MƏQALƏLƏR

Aytən Səmədzadə: Ümumi evimizi QORUYAQ

  • 30.12.2021

Yola saldığımız ötən il planetimizin həyatında bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Lakin mütəxəssislər hesab edir ki, bu gün bəşəriyyəti narahat edən əsas problemlərdən biri insan fəaliyyəti ilə bağlı olan istixana tullantıları nəticəsində yaranan qlobal istiləşmə səviyyəsinin qarşıdakı 20 il ərzində orta hesabla 1,5 dərəcəyə çatacağı və hətta onu keçəcəyi problemidir. Bu isə hər bir canlının həyatı üçün arzuolunmaz və geridönməz fəsadların yaranmasına yol aça bilər.

Yaşadığımız dünya, bizi əhatə edən aləm sürətlə inkişaf edir. Son əsrdə insan və ətraf mühit bəşəriyyətin bütün əvvəlki minilliklər tarixinə nisbətən daha çox dəyişmişdir: müasir insan əvvəllər təbiətdə olmayan yeni fiziki və kimyəvi amillərin təsirinə məruz qalmışdır. Bunlar ionlaşdırıcı şüalanma, elektromaqnit dalğaları və sahələri, ultrasəs, vibrasiya, yüksək səs-küy yükləri və s.-dir.

İnsan və təbiət

Biz, adətən, elmin hər yeni nailiyyətinə sevinirik, insanın təbiət üzərində qazandığı qələbələrlə fəxr edirik. Lakin bu nailiyyətlərin çoxunun bir müddət sonra nə qədər böyük fəsadlara, ağır nəticələrə gətirib çıxaracağını düşünmürük.

Vaxtilə F.Engels yazırdı: “Təbiət üzərində qələbələrimizlə özümüzü çox aldatmayaq. Hər belə qələbə üçün o, bizdən qisas alır. Bununla belə, bu qələbələrin hər biri ilk növbədə gözlədiyimiz nəticələrə gətirib çıxarır. Daha sonra isə tamamilə fərqli, gözlənilməz fəsadlar baş verir ki, bu da çox vaxt birincinin əhəmiyyətini məhv edir”.Bir qayda olaraq, insanların ilk  nailiyyətlər haqqında geniş məlumatı olur. Mətbuatda, televiziyada, əsasən, elmin və istehsalın nailiyyətləri geniş şəkildə işıqlandırılır, lakin mənfi nəticələri haqqında çox az məlumat verilir. Buna görə də insanların çoxu bu nəticələrin  əhəmiyyətini tam dərk etmir. Sənaye istehsalının nəhəng miqyasda inkişafı, istehsalın, kənd təsərrüfatının və insan həyatının kimyəviləşdirilməsi nəticəsində yaşadığımız xarici mühitin fiziki-kimyəvi xassələrində mühüm dəyişikliklər baş vermiş və bu, gündən-günə artmaqda davam edir.

Ətraf mühitin intensiv  çirklənməsi və insan sağlamlığı

İçdiyimiz su, yediyimiz yemək, nəfəs aldığımız hava vasitəsilə arsendən tutmuş sirkonyuma qədər müxtəlif zərərli maddələrin mikro dozaları hiss olunmadan bədənimizə daxil olur. ÜST ekspertlərinin qənaətinə görə, bütün xəstəliklərin 23%-i ətraf mühit amillərinin təsiri ilə bağlıdır.

Ən ciddi ekoloji pozuntulardan biri planetimizin qaz balansının dəyişməsidir. Atmosfer üçün ən təhlükəli çirkləndiricilər istənilən yanacaq növünün yanması zamanı əmələ gələn azot dioksid və əsas mənbəyi avtomobil nəqliyyatı və istilik elektrik stansiyaları olan poliaromatik karbohidrogenlərdir. Bir tərəfdən sənaye istehsalının və nəqliyyatın inkişafı nəticəsində oksigen istehlakı və yanması çox artır, digər tərəfdən, bəşəriyyət eyni vaxtda bitkilərin mənimsədiyindən daha çox karbon qazı istehsal edir. Karbon qazını udaraq oksigeni buraxan yaşıl bitkilər və yosunlar müəyyən dərəcədə qaz balansını bərpa edir. Lakin planetimizin florasının bərpaedici imkanları məhduddur. Hesablamalar göstərir ki, bir yetkin palıd iki nəfər üçün kifayət qədər oksigen istehsal edir. Amma bir kiçik avtomobilin buraxdığı karbon qazını atmosferdən çıxarmaq üçün ərazisində 150 palıd ağacı olan meşəyə ehtiyac var. Orta ölçülü bir istilik elektrik stansiyası 1,6 min kvadrat kilometrlik bir meşə sahəsinin istehsal etdiyi qədər oksigen istehlak edir. Avropanın və Amerikanın iri şəhərlərində olmuş hər kəs görüb ki, təkcə fərdi sakin deyil, bütövlükdə cəmiyyət ətraf mühiti düşündürən tədbirlər kompleksi həyata keçirir: daha az zərərli benzin növlərinin istifadəsi, sıx məskunlaşan ərazilərdən yan keçmək üçün nəqliyyat axınlarının yaradılması, yollarda elektriklə işləyən nəqliyyat vasitələrinin payının artırılması və s. Lakin bu, kifayət deyil. Xüsusi tədqiqatlar göstərmişdir ki, havanın çirklənməsi uşaqlarda və böyüklərdə kəskin və xroniki tənəffüs xəstəliklərinin, yaşlıların vaxtından əvvəl ölümünün səbəbidir.

Məlumdur ki, hava və su planetimizdəki bütün canlılar, o cümlədən insanlar üçün əsas yaşayış amilləridir. İnsan yeməksiz aylarla yaşaya bilər, lakin su olmadan bir neçə gün belə yaşaya bilməz. İnsan 80% sudan ibarətdir, buna görə də onun istehlak etdiyi suyun miqdarı və keyfiyyəti sağlamlığı və həyatı üçün xüsusi əhəmiyyət kəsb edir.

Təmiz təbii su getdikcə azalır

 Alimlərin fikrincə, içməyə yararlı təmiz şirin suyun getdikcə daha bahalı məhsula çevrilməsi, maya dəyərinin gec-tez neftin maya dəyərini aşması uzaq gələcəkdə deyil. Su istehlakı dünya əhalisinin artımından iki dəfə sürətlə artır. Dünyanın bir milyarddan çox sakini artıq xroniki su çatışmazlığı şəraitində yaşayır. 20-25 ildən sonra bu kəsir artıq dünya əhalisinin təxminən yarısı üçün yaşana bilər. Təmiz şirin su ehtiyatlarının azalması prosesi meşələrin qırılması, karxanaların, yolların tikintisi və s. zamanı əsasən kortəbii insan fəaliyyəti nəticəsində baş verir. Dənizlərdən kiçik çaylara və yeraltı sulara qədər müxtəlif su mənbələrinin çirklənməsi bu günün aktual problemi kimi geniş miqyasda davam edir. ÜST-ün məlumatına görə, insan xəstəliklərinin 30%-nin səbəbi keyfiyyətsiz içməli su istehlakı ilə bağlı yarana bilər.

Son yüz il ərzində kənd təsərrüfatında müxtəlif növ pestisidlərin istifadəsi və paylanması olduqca artmışdır. Müxtəlif növ kimyəvi vasitələrin, ilk növbədə herbisidlərin və pestisidlərin su və qida ilə nisbətən kiçik dozalarda, lakin çox uzun müddətə insan orqanizminə daxil olmasının ağır fəsadları var. Aparılan epidemioloji tədqiqatlar göstərmişdir ki, bu cür mənfi təsirlər nəticəsində dölün ana bətnində inkişafındakı bəzi qüsurlardan tutmuş böyüklərdə xərçəngə qədər bir sıra xəstəliklər inkişaf edə bilər.

Urbanizasiyanın fəsadları

Aydındır ki, ətraf mühitin ən müxtəlif çirklənməsi böyük şəhərlərdə özünü daha qabarıq göstərir. Oradakı hava, su daha çirkli və zərərlidir. Buna görə də şəhər sakinləri kənd sakinlərindən orta hesabla 5-7 il az yaşayırlar.

Eyni zamanda, böyük şəhərlərdə həyat şəraitinin zərərli olmasına baxmayaraq, uzun müddətdir ki, insanların müxtəlif səbəblərdən şəhərlərə köçməsi və nəticədə şəhərlərin sayının və ölçüsünün artması tendensiyası müşahidə olunur. 1900-cü ildə böyük şəhərlərdə yaşayan dünya əhalisinin payı cəmi 5% idi, 1950-ci ildə - 12%, 1960-cı ildə - 20%-dən çox, 1970-ci ildə - 50%-dən çox. Bu gün şəhər əhalisinin payı durmadan artmaqda davam edir. 19-cu əsrin ortalarında dünyada əhalisi bir milyondan çox olan cəmi 4 şəhər, 20-ci əsrin sonunda isə 200-dən çox belə “milyonçu” şəhər var idi. Bundan başqa, əhalisinin sayı bir neçə on milyonlarla olan  meqapolislərin sayı getdikcə çoxalır.

Böyük şəhərlərin ekologiyası bir sıra zərərli amillərin təsiri ilə yüklənir: həddindən artıq miqdarda qıcıqlandırıcı amillər, məlumatların hədsiz çoxluğu, stresli vəziyyətlər, əhalinin sıxlığı, sürətlənmiş həyat tempi, artan səs-küy yükü, yaşıllığın az olması, sənaye müəssisələrinin çoxluğu, ətraf mühitin müxtəlif zərərli amillərlə çirklənməsi və s. Bu gün ən çox yayılmış xroniki qeyri-infeksion xəstəliklərin əsas səbəblərindən biri də “sivilizasiya xəstəlikləri”dir – onlar müasir həyat şəraiti ilə fizioloji imkanlarımız arasında artan uyğunsuzluq fonunda yaranırlar.

Uzun müddət şəhərlərdə səs-küyün həddindən artıq olmasının ən ümumi nəticəsi eşitmə itkisidir. Müəyyən dərəcədə eşitmə problemləri 50-60 yaşdan sonra çoxlarında təsadüf olunur. Ancaq artan səs-küy yükləri zonasında olan böyük şəhərlərin sakinləri arasında eşitmə pozğunluğu artıq 35 yaşa qədər olan insanların yarıdan çoxunda qeyd olunur. Bundan əlavə, küçə, sənaye və ya digər səs-küyə uzun müddət məruz qalma, hətta aşağı səviyyədə olsa da, qan təzyiqinin yüksəlməsinə və ürək döyünmənin artmasına səbəb ola bilər. Səs-küyü hətta “şəhər sakinlərinin qatili” də adlandırırlar.

İnsanların təbiətlə münasibətlərinin indiki xarakteri böyük narahatlıq doğurur. Ətraf mühit insanların rifahına və sağlamlığına əhəmiyyətli təsir göstərsə də, insan müəyyən dərəcədə ekoloji şəraitə uyğunlaşa, təhlükəsizlik qaydalarını bilməklə özünü tamamilə qoruya bilər. Unutmaq olmaz ki, insan təbiətin ən mükəmməl varlığı olsa da, bu təbiətin bir parçası olaraq qalır. Onsuz, ondan kənarda insan üçün həyat yoxdur. Ətraf mühitdə və insanın həyat tərzində böyük dəyişikliklərin baş verdiyi müasir dünya insanın ekoloji şüurunun dəyişməsini və inkişafını tələb edir. Yer kürəsi bizim ümumi evimizdir və biz özümüzün,  bizdən sonrakı nəsillərin qarşısında onun bugünkü vəziyyətinə görə cavabdehlik və məsuliyyət daşıyırıq.

Ekoloji maariflənmə. Əhalinin ekoloji tərbiyəsi uşaqlıqdan başlayır. Əgər siz uşaqlara kiçik yaşlardan təmizləməyi və zibil atmamağı, ağac əkməyi və qırmamağı öyrədirsinizsə, bu mövqeyi artıq formalaşdırırsınız. Həyatdakı bütün sonrakı addımlar və hərəkətlər bu mövqedən irəli gəlir.

 

Aytən SƏMƏDZADƏ