MƏQALƏLƏR

ADR: Milli maarifimizin inkişafında mühüm mərhələ. (28 may 1918 – 27 aprel 1920)

  • 27.05.2011
 

ADR: Milli maarifimizin inkişafında mühüm mərhələ

(28 may 1918 – 27 aprel 1920)

Qeyd etməliyik ki, XX əsrin əvvəllərində beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər - Birinci dünya müharibəsinin sona çatdığı, Rus çarizmin süqut etdiyi, Rusiyada Oktyabr inqilabının baş verdiyi, ölkədə vətəndaş müharibəsinin və ümumi hərcmərcliyin başlandığı bir dövr idi. Belə ki, Rusiya imperiyası dağılmağa başlamış, onun tərkibində olmuş bir çox xalqlar müstəqillik qazanmaq imkanı əldə etmişlər. Belə bir imkan Azərbaycan xalqının da nəsibi olmuşdur. Azərbaycan üçün taleyüklü həmin dövrdə bu məmləkəti, onun təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini və inkişafını idarə edə bilən lider var idi. Bu, xalqının böyük oğlu Məmməd Əmin Rəsulzadə başda olmaqla, dövrün yüksək Avropa təhsili almış, dünya mədəniyyətini mənimsəmiş qabaqcıl Azərbaycan ziyalıları, vətənpərvər adamları idi. Məhz onların səyi nəticəsində, bünövrəsi 28 may 1918-ci il tarixli "İstiqlal Bəyannaməsi" ilə qoyulmuş Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Şərq aləmində və müsəlman dünyasında xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan ilk demokratik respublika idi. Onun qurucuları öz üzərilərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdilər. Həmin dövrdə Azərbaycanın ilk parlamenti və hökuməti, dünyəvi dövlət quruluşu, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri möhkəmləndirildi, onun bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ölkənin dünya birliyi tərəfindən tanınmasına nail olundu. Eyni zamanda azərbaycanlıları vahid bir dövlətdə birləşdirmək, döyüş qabiliyyətinə malik Azərbaycan hərbi hissələri yaratmaq, milli tələblərə və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurmaq mümkün oldu. Cümhuriyyət maarif, mədəniyyət, elm və təhsil sahələrinin inkişafına, habelə dilindən, dinindən, milliyyətindən, cinsindən və irqindən asılı olmayaraq, heç bir məhdudiyyət qoyulmadan insan hüquqlarının təmin edilməsinə və qanunçuluğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti özünün mütərəqqi əməlləri və sülhsevər siyasəti ilə beynəlxalq aləmdə layiqli yer tuta bildi.

1918-ci ilin əvvəllərinə olan məlumatlara görə Azərbaycanda  əhalinin ümumi sayı 2.861.862 nəfər olduğu halda ölkədə cəmi 23 dövlət təhsil müəssisəsi yox idi. Mövcud məktəblərdə azərbaycanlıların sayı azlıq təşkil edirdi. Belə ki, müəllimlər seminariyaları istisna olunmaqla, dövlət orta ümumtəhsil məktəblərində oxuyan 9643 şagirddən yalnız 1137-i  azərbaycanlı idi. Keçmişin bu ağır yükündən xilas olmaq üçün Azərbaycan Demokratik Respublikası fəaliyyətinin ilk günlərindən başlayaraq Azərbaycan xalqının maarifləndirilməsini, xalq təhsilinin yeni əsasda, milli platformada təşkilini dövlət quruculuğu işi ilə bərabər özünün ən vacib məqsədi kimi elan etmiş, bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirməyə başlamışdı. İlk tədbirlərdən biri ADR Parlamentinin 27 iyun 1918-ci il tarixdə qəbul etdiyi "Azərbaycan dilinin dövlət dili elan olunması haqqında" Qanunu oldu. Bu Qanuna əsasən respublikanın məhkəmə, inzibati və başqa dövlət idarələrində vəzifələrə Azərbaycan dilini mükəmməl bilən şəxslər təyin edilirdi. Rus dili də bərabər hüquqla işlədilə bilərdi. 30 iyun 1918-ci ildə Azərbaycan hökuməti yeni addım ataraq "Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin (XMN) yaradılması haqqında" qərar çıxartdı. Bu qərar respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək və digər bu kimi tədbirləri yerinə yetirmək məqsədi güdürdü. Maarif Nazirliyinin 30 iyul 1918-ci ildə yaradılması Azərbaycanda xalq maarifinin inkişafına güclü təkan verdi. Bu işdə məktəblərin milliləşdirilməsi haqqında hökumətin 28 avqust 1918-ci il tarixli qərarı da müstəsna rol oynadı. Qərarı əsas götürən Xalq Maarif Nazirliyi məktəblərin milliləşdirilməsinə və onlarda Azərbaycan dilinin məcburi tədrisinə başladı. 1918-1920-ci illərdə ümumtəhsil məktəbləri ilə yanaşı sənət məktəbləri, uşaq bağçaları üçün müəllimlər hazırlayan qısamüddətli kurslar açıldı. Bütün məktəblərdə qadınların təhsil almasına xüsusi diqqət yetirilirdi. Təhsil sahəsində ən çətin problemlərdən biri müəllim kadrlarının çatışmazlığı idi. Problemin həllində ilk addım 1919-cu ildə atıldı. Belə ki, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan (tatar) şöbəsi Qoridən Qazaxa köçürüldü. Seminariyanın direktoru Firudin bəy Köçərli təyin edildi. Onun səyi və işgüzarlığı nəticəsində seminariya elə həmin ilin noyabrında fəaliyyətə başladı. Bakıda və Nuxada müəllim hazırlayan yeni məktəblər açıldı. İbtidai məktəblərin müəllimlərə olan ehtiyacını təmin etmək üçün Gəncə, Nuxa və Şuşada 200 nəfər müəllim hazırlayan kurslar fəaliyyətə başladı. Bakı, Qazax, Qusar, Salyan və Zaqatalada hər birində 50 müdavim təhsil alan qısamüddətli kurslar açıldı. Xalq maarifinin dirçəlişində iştirak etmək üçün Türkiyədən 50 müəllim dəvət edildi. Ali təhsil sisteminin quruculuğu sahəsində də ADR hökuməti xeyli iş görmüşdü. Hələ 1919-cu ilin əvvəllərində respublikada ali kənd təsərrüfatı və pedaqoji institutların açılması qərara alınmışdı. Müəyyən obyektiv tarixi səbəblərə görə bunu həyata keçirmək mümkün olmasa da, 1919-cu il milli maarifimizin tarixinə qızıl xətlə yazıldı. Həmin il sentyabrın 1-də Azərbaycan Parlamenti "Bakı şəhərində universitetin təsis edilməsi haqqında" Qanun qəbul etdi. Bununla da Bakı Dövlət Universitetinin təməli qoyuldu. Universitet nəinki Azərbaycanda, eyni zamanda bütün türk dünyasında ilk ali təhsil ocağı oldu. Universitetin açılması ilə yanaşı, Azərbaycan hökuməti 1919-1920-ci illərdə memarlıqdan başlamış gəmiqayırmayadək müxtəlif sahələrdə ali təhsil almaq üçün Avropanın ən yaxşı ali təhsil məktəblərinə dövlət hesabına 100 nəfər tələbə göndərdi. Eyni zamanda hərbi məktəblərin yaradılması üçün əməli tədbirlər görülürdü. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək savadlı kadrlar ordusunun yaradılması üçün ali, orta və ibtidai məktəblər açır, digər tərəfdən də məktəblər üçün dərsliklər və tədris vəsaitlərinin hazırlanması, əlifba islahatının keçirilməsi və bu kimi vacib məsələlərin həlli ilə də məşğul olurdular. Odur ki, 1919-1920-ci dərs ilindən başlayaraq məktəblərdə "Türk xalqlarının tarixi" adlı kurs tədris edildi. Milli məktəblər üçün türk əlifbası və qiraəti, ədəbiyyat, hesab, cəbr, coğrafiya, milli nəğmələr və sair adda kitablar buraxıldı. Elə bu dövrdə ADR hökumətinin yaratdığı komissiya əlifba islahatına başladı. Komissiya ərəb əlifbasından latın əlifbasına keçməyi qərara aldı. Maliyyə çətinliklərinə baxmayaraq ADR hökuməti təhsilin maliyyələşdirilməsinə, XMN-in büdcəsinin təmin edilməsinə xüsusi qayğı ilə yanaşırdı. Təkcə 1919-cu il üçün Xalq Maarif Nazirliyinin büdcəsinin mədaxil-məxaric hissələrinə nəzər salmaq kifayətdir ki, bu qayğının miqyası aydın olsun: mədaxil 6.043.150 manat olduğu halda, məxaric 103.035.150 manat (yəni 96.991.354 manat mənfi) təşkil edirdi. Azərbaycan Demokratik Respublikasının   xalq   maarifinin   inkişafına göstərdiyi daimi diqqəti ondadır ki, 28 avqust 1918-ci ildən 19 dekabr 1919-cu ilə qədər parlamentin müzakirə etdiyi 215 qanun layihəsindən 19-u maarif sahəsinə aid idi. Azərbaycan milli maarifinin yaranmasında və təşəkkül tapmasında ADR dövründə xalq maarif nazirləri olmuş Nəsib bəy Usubbəyovun, Rəşidxan Qaplanovun, Həmid bəy Şaxtaxtinskinin və Nurməmməd bəy Şahsuvarovun xüsusi xidmətləri olmuşdur. Habelə xalqın maariflənməsində, önəmli xidmətləri olan Hacı Zeynalabdin Tağıyev başda olmaqla xalqımızın qabaqcıl mütəfəkkirləri Abdulla Şaiqin, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Nəriman Nərimanovun, Firudin bəy Köçərlinin, Süleyman Sani Axundovun, Müslim Maqomayevin və başqalarının əvəzsiz xidmətlərini qeyd etməmək olmaz.

Yuxarıda qeyd etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 28 may 1918 - 27 aprel 1920-ci illər milli maarif, mənəvi-əxlaqi dəyərlər və mədəniyyətimizin əsl Qızıl Dövrü idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC rəhbərliyi dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın özünüdərki baxımından çox işlər görə bildi. Xüsusilə qeyd etməliyik ki, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü və onun şirinliyini daddı. Məhz bütün uğurlar bu dövlətin qurucuları olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Həsənbəy Ağayev, Məhəmmədhəsən Hacınski və digər vətənpərvər istiqlalçıların vətən və dövlətçilik uğrunda bütöv bir milləti səfərbər etməyi nəticəsində ərsəyə gəlmişdir.

 

Rövşən Əhmədov