MƏQALƏLƏR

“Eurovision-2012” və taksi xidməti

  • 27.05.2011
 

“Eurovision-2012” və taksi xidməti

Gələn il “Eurovision-2012” mahnı yarışması ölkəmizdə keçiriləcək. Həmin zaman paytaxtımıza gələcək turistlərin və qonaqların taksiyə olan ehtiyaclarını biz ödəyə biləcəyikmi? Əlbəttə, indiki duruma baxıb desək, bu sualın cavabı birmənalı şəkildə xeyirdir.

Hər hansı şəhərə gələn turistlərin həmin şəhərdə  yüksək səviyyədə görmək istədikləri xidmətlərdən biri də taksi xidmətidir. Belə demək daha doğru olardı ki, taksi xidməti turizm infrastrukturunun tərkib hissəsidir.

Dünyada qəbul olunmuş normalara görə turizm şəhərlərində hər 1000 nəfərə 1 taksi düşməlidir. Əgər şəhərdə ictimai nəqliyyat yaxşı inkişaf etməyibsə, bu halda 1000 nəfərə 2-yə qədər də taksi düşə bilər. Hazırda Bakıda isə təxminən hər min nəfərə 4-5 taksi düşür. Yəni bu dünyada qəbul olunmuş normadan da artıqdır. Bəs bu halda nə üçün biz Bakıda keçiriləcək yarışma zamanı turistlərin və qonaqların taksi  xidmətinə olan ehtiyacını ödəyə bilməyək?

“Eurovision-2012” mahnı yarışması zamanı taksi xidməti sahəsində çətinlik taxsi xidmətində istismar olunan nəqliyyat vasitələrinin tələblərə cavab verməməsi və xidmət səviyyəsinin aşağı olması ilə bağlı ola bilər. Turizm agentliklərindən soruşulsa onlar da təsdiq edə bilərlər ki, dəfələrlə ölkəmizə gəlmiş turistlərə taksi sürücüləri baha qiymətlər “oxuyub”, onlar aldadılıblar. Hətta ölkəmizi bu  səbəbdən incik şəkildə tərk etmiş turustlər çox olub. Bu baxımdan taksidə qiymətlərin tənzimlənməsi zərurət kimi qarşımıza çıxır. Bu xidmətdə  qiymətlər elə müəyyən edilməlidir ki, taksi xidməti zərər etməsin və bu xidmətdən istifadə edənlərin sayı azalmasın. Məsələn, hazırda özəl taksi firmaları məsafədən asılı olaraq hər kilometr üçün 60-qəpikdən 1,2 manata qədər gediş haqqı tələb edirlər. Bakıdan 60 km uzaqlıqda yerləşən Qobustan tarixi muzeyinə turistlərin gedib gəlməsi 120 km məsafə edir. Bu da minimum qiymət olan 60 qəpik hesabı ilə 72 manat deməkdir. Bu məbləğ də turistlər üçün xeyli yüksək qiymətdir.

Taksi xidmətində köhnə avtomobillərin istismarına gəldikdə isə  artıq Nəqliyyat Nazirliyi  yeni taksilərin gətirilməsinə başlanıldığını bildirib. Nazirlikdən verilən məlumata görə ölkəmizə 3000 taksi avtomobili gətiriləcək. Onlardan 1000 ədədinin bu ilin sonuna kimi gətirilməsi nəzərdə tutulub. Yerdə qalan hissəsi isə gələn il gətiriləcəkdir. Fikirimizcə “Eurovision-2012”  mahnı yarışması keçirilənə qədər taksilərin böyük bir hissəsi gətirilərsə taksilərin sayı ilə bağlı elə də çətinlik olmayacaqdır.

Həmçinin özəl taksi firmalarının sayı artırılmalıdır. Bu gün iş adamları tərəfindən taxsi xidmətinə həvəslə sərmayə yatırılmır. Bunun səbəbi qanunsuz, tələblərə cavab verməyən taksilər ücbatından bu sahəyə yönəldiləcək vəsaitin təhlükə altında  qala bilməsi ehtimalıdır. Düzdür bu gün taksi çoxlarının “çörək ağacı”dır. İş tapmayanlar, hətta təmbəllik edib başqa sahələrdə işləmək istəməyənlər köhnə bir avtomobil alıb taksi xidməti göstərirlər. Bir sözlə taksi xidməti sosial xarakter almışdır. Amma bu il ölkəmizdə “Turizm ili” elan edilibsə və nüfuzlu mahnı yarışması Bakıda keçiriləcəksə bu istiqamətdə qısa bir müddətdə tənzimləmə tədbirləri daha da sərtləşdirilməlidir.

Bakı şəhərində taksi xidməti dolaşan taksi xidmətindən daha çox çağırış əsaslı taksi xidməti olmalıdır. Sifariş xətlərinə malik olan firmalar fəaliyyət göstərməlidir. Firmaların sifariş nömrələri otellərə, turizm obyektlərinə, tarixi obyektlərə, ticarət mərkəzlərinə və s. yayılmalıdır.

“Eurovision-2012”  mahnı yarışması Bakıda keçirilən zaman internet vasitəsilə taksi sifarişi xidməti də fəaliyyət göstərməlidir.

Bu gün taksi xidməti sahəsində gündəmdə olan məsələlərdən biri taksi sürücülərinin ingilis dilini bilməsidir. Düzdür, yaxşı olar ki, taksi sürücülərimiz ingilis dilini bilsinlər. Amma bir il ərzində bu problemin həll ediləcəyi inandırıcı görünmür. Problemi həll etmək üçün taksilərdə sərnişin ilə dipeçer xidməti arasında əlaqəni təmin edəcək sistem olmalıdır. Xarici turist taksiyə əyləşir, sonra düyməni basıb dispeçer mərkəzi ilə əlaqə yaradır və haraya getmək istədiyini dispeçer xidmətinə bildirir, dispeçer xidməti də turistin getmək istədiyi yeri taksi sürücüsünə söyləyir.

Ümumiyyətlə, “Eurovision-2012”  mahnı yarışması zamanı gələn qonaqların daşınması təkcə taksilərin üzərinə qoyulmamalıdır. Avtomobillərin icarəsi xidməti də bu tədbirə hazır olmalıdır. Bu gün Bakıda avtomobil icarəsi şirkətlərində avtomobilin icarəsi onun markası və modelindən asılı olaraq təqribən 100-250 manat arasında dəyişir. Bu qiymətlər də Avropa qiymətlərindən 2 dəfə yüksəkdir.

Həmçinin turizm agentlikləri tərəfindən avtobuslar icarəyə götürüləcəkdir və onlar öz müştərilərinin hava limanında qarşılanmasını, hoteldə yerləşdirilməsini və ölkəmizdə hərəkətini təşkil edəcəklər. Bu yolla da taksilərin üzərinə düşəcək yük bir az da olsa yüngülləşəcəkdir. İndidən müasir avtobusu və mikroavtobusu olan vətəndaşlarla əlaqələr qurulmalıdır. Lazım gələrsə mahnı yarışması zamanı onlar da işə cəlb edilməlidirlər.

Ümumiyyətlə, Avroviziya mahnımüsabiqəsinə bir biznes yolu kimi deyil, milli məsələ, ölkəmizin təbliği və nüfuzunun artırılması imkanı kimi baxılmalıdır. Həm otellər, həm turizm agentlikləri, həmçinin taksi sahibləri də bu yolla getməlidirlər.

Seymur Yunusov