamilə kənara qoyaraq, Ermənistanın müdafiəsinə qalxan Fransanın siyasi dairələri yenə də sülh prosesinə zidd hərəkətlərini davam etdirməkdədirlər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların 2021-ci ilin noyabr ayında Fransa senatında bəzi rəsmilər səviyyəsində “rəsmi qonaq – nazir və parlament spikeri” kimi qəbul edilməsi bir daha göstərdi ki, bu ölkənin siyasi dairələri Azərbaycanın ədalət yolu il həll etdiyi keçmiş problemi süni yolla canlandırmağa uğursuz cəhdlər edirlər.

 

Vətən müharibəsindəki qələbə ilə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Əsas reallıqlar torpaqlarımızın işğaldan azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması cəhdlərinin qarşısının birdəfəlik alınmasıdır. Bu müharibənin digər reallıqları Azərbaycanın erməni vəhşiliyini dünyaya çatdırması, işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa edilərək yenidən qurulması, kommunikasiyaların açılmasıdır.

 

Bu proseslərdə Fransa iştirak etmir. Çünki erməni sevgisini gizlətməyən bir dövlət vaxtilə Qarabağ münaqişəsinin ədalətli həllinə razı ola bilmədiyi kimi, yeni reallıqlara da xoşməramlı dəstək verə bilməz. Ona görə bu ölkənin siyasi dairələri Azərbaycanla Ermənistan arasında yarana biləcək sülhün qarşısını almaq, əngəlləmək üçün proseslərə zidd fəaliyyətlə məşğul olurlar. İstər Ermənistan hakimiyyəti ilə təmaslar zamanı, istər Rusiya sülməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə səfərlərlə sülhün qarşısını almağa çalışırlar.

 

Təbii ki, Fransanın siyasi dairələrinin bu hərəkətləri mənasız və əhəmiyyətsizdir. Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də respublikamızın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirib. Bu qətiyyətli mövqenin nəticəsi kimi, Fransa bütün proseslərdən kənarda saxlanılıb. Soçi görüşü də Azərbaycanın öz milli maraqlarını uğurla təmin etməsinin növbəti təcəssümü oldu. Bu görüş Azərbaycanın haqlı mövqelərini təsdiq etdi və Rusiya tərəfindən dəstəkləndiyini göstərdi. Azərbaycan və Rusiya regionda təhlükəsizliyin və sülhün təmin olunması üçün birgə səylər göstərmək iradəsini növbəti dəfə ortaya qoydular. İrəvanla Moskva arasındakı bu inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

 

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Prezident İlham Əliyevin Soçi səfəri zamanı Rusiya ilə münasibətlər də diqqət mərkəzində oldu. Hazırda Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır. Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqlı maraq üzərində qurulmuşdur.

 

Rusiya-Azərbaycan münasibətlərinin yüksək etimada əsaslanması və strateji tərəfdaşlıq xarakteri bütün sahələrdə də özünü göstərməkdədir. İki ölkə arasında humanitar forumlar keçirilməklə yanaşı, hökumətlərarası komissiyalar da yaradılıb. Hökumətlərarası komissiyaların fəaliyyəti iqtisadi potensialı düzgün dəyərləndirərək bu sahədə əməkdaşlığı dərinləşdirir. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Həmçinin, Azərbaycanın Rusiyada ticarət evləri açılır və qeyri-neft məhsullarımızın təşviqi üçün işlər görülür. Bununla bərabər, Rusiyanın müəssisələrinin Azərbaycanda filialları açılır. O cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə “KamAZ” zavodunun filialının yaradılması ilə razılıq əldə olunub. Pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, 2021-ci ilin 9 ayı ərzində Azərbaycanla-Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Rusiyanın 900-dən çox müəssisəsi Azərbaycanla əməkdaşlıq edir.

 

Bunlar onu göstərir ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir. Ölkələr arasında ticarət dövriyyəsi artan templə inkişaf edir və müəyyən olunmuş hədəflərin icrasına yönəlib. Prezidentlərin görüşündə iqtisadi sahədə xüsusilə Rusiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi barədə konkret rəqəmlər qeyd olundu. Eyni zamanda, ticarət dövriyyəsinin həcminin artması da müsbət tendensiyadan xəbər verir.

 

Humanitar sahələ əməkdaşlığın səviyyəsi ürəkaçandır. Görüşdə Azərbaycanda rus dilinə olan münasibətə görə Rusiya Prezidenti dövlətimizin başçısına təşəkkür etdi. Bu, bir tərəfdən Azərbaycanın multikultural dəyərlərinə verilmiş yüksək qiymətdirsə, digər tərəfdən rusafob meyillərin durmadan artdığı Ermənistana ünvanlanmış ciddi xəbərdarlıq mesajıdır.

 

Təbii ki, Rusiyada təhsil alan gənclər bilikli mütəxəssislər kimi formalaşıb ölkəmizin iqtisadi inkişafında iştirak edəcəklər. Eyni zamanda, Bakıda da Rusiyanın aparıcı universitetlərinin filialları fəaliyyət göstərir və ölkəmiz üçün vacib mütəxəssislər hazırlanır.

 

2021-ci ilin noyabr ayında Rusiya prezidentinin xüsusi nümayəndəsinin, baş nazirin müavininin, Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlməsi və 30-dan çox şirkətin iştirakı ilə Bakıda biznes konfransının keçirilməsi kimi mühum hadisələr Azərbaycan-Rusiya münasibətlərin dərinləşməsindən xəbər verdi. Bütün bunlar həm də Azərbaycanla Rusiya arasında münasibətlərin Qarabağdan kənar zəmində yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev bu barədə danışaraq deyib: «Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır».

 

Rusiya-Azərbaycan münasibətlərinin gerçək durumunu iki liderlərin 26 noyabr görüşü nümayiş etdirdi. Vladimir Putinin İlham Əliyevi yüksək səmimiyyətlə qarşılamasının özü əslində çox mətləblərdən xəbər verirdi. Baxmayaraq ki, Nikol Paşinyan Soçiyə daha tez yollanmışdı, amma Rusiya prezidenti ilk olaraq Azərbaycan lideri ilə ikitərəfli görüşü reallaşdırdı, daha sonra üçtərəfli üç saatlıq müzakirə, yekunda da bəlkə də protokol xatirinə Ermənistanın baş naziri üçün ayrılan qısaca vaxt.

 

Rusiya və Azərbaycan prezidentlərinin görüşü onlar arasında tam qarşılıqlı anlaşmanın olduğunu göstərdi. Faktiki olaraq, Soçidəki danışıqlarda onlar eyni tərəf kimi çıxış etdilər. Bununla Moskva Rusiya ilə konstruktiv qarşılıqlı əlaqə qurmaq istəyən tərəfdaşlara necə münasibət göstərdiyini nümayiş etdirdi. Bakı isə Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi rolunu təsdiqlədi. Demək olar ki, bu gün Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır. İki ölkənin münasibətləri həm iqtisadi və humanitar, həm də siyasi sahədə bundan sonra da yalnız pozitiv istiqamətdə inkişaf edəcək.

 

Düzdür, xarici əllər, həmçinin erməni çevrələri zaman-zaman münasibətlərə xələl gətirməyə cəhdlər göstərir, ancaq sağlam yanaşma, ağıllı siyasət bu sədləri də aşmaqdadır. Xüsusilə də Putin-Əliyev münasibətlərinin geridönməz səviyyədə olması, yüksək etimad mühitinin formalaşması müxtəlif rəsmi qurumlar və diplomatik çevrələr üçün yol xəritəsi rolunu oynamaqdadır. Məhz bu səbəbdəndir ki, hər iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası getdikcə yüksəlir. Rusiya ilə Azərbaycanı düşmən etmək həm də Qarabağın Ermənistana əbədi ilhaqı layihəsinin tərkib hissəsi idi. Amma niyyətləri baş tutmadı.

 

Soçidə qəbul edilmiş birgə Bəyanat, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfi görüş və müzakirə olunan məsələlər Azərbaycan-Rusiya münasibətlərinin çox yüksək səviyyədə olduğunu göstərdi. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır: “Mən deyərdim ki, hətta strateji tərəfdaşlıqdan da artıqdır. Bu yaxınlıq Azərbaycanla Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, Soçi Bəyanatının yekununun nəticələri Azərbaycan üçün müsbət nəticələnəcək. Həmçinin proseslərin gedişi bu məsələlərin çox gözləmək lazım gəlməyəcəyini də göstərir. Bu istiqamətdən yanaşsaq, regionda vəziyyət daha təhlükəsiz və region ölkələri üçün də əlverişli olacaq”.

 

Prezidentlər İlham Əliyev və Vladimir Putin arasında Soçidə keçirilən ikitərəfli görüş göstərdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Artıq başa çatmış münaqişədən sonrakı proseslərlə bağlı əldə olunan razılaşmalara gəldikdə isə Soçi görüşünü Azərbaycan Prezidenti İlham Əliyvin nüfuz və intellektual üstünlüyü ilə başa çatan növbəti diplomatik uğur kimi qiymətləndirmək olar. Eyni zamanda, bu görüş təsdiq etdi ki, Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında isə etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur.

 

Akademik Ziyad Səmədzadə