MƏQALƏLƏR

Zülfü İLYASOV: Bütün hədəflərə çatacağıq

  • 13.01.2022

Dünyanı cənginə alan qlobal pandemiya bu gün də davam etməkdədir. Onun yaratdığı fəsadlar insan həyatının bütün sahələrinə öz mənfi təsirini göstərmişdir. Bir sözlə, bu bəladan ziyan çəkməyən ölkə yoxdur. İqtisadi geriləmə, işsizlik,  inflyasiya, mənəvi-psixoloji gərginlik bəşəriyyətin  normal ahəngini pozub.  Bunun nə vaxt sovuşacağı məlum deyil. Odur ki, hər bir dövlət bu bəladan çıxmaq yollarını arayır, bu  xüsusda öz milli  strategiyasını müəyyən edir. Dünya birliyinin ayrılmaz üzvü kimi Azərbaycan da  sistemli və ardıcıl olaraq vəziyyətdən çıxmaq üçün zəruri tədbirlər görür. Bu zəncirdə  sosial məsələlərin həlli ön sırada dayanır.  Özü də Azərbaycan belə bir durumla ölkə  çox ağır dönəmdə olarkən üzləşib. 44 günlük müharibə, onun yaratmış olduğu ağrı-acılar, işğaldan azad edilmiş ərazilərimizin dağıdılıb yerla-yeksan edilməsi bu çətinliyi şərtləndirən əsas amillərdir.

Bütün bu çətinliklərinə rəğmən, ölkədə iqtisadi artım qorunub  saxlanılmış,  heç bir sosial-iqtisadi layihənin icrasında səngimə, yaxud dayanma halları baş  verməmişdir. Xüsusilə, ölkədə Vətən müharibəsi iştirakçıları yüksək qayğı və diqqət ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası  Prezidentinin 2021-ci il 29 dekabr tarixli sərəncamı bu işlərin sistemli şəkildə  aparılmasında xüsusi rol oynamışdır. Sənədə əsasən, 2020-ci il sentyabrın 27-dən  noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi  bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər yeni ildən “Müharibə veteranı” adı alır və onlara “Azərbaycan  Respublikasının müharibə vetereranı” vəsiqəsi  verilir. Bu status Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında  veriləcək və həmin  şəxslər barəsində məlumatlar Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin “Zəfər” altsisiteminə  daxil  ediləcək. Həmçinin, onlara 2022-ci ildən proaktiv qaydada prezidentin aylıq  təqaüdü (80 manat) təyin ediləcək.

Digər müsbət addım hərbçilərin sığorta ödənişlərinin vaxtında və  dayanıqlı şəkildə ödənilməsi ilə bağlıdır.  Belə ki, vətəndaş məmnunluğuna nail olmaq   üçün bu sahədə idarəçiliyin elektron infrastrukturu qurulacaq. Sığorta  sisteminin səmərəli idarə olunması nəticəsində əldə olunan vəsaitlər  şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin  sosial müdafiəsinin gücləndirilməsinə sərf  olunacaq.

Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin yeni Sosial Müdafiə Mərkəzi fəaliyyətə başlayıb.  Mərkəzin yaradılmasında məqsəd əhaliyə göstərilən sosial xidmətlərin  səmərəliliyinin artırılmasından ibarətdir.  Mərkəz Sosial Xidmətlər Agentliyinin 8 saylı filialının yerləşdiyi Abşeron rayonu üzrə fəaliyyət göstərəcək və ilk  mərhələdə sağlamlıq imkanları məhdud  uşaqlar üçün reabilitasiya xidməti həyata  keçiriləcək. Burada, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq  problemli  uşaqların valideynləri üçün  sosial-psixoloji yardım təşkil ediləcək.  Mərkəzdə uşaqların inkişaf səviyyəsi  qiymətləndiriləcək, onlar sosial reabilitasiya proqramına uyğun olaraq fərdi və ya qrup terapiyalarına cəlb ediləcəklər. Uşaqlarla yanaşı, onların valideynləri də diqqət mərkəzində olacaq. Belə ki,  psixoloq tərəfindən sosial-psixoloji vəziyyəti qiymətləndirilmiş valideynlər həm fərdi, həm də qrup terapiyalarına cəlb olunacaq, valideyn  bacarıqlarının artırılması üçün təlimlər keçiriləcəkdir.  Hazırda mərkəzin xidmətinə 38 nəfər sağlamlıq imkanları məhdud uşaq cəlb edilib və gündəlik proqramlara uyğun olaraq fərdi və qrup məşğələləri keçirilir. Mərkəzdə sosial işçi,  psixoloq, pedaqoq, loqoped və aktiv terapiya üzrə mütəxəssis komanda fəaliyyət göstərir. ƏƏSMN hazırda 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən olunmuş 62 nəfər şəxsin yüksək  texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb. Onlar nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və  Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edilirlər.  Təqdim olunan “Genium” tipli, yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir. Nazirlik tərəfindən, eyni zamanda Vətən müharibəsi iştirakçılarının son nəsil protezlə təminatı prosesi davam edir. Artıq 185 nəfər  Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

Sosial islahatlar proqramının yeni istiqamətlərindən biri kimi onu da qeyd etmək lazımdır ki, ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci ilin iyunun1-dək “Dövlət icbari şəxsi sığorta” yeni altsistemi yaradılacaq.  Altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infrastrukturunun formalaşmasında önəmli rol oynayacaq. Nazirliklərin, dövlət xidmətlərinin, agentlik və komitələrin altsistemə  çıxışı təmin olunacaq. Həmin qurumlar tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar altsistemə daxil ediləcək. Nazirlik altsistemə daxil edilən məlumatların qanunla qorunmasını təmin edəcək.

Vətəndaşlara göstərilən xidmətlərdən danışarkən onu da qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzində ötən dövr ərzində 6300 şəhid ailəsi və müharibə iştirakçılarına xidmət göstərilib. Ötən il avqustun 23-dən Bakıdakı  DOST mərkəzində, noyabrın əvvəllərində Abşerondakı DOST mərkəzində, dekabrın 19-dan isə 19 rayon  və şəhəri əhatə etməklə regional əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb.  Bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbçilərə “bir pəncərə” sistemi ilə operativ, şəffaf və vətəndaş rahatlığı  prinsipi əsasında 26 istiqamət üzrə xidmətlər göstərilir. Şəhid ailələrinin, müharibə əlillərinin sağlamlıq və  reabilitasiya  problemləri ilə bağlı məsələlərin həllini dövlət bir nömrəli vəzifə kimi qarşıya qoymuşdur.

44 günlük müharibədə olduğu kimi, dövlətimizin səyi,  dövlət başçımızın iradəsi, xalq-iqtidar birliyi qarşıya qoyduğumuz bütün hədəflərə çatmağımıza imkan  verəcəkdir.

 

Zülfü İLYASOV, “İqtisadiyyat”

qəzetinin xüsusi müxbiri