MƏQALƏLƏR

Səadət QƏNDİLOVA: Universitetlərdə təhsilalanların elmi tədqiqat fəaliyyəti: məqsədi, vəzifələri və problemləri YENİLƏNDİ

  • 10.03.2022

Tələbələrin elmi tədqiqat fəaliyyəti

Elmi tədqiqat işi tədris prossesinin ən çətin komponentlərindən biri olaraq, tələbələrin motivasiya sferasını, tədqiqat prosesi üçün zəruri olan elmi biliklərin metod və formalarını özündə cəmləşdirən və elmi rəhbərin - müəllimin iştirakı ilə həyata keçirilən tədris işinin kompleks tərkib hissəsidir.

Tədqiqat yalnız xüsusi istedadlı və bacarıqlı tələbələrin davamlı şəkildə işə cəlb edilməsinə deyil, eyni zamanda hər bir tələbənin yaradıcılıq prosesində bu və ya digər şəkildə iştirakına kömək etməlidir. Təhsilin bütün pillələrində tələbələrə elmi biliyin metodları, təcrübələrin planlaşdırılması və təşkili, təcrübə nəticəsində əldə edilən nəticə məlumatlarının emalı və ümumiləşdirilməsi üsulları, patent tədqiqatlarının aparılması, elmi-texniki işlərin tətbiqi kimi məsələlərin açıqlanması zəruridir.
Universitet tədris keyfiyyətinin mühüm göstəricilərindən biri də tələbələrin yaradıcılıq potensialından tam istifadə etməyə imkan verən tədris prosesinin səmərəliliyinin artırılmasıdır.
Müasir mütəxəssisin belə hazırlanmasını ancaq elmlə təhsilin vəhdəti ilə həyata keçirmək mümkündür. Bu problemin həllində aparıcı rol tələbələrin yaradıcı təfəkkürünü və öyrənmə motivasiyasını inkişaf etdirən elmi və tədris tədqiqat işlərinə məxsusdur. Bu məsələ tələbələrin elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Tədqiqat fəaliyyətində biliklər daha da dərinləşərək, təkcə tədris prossesinin qanunauyğunluqlarına deyil, həm də elmin əsaslarına təsir göstərir. Elmi tədqiqatlarla məşğul olan tələbələr müstəqil iş təcrübəsi qazanır, çətin vəziyyətlərdə bacarıqla, operativ hərəkət edərək istənilən problemin düzgün həllini tapırlar.
Ali təhsil sistemində təhsilalanların tədqiqat işlərinin bir neçə istiqaməti mövcuddür:
1) tədqiqat tapşırıqlarının tədris pro­sesinə daxil edilməsi;
2) olimpiada və konfransların keçirilməsinə və iştirakına köməklik,
3) sənaye müəssisələri ilə elmi əmək­daşlıq,
4) seçmə-fakultativ fənlər;
5) tədqiqat fəaliyyətinin kollektiv formaları: elmi dərnəklər, elmi cəmiyyətlər.
Tədqiqat prossesində idrak motivi nəzəri və yaradıcı düşüncə üsulları ilə zənginləşir. Tələbələrdə universitetin tələbə elmi cəmiyyətlərində iştirakına, dərsdə tədqiqat metodlarından istifadəyə maraq yaranır.
Eyni zamanda, onları idrak fəaliyyətinin məhsuldarlığını artırmaq yolları da maraqlandırır. Bunu tələbələrin elmi nəşrlərə, əqli fəaliyyətin rasional təşkilinə yönəlmiş ədəbiyyata olan maraqları da sübut edir. Belə olan halda müəllimlərin rolu tələbələrə elmi işin mövzusunu formalaşdırmağa kömək etməkdən, onları konkret elmi problemin həllinə yönəltməkdən və yekun nəticə əldə etməyə maraqlandırmaqdan ibarətdir.
Tələbələrin elmi işdə iştirakına motivasiya bütün problemləri həll etməyə imkan verir. Birincisi, elmi tədqiqat bacarıqlarına yiyələnən tələbələrin daha yaxşı hazırlanmasına kömək edir. İkincisi, tələbə yaradıcı fəaliyyət sahəsini mənimsəyir. Üçüncüsü, səriştəli mütəxəssislər hazırlamaqda maraqlı olan sosial mühitdə tələbə daha yüksək status qazanır.
Elm adamlarının yetişdirilməsində elmi rəhbərlər mühüm rol oynayır. Təəssüf ki, onların çoxu bu prosesə formal, laqeyd yanaşır, elmi məlumat tapmaqda öz bilik və bacarıqlarını tələbələrə zəif ötürür.
Beləliklə, əminliklə deyə bilərik ki, tələbələrin müxtəlif səviyyələrdə müxtəlif elmi konfranslarda və olimpiadalarda, elmi və intellektual müsabiqələrdə iştirakını əhatə edən tədris fəaliyyəti təkcə elmin müxtəlif sahələri üzrə fundamental bilikləri deyil, eyni zamanda həm müstəqil, həm də müəyyən iş bacarıqlarını inkişaf etdirir.
Bütün bunlar komandada problemlərin həllinə yaradıcı yanaşmanı inkişaf etdirərək, gələcək mütəxəssislərə öz ixtisası üzrə asanlıqla işə düzəlməyə, iş yerində inamla qalmağa və öz bacarıqlarını daim təkmilləşdirməyə kömək edir.
Cəmiyyətimizin peşəkar və elmi elitası olan tələbələrin elmi-tədqiqat fəaliyyətinin tək­milləşdirilməsi tələbə şəxsiy­yətinin inkişafı, onun şəxsiy­yətyönümlü və peşəkar statu­sunun formalaşmasının daxili mexanizmlərinin aşkarlanması və son nəticədə onun şəxsiyyətinin formalaşması ilə əlaqələndirilməlidir.

Tələbə Elmi Cəmiyyətinin vəzifələri
Tələbə Elmi Cəmiyyətin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
Tələbələrin elmi tədqiqat işi tədris prosesinin ən vacib komponentlərindən biridir. Tələbələr elmi cəmiyyətlərdə (TEC), konfranslarda, olimpiadalarda iştirak edir və bütün bunlar tələbələrə həmfikir insanları tapmaq, onlara özlərini elmi cəmiyyətin bərabərhüquqlu üzvü hesab etmək imkanı verir. Tədqiqat işlərinin yerinə yetirilməsi prosesində tələbələrə müxtəlif təcrübələr, sorğular, tədqiqatlar, hesablamalar aparmaqla həll edilməli olan konkret tapşırıqlar verilir. Bu tapşırıqların yerinə yetirilməsi üçün tələbələrdən müəyyən bilik və bacarıqlara malik olmaq, ədəbiyyatla işləmək, hesablamalar aparmaq, qrafiklər, diaqramlar, çertyojlar qurmaq, müxtəlif tətbiqi proqramlarla işləmək bacarıqları tələb olunur. Bütün bu göstərilənlərin öhdəsindən gəlmək üçün elmi dərəcəsi olan, istehsalatda təcrübəyə malik və müxtəlif bilik sahələrində patentləşdirilmiş işlənmələrə malik olan ixtisaslaşmış müəllimlər tələbələrə köməklik və rəhbərlik edirlər.
Elmi istiqamətdə TEC aşağıdakı vəzifələri yerinə yetirir:
1. tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
3. tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
5. tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi-tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
7. elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
8. digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi-tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işində (bundan sonra TETİ) tətbiq edilməsi;
9. müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslara, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
10. tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
12. tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
13. universitetdaxili və universitetdən kənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
Tələbələrin elmi tədqiqat işləri (TETİ)aşağıdakı bir sıra vacib funksiyaları yerinə yetirməlidir: təhsil; təşkilati, analitik; motivasiya; stimullaşdırıcı; inkişaf və tərbiyəvi.
Elmi tədqiqat işinin tələbələrin “həyat bacarığı”na təsiri
Müasir reallıqlar əyani şəkildə göstərir ki, tələbələri ilk kurslardan elmi tədqiqatlara cəlb etmədən cəmiyyət tərəfindən ali təhsil qarşısında qoyulan vəzifəni yerinə yetirmək mümkün deyil. Hər bir gənc mütəxəssis işin istiqamətindən və fəaliyyət növündən asılı olmayaraq, öz ixtisası üzrə yeni problemlərin həlli sahəsində fundamental biliklərə, peşə vərdişlərinə və bacarıqlarına sahib olmalıdır.
Elmi tədqiqat yolu ilə tələbələr bir neçə “həyat bacarığı” əldə edir: mentorluq; komandada işləmək təcrübəsi; metodologiyanı dərindən başa düşmək; təkmilləşdirilmiş öyrənmə bacarıqları; vaxtın idarə edilməsinin təşkili üzrə təcrübə; özünə inamın artması; ünsiyyət bacarıqlarının əldə edilməsi.
Bütün bu yanaşmalar tələbələrin elmi təfəkkürünün inkişafına, onlarda yeni ideyaların təbliğinə təkan verir.
UNEC-də tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edən layihələr
Azərbaycanın qabaqcıl elm və təhsil müəssisələrindən birinə çevrilmiş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdim olunan ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dünya standartları səviyyəsinə çatdırılması və ali təhsil sahəsində müsbət beynəlxalq təcrübədən səmərəli istifadənin artırılması istiqamətində müvafiq işlər həyata keçirilir.
Hazırda UNEC tədris və tədqiqat fəaliyyətlərini həyata keçirən elm və təhsil ocağına çevrilərək, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir və beynəlxalq proqramlarda iştirak edir.
Müasir universitetin qarşısında duran mühüm vəzifələrindən biri də “yeni nəsil tədqiqatçı” yetişdirməkdir. UNEC-də gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, “gənc tədqiqatçı” müsabiqələri keçirilir. Tələbələrin seçdikləri ixtisas üzrə keyfiyyətcə yeni səviyyədə tədris imkanı verən elit təhsil proqramı mövcuddur.
Tədris prosesində tələbələr müxtəlif səviyyələrdə, o cümlədən ümumrespublika və beynəlxalq səviyyələrdə bütün növ olimpiadalarda iştirak etmək imkanı əldə edirlər.
Olimpiadada iştirak onlara müxtəlif fənlər üzrə bacarıq nümayiş etdirməyə, ünsiyyət coğrafiyasını genişləndirməyə və biliklərini artırmağa imkan verir.
UNEC Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı müəllim və tələbə nəsillərinin əməyi sayəsində adət-ənənələrə sadiq qalıb, eyni zamanda davamlı olaraq inkişaf edərək təkmilləşmişdir. TEC-in sədri, bir qayda olaraq, universitetin Elmi Şurasının üzvü kimi tələbələri maraqlandıran məsələlərin müzakirə edilməsində iştirak edir.

 

UNEC-də tələbələrin elmi fəaliyyətini artırmaq üçün aşağıdakı üsüllardan istifadə olunur:
1. iqtisadiyyatın real sektorundan mütəxəssislərin cəlb edilməsi ilə müzakirələrin aparılması;
2. tələbələrin təsərrüfat-müqavilə işlərinin və elmi tədqiqat layihələrinin icrasına cəlb edilməsi;
3. kiçik akademik qrupların formalaşdırılması.
UNEC-də 11 tələbə təşkilatı mövcuddur. Ənənəvi tələbə təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “İqtisadçı Tələbələrə Dəstək” İB və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB fəaliyyət göstərir. Universitetimizdə təhsil alan 374 nəfər əcnəbi tələbələrlə yerlilər arasında da düzgün sosial-iqtisadi inteqrasiyasını təmin etmək, əcnəbi vətəndaşlara Azərbaycanın zəngin mədəni irsi, tarixi, adət-ənənələri və milli dəyərləri haqqında məlumat vermək məqsədi ilə “Cross-Cultural Club” adlı təşkilat yaradılmışdır.
Son illərdə tələbələrimiz Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə universitet, respublika və beynəlxalq səviyyədə keçirilən bir sıra elmi konfranslarda, forum və müsabiqələrdə fəal iştirak edir, intellektual oyunların qalibi olaraq, yüksək nailiyyətlər əldə edirlər.
Belə ki, ideya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən “Science Slam” yarışına bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə kimi 2017-ci ildən etibarən ilk dəfə olaraq Azərbaycanda, məhz UNEC-də beynəlxalq “Science Slam” elm müsabiqəsinə start verilmişdir. “UNEC Science Slam” müsabiqəsinin əsas fəlsəfəsi - həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq onun populyarlaşdırılmasına, tələbələrimizin dünya elminə çevik inteqrasiyasına dəstək olur və xüsusən tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edir. Belə ki, layihənin şərtlərinə uyğun olaraq, "Science slam"da iştirakçılar araşdırdığı mövzunu və ya hər hansı bir alimin elmi tədqiqatını 10 dəqiqə ərzində auditoriyaya çatdırmalıdır. Araşdırmada iqtisadi baxış olmalıdır. Layihənin önəmi ondan ibarətdir ki, dinləmələr yalnız qeyri-rəsmi şəraitdə, musiqi və vizual görüntülərin müşayiətilə aparılır. İzləyicilər bəyəndikləri tədqiqat işini əl çalmaqla alqışlayır, daha çox alqış səsi qazanan (səsölçən aparat vasitəsilə) tədqiqatçılar qalib hesab edilir. Bu müsabiqə elmin populyarlaşması üçün unikal bir formatdır və intellektual potensialın möhkəmlənməsində önəmli rol oynayır.
“Science Slam” elm müsabiqəsi üzrə I, II və III yerləri qazanan tələbələrin həmin müsabiqəyə təqdim etdikləri elmi-tədqiqat işinin Yekun Dövlət Attestasiya Komissiyası tərəfindən buraxılış işi kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. UNEC ölkədə geniş rezonans yaratmış “Science Slam” müsabiqəsinin ilk dəfə olaraq orta məktəblərdə yuxarı sinif şagirdlərində elmin müxtəlif sahələrinə maraq oyatmaq məqsədi ilə məktəblərdə (60, 160 və 189-190 nömrəli məktəblər) təbliğ edilməsini həyata keçirmişdir.
“İqtisadçı Tələbələrə Dəstək” İB (“İTD” İB) fəaliyyəti dövründə tələbələrə vətənpərvərlik və xeyriyyəçilik hisslərini aşılamaq məqsədi ilə gənclər arasında yaradıcılığın inkişafına yardım edir, elmi araşdırmalar aparır, ölkədə və xaricdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və birlikdə layihələr həyata keçirir. “İTD” İB-nin təşəbbüsü ilə UNEC tələbələri ölkədə ilk dəfə olaraq, yeni “Kitab at” adlı çox maraqlı və özündə mütərəqqi ideyalar daşıyan layihəyə start verərək, onu ölkənin iri şəhərlərində - Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda həyata keçirmişdir. Məqsəd qədim adətlərə söykənən Novruzda papaqatma ənənəsini “Kitab at”la gündəmə gətirməklə ölkədə mütaliə mədəniyyətinin inkişafına nail olmaqdır.
Təhsil sistemində ilk dəfə olaraq, UNEC-də onlayn “Bir pəncərə” xid­məti də tələbələrimizin istifadəsinə təqdim edilmişdir. Layihənin məq­sədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənəd­lərini ən qısa müddətdə əldə edə bil­məsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və Enactus Azərbaycanın birgə təşkilatçılığı ilə “Gənc sahibkarlarla görüş” layihəsi keçirilir. UNEC-də “Talk From Business” layihəsi gənclərin gələcək bizneslərini qurmaq üçün yaradılan layihədir. Platformanın qurucuları və əsas aparıcı qüvvələri gənclərdən ibarət komandadır.
UNEC təcrübəsində ilk dəfə olaraq “İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri” mövzusunda tələbələrin elmi-tədqiqat materialları əsasında hazırlanan kitab AccessBank-ın maliyyə dəstəyi hesabına çap olunub.
Keyfiyyətli təhsilin təməlində zəngin kitabxana dayanır və UNEC-də 7 gün 24 saat müasir standartlara cavab verən kitabxana tələbələrin istifadəsinə verilib. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmək və xüsusi bacarığı ilə seçilən gənclərin bu potensialını daha da inkişaf etdirmək məqsədi ilə UNEC-in Yaradıcılıq Mərkəzinə üzv olmaq, eləcə də Radio UNEC-də maraqlı layihələrlə çıxış etmək imkanı var.
UNEC Kitabxana İnformasiya Mər­kəzi və Tələbə Elmi Cəmiyyəti İQuiz İntellektual klubunun birgə təşkilatçılığı ilə "Biliyin carçıları" Milli Kvest Yarışı keçirilir. Yarışın keçirilməsində əsas məqsəd oxumağa və öyrənməyə meylli tələbələrin iqtisadi, tarixi, mədəni, məntiqi bilik və bacarıqlarının üzə çıxarılması, tələbələrin komanda ilə işləmə qabiliyyətlərinin yüksəldilməsi, birgə və intensiv qərarvermə xüsusiyyətlərinin inkişaf etdirilməsidir.
UNEC-in müəllim və tələbələrinin həmmüəllifi olduqları bir neçə məqalə “Davamlı İnkişafın sosial-iqtisadi problemləri” mövzusunda 18-19 iyun 2020-ci ildə 55-ci Beynəlxalq elmi konfransın kitabında nəşr olunub. Konfransın materialları beynəlxalq indeksləşdirilmiş elmi baza olan “Web of Science”a daxildir.
Azərbaycan Dövlət İqtisad Univer­sitetinin (UNEC) tələbələrinin məqa­lələri Scopus və Web of Science məlumat bazasına daxil olan International Journal of Social Economics (ISSS 0306-8293) jurnalında nəşr olunub. Jurnalın SCOPUS tərəfindən hesablanan 2019-ci il üçün impakt faktoru (CiteScore) 1.2 -dir və Q2 kateqoriyasında yer alır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Mehin Əmiraslanova, Nigar Bəkirova və Nərmin Eynizadənin həmmüəllifi olduqları “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz (Determinants of housing prices in Baku: empirical analyses)” mövzusunda tədqiqat işi SCOPUS və Web of Science məlumat bazasına daxil olan International Journal of Housing Markets and Analyses (ISSS 1753-8270) jurnalında dərc olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” Mərkəzinin mühasibat uçotu ixtisasının III kurs tələbələri Vəli Səməndərli və Zaur Məmmədovun həmmüəllifi olduqları “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” (“Impact of agressive policy to the economy of Armenia”) adlı məqalə 58-ci Beynəlxalq elmi konfransda məruzə edilib. Məqalədə Qarabağ müharibəsi və Ermənistanın təcavüzkar siyasətinin həmin ölkənin iqtisadiyyatına və regiona təsirləri araşdırılıb. Ermənistanın yaratdığı və davam etdirdiyi münaqişə nəticəsində regional və beynəlxalq layihələrdən kənarda qalaraq itirdiyi imkanlar iqtisadi cəhətdən təhlil edilərək rəqəmlərlə göstərilib. Bununla yanaşı, məqalədə regionun ümumi mənzərəsinə nəzər yetirilərək, Azərbaycanla daim əməkdaşlıq edən Gürcüstan dövlətinin gəlirləri və əks mövqedə olan Ermənistanın itkiləri müqayisəli şəkildə təhlil edilib, Ermənistanın itirdiyi iqtisadi mənfəət statistik göstəricilərlə ifadə olunub. Konfransın materialları beynəlxalq indeksləşdirilmiş elmi baza olan “Web of Science”a daxildir.

 

UNEC Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin əsas perspektivləri
UNEC-də elmi tədqiqat sahəsində təxirəsalınmaz vəzifələrdən biri də tələbələr üçün tədris proqramlarında elmi işlərin hazırlanması və yazılması kursunun tətbiqidir. Aşağı kurslarda bunlar ədəbiyyat icmallarının tərtibi və tərkibi üzrə seminarlar, orta kurslarda məqalələrin yazılması və planların tərtib edilməsi metodikası ilə tanışlıq, yuxarı kurslarda bir növ təlim olan müstəqil və kurs işlərinin yazılması və müdafiəsi üzrə seminarlar ola bilər.
UNEC Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin əsas perspektivləri aşağıdakı kimi görünür: tələbələrin elmi işlərlə erkən tanışlığı; tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi; mövcud elmi məktəblər çərçivəsində aparıcı professorların rəhbərliyi ilə akademik qrupların yaradılması; universitetlərarası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi; tələbələrin nəşriyyat və innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün şəraitin yaradılması; tələbələrin əqli mülkiyyətin müxtəlif formalarının inkişafı və əldə edilməsi prosesinə cəlb edilməsi; Qrant siyasətinin formalarının təkmilləşdirilməsi.
Elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsinin nəticələrini aşağıdakı kimi qiymətləndirə bilərik:
1. yüksək nəticələr əldə etmiş tələbələrin magistratura və doktorantura təhsili alması üçün tövsiyələr;
2. ictimai həvəsləndirmə (təşəkkür elan etmə, mükafatlandırma və s.);
3. elmi fəaliyyətin nəticələrinin dərci, müəlliflik şəhadətnamələrinin alınması və s.;
4. tələbənin istəyi əsasında fərdi təhsil trayektoriyasının formalaşdırılması;
5. işəgötürən tərəfindən "müəyyənləşdirilməsi" və daha bacarıqlı tələbələrin işə cəlb edilməsi, bununla da onların universitetin həyatındakı rolunun artırılması;
6.ən istedadlı tələbələr üçün ölkənin digər universitetlərində və xaricdə təcrübə keçməsinin təmin edilməsi;
7. qrant vəsaitlərinin cəlb edilməsi və müqavilə işlərinin yerinə yetirilməsi.
8. universitetdə tələbələrin məqalələrinin dərc edilməsi üçün müvafiq jurnalın təsis edilməsi.
Hazırda UNEC-də Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi ilə məşğul olan “İslam maliyyə mərkəzi”, “Avropa iqtisadiyyatı tədqiqat mərkəzi”, “Empirik tədqiqatlar mərkəzi”, “Xarici ticarətə dəstək mərkəzi”, “Digital marketinq mərkəzi”, “Ermənistan iqtisadiyyatını araşdırma mərkəzi”, “İnkişaf iqtisadiyyatı laboratoriyası”, “Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi”, “Koqnitiv iqtisadiyyat tədqiqat mərkəzi”, “Bilik iqtisadiyyatı tədqiqat mərkəzi” kimi mərkəzlər fəaliyyət göstərir.
Yeni yaradılmış bütün bu strukturlarda UNEC-in professor-müəllim heyəti ilə birgə tələbə, magistr və doktorantlar da tədqiqat aparmaq imkanı əldə etmişdir. Universitetimiz qarşıdakı illərdə tədqiqat universiteti statusunu əldə etməyi özünün başlıca strateji məqsədlərindən biri kimi müəyyən etmişdir.

 

 

Səadət QƏNDİLOVA,

Əməkdar müəllim, dosent,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru