MƏQALƏLƏR

Hipermarketlərdə və Supermarketlərdə qiymət fərqlilikləri

  • 06.01.2022

Hər kəs gündəlik ərzaq tələbatının ödənilməsi üçün bazarlardan və marketlərdən istifadə edir. İnsanlar arasında çaşqınlıq yaradan məsələlərdən biri də eyni məhsulların fərqli qiymətlərlə təqdim edilməsidir. Kəskin qiymət fərqliliyi daha çox supermarketlərlə məhəllə marketləri arasında hiss olunur.
Son dövrlərdə isə insanların əsasən supermarketlərdən istifadə etdiyinin şahidi oluruq. Son 10 ilə diqqət yetirdikdə məhəllə marketlərinin sayının kəskin şəkildə azaldığını görürük. Bu da onların supermarketlərlə rəqabət apara bilmədiyinin sübutudur. Bəzən supermarketlər arasında da qiymət fərqliliyi nəzərə çarpır.
Bəs, eyni məhsulun supermarketlərdə fərqli qiymətlərlə satılması nə dərəcədə düzgündür? Bu sahəyə dövlət nəzarəti varmı? Və ya olmalıdırmı?
İqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu sahəyə dövlət nəzarəti yoxdur, burada qiymətlərin tənzimlənməsi sahibkarların ixtiyarındadır. Azəbaycan şəraitində supermarketlərdə olan bu qiymətlər sağlam rəqabətin göstəricisidir. Doğrudur, supermarketlər arasında qiymət fərqləri var, bu da onların marketinq strategiyasıdır. Bu cür qiymət fərqliliklərini süni qiymət artımı kimi də qiymətləndirmək olmaz. Süni qiymət artımı o yerdə ola bilər ki, orada rəqabət yoxdur və inhisarlaşma var. Ərzaq məhsulları arasında olan qiymət fərqlilikləri tam rəqabətin sübutudur. Rəqabət olan yerdə qiymət artımı sadəcə istehlakçı itkisi deməkdir. “Hər halda qiymətlərin müəyyənləşdirilməsi obyektiv meyarlara görə, yəni tələb və təklifin balansı gözlənilərək aparılmalıdır. Təbii haldır ki, məhsulun sayı azdırsa, qiymət yüksək olacaq. Bizdə təəssüf ki, SSRİ-dən qalma təfəkkür var. SSRİ-də məhsullara dövlət nəzarəti olsa da marketlərdə məhsul qıtlığı yaşanırdı. Buna səbəb isə həmin məhsulların qanunsuz yolla baha qiymətə satılması idi. ”Qiymətlərin tənzimlənməsi haqqında“ Azərbaycan Respublikası Qanununa görə, harada inhisarçılıq varsa, o qiymətlər tənzimlənir. Yəni, su, qaz, enerji, ictimai nəqliyyat, dərman və s. Bu sahələrdə qiymət fərqliliyi və artımı müşahidə edilərsə, təbii ki, dövlət sanksiya tətbiq etməlidir”, – deyə ekspert bildirib.
Digər iqtisadçı Ekspert Natiq Cəfərli isə qeyd edir ki, burada mərkəzləşdirilmiş qiymət tənzimlənməsindən söhbət gedə bilməz, çünki ərzaq məhsullarının və gündəlik tələbat mallarının qiymətləri formal da olsa, bazar tərəfindən tənzimlənməlidir: “Bu sahəyə dövlət nəzarəti və ya dövlət tənzimlənməsi yoxdur və bu da doğrudur. Çünki nə qədər çox dövlət nəzarəti olarsa, bir müddət sonra həmin məhsulların azalmasının, hətta piştaxtalardan çəkilməsinin şahidi olarıq. Yaxın keçmişə nəzər salsaq görərik ki, Rusiyada dövlət qarabaşaq və bitki yağının qiymətinə nəzarət mexanizmi tətbiq etdi və iki həftə sonra marketlərdə bu məhsulların qıtlığı yarandı. Dövlət qərarı dəyişdirmək məcburiyyətində qaldı.
“Dövlətin bu sahəyə nəzarəti olmalıdır” anlayışı kökündən yanlışdır. Dövlətin bu sahəyə müdaxiləsi sahibkarlara dəstək, gömrük və vergi siyasətinin düzgün müəyyənləşməsi kimi ola bilər. Dövlətin borcudur ki, ədalətli rəqabət mühiti yaratsın, məmur biznesinə son qoysun, bu da nəticə etibarı ilə qiymətlərin tənzimlənməsinə və təklifin artmasına səbəb olacaq.
Azərbaycanda ən böyük problem topdansatış bazarıdır. Orada rəqabətsizlik mühiti var. Bu bazarda böyük oyunçular və qiymət diktəsi var. O bazarın tənzimlənməsində dövlət mühüm rol almalıdır. Yəni, rəqabətin güclənməsi üçün addımlar atmalıdır. Hazırda bu addımlar atılmır. Çünki inhisarçılıqla, gömrük və vergi ilə bağlı problemlər var. Bunun əyani sübutu isə günün tələbinə uyğunlaşmayan rüsumlar və vergi dərəcələrinin olmasıdır.
Bir dövlət öz ərazisində istehsalı olmayan, xaricdən idxal olunan məhsulların qiymətini tənzimləmək istəyirsə, gömrük rüsumunu sıfırlayır və ölkəyə idxal çoxalır. Nəticədə qiymət tənzimlənir. Bizdə də bu kimi problemlər var. Belə ki, uşaq qidaları və dərman vasitələrinin istehsalı olmadığı halda, 15% gömrük rüsumu tutulur. Bu, doğru yanaşma deyil. Dövlət öz üzərinə düşən məsələləri yerinə yetirməlidir.”

 

İmran Zeynalov