MƏQALƏLƏR

Süleyman Sani Axundov (1875-1939)

  • 13.01.2022

Dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürmüşdür.

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağırılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilmişdir. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur. "İkinci il" adlı dərs kitabının müəllifidir.

Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır. "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) onun ilk hekayələridir. Süleyman Sani Axundovun yazdığı "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı” (1923), "Nə üçün" (1925), "Təbrik" (1925), "Sona xala" (1926), "Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912–1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məz­mun, üslub yenilikləri gətirmişdir.

Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Sə­mədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qor­xulu əhvalatlar uşaqları dəhşətə gətirir.

“Qorxulu nağıllar” adı təəc­cüb doğurmamalıdır. Müəl­lif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”. Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulur.

Hekayədə körpəlikdən ata-ana­sını itirən xeyirxah və cəsarətli Tutunun taleyindən danışılır. Bu zavallı qız əvvəlcə qaraçıların, sonra isə Piri babanın himayəsinə keçir. O, gözüaçıq uşaq kimi həyatın hər iki tərəfini düşünür və görür ki, tüfeyli Hüseynqulular zənginlik içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar. Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu mühitdə qəfəsdəki quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Bəyin arvadı Pəricahan xanım isə qızının qaraçı ilə dostluğunun əleyhinədir. Bir gün o, qızların birgə rəqs etmələrini görür və qəzəblənərək Tutunu vurur. Xədicə isə bağçaya qaçır və onu ilan sancır. Rəfiqəsinin səsini eşidən Tutu köməyə çatır və qızın yarasından zəhəri sümürərək, onun həyatını xilas edir. Lakin Xədicənin anasının vurduğu şillədən Tutunun dodağı yaralandığı üçün zəhər onun qanına keçir. Həkimin səylərinə baxmayaraq, Tutunun həyatını xilas etmək olmur. Beləliklə, qısa ömrünü məhrumiyyətlər içində yaşamış Tutu dostluq naminə canını əsirgəmir.

Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidməti olub. O, 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edib.

1939-cu ildə, 63 yaşında vəfat etmişdir.