AZ və Mercedes camaatı qırır
AZ və Mercedes camaatı qırır
Ölkəmizdə ən çox hansı markalı avtomobillər qəzaların iştirakçısı olurlar? Yol-nəqliyyat hadisələri daha çox hansı növdə baş verir? Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol-nəqliyyat hadisələri ilə bağlı yaydığı kriminal xronikanı təhlil edərək bu suallara cavab tapdıq.
Qəzalarda iştirak etmiş 100 avtomobildən 57-si VAZ və Mercedes-Benz-dir
Daxili İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilmiş kriminal xronikanı təhlil etdikdə məlum olur ki, ən çox qəzaların iştirakçısı olan avtomobillər VAZ markalı avtomobillərdir. Novruz bayramından 20 may tarixinə qədər keçən dövr ərzində cinayət işlərinin açılmasına səbəb olmuş və ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrində markası naməlum qalmışlar istisna olmaqla 173 avtomobil iştirak etmişdir. Ailələrə bədbəxtlik gətirmiş hadisələrin 67-sinin iştirakçısı, başqa sözlə desək, 40 faizi VAZ markalı avtomobillər olmuşdur.
Son iki ayda insanların həyatına son qoyan ikinci avtomobil markası Mercedes-Benz-dir. Qəzalarda 29 ədəd Mercedes-Benz iştirak etmişdir ki, bu da iştirakçı markaların 17 faizi deməkdir. Ümumiyyətlə, son iki ay ərzində qəzalarda iştirak etmiş 100 avtomobildən 57-si VAZ və Mercedes-Benz olmuşdur. Daha ətraflı məlumatlar cədvəldə əks olunmuşdur.
Avtomobillərin nəyəsə vurulması və aşırılması toqquşmalardan daha çoxdur
Yol-nəqliyyat hadisələri ilə bağlı xronikanı təhlil etdikdə məlum oldu ki, sən demə yol qəzalarının çoxunda avtomobillər toqquşmur, avtomobillərin əksəriyyəti piyada və digər maneələrə vurulmuş ya da aşırdılmışdır. Belə ki, 124 hadisədən 45-də avtomaşınlar toqquşmuş, 34-də piyadalar vurulmuş, 24-də digər maneələrə vurulmuş və 21-də isə avtomobil aşırılmışdır. Göründüyü kimi avtomobilini insana, ağaca, dirəyə, hasara vuranlar və çaya, dərəyə aşıranlar yollarda toqquşanlardan daha çoxdur.
Günah sürücülük vəsiqəsini verəndədi, yoxsa avtomobildə?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2010-cu ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri ilə bağlı hesabatı açıqlayaraq elan etmişdi ki, “VAZ” markalı avtomobillər digər ölkələrin istehsalı olan avtomobillərlə müqayisədə təhlükəsizlik baxımından geri qalır. İdarənin məlumatına görə, ötən il yol qəzalarının 51,6 faizi texniki parametrlərə cavab verməyən, Rusiya istehsalı olan avtomobillər tərəfindən törədilib və nəticədə 344 nəfər həlak olub.
Rusiyanın “AvtoVaz” şirkətinin ölkəmizdə rəsmi idxalçısı “Xəzər-Lada”Açıq Səhmdar Cəmiyyətindən isə yol polisinin açıqlamasına cavab olaraq bildirilmişdi ki, "Avto-VAZ"ın istehsal etdiyi bir sıra modellər beynəlxalq normalara uyğun sınaqdan keçirilib və onlara sertifikatlar verilib. Xüsusilə “VAZ-21074” markalı avtomobilin gövdəsi xüsusi poladdan hazırlanmış metal qurğularla möhkəmləndirilib, kuzovu tamamilə metaldan yığılıb. “Priora” və “Kalina” modelləri isə təhlükəsizlik yastığı, ABS, sükanı idarə etmənin gücləndiricisi, parktronik sistemi, kondisioner, tunelə girdikdə işıqların avtomatik yanması və s. bu kimi təhlükəsizlik vasitələri və komfortla təchiz edilib.
Yol-nəqliyyat hadisələrində daha çox VAZ markalı avtomobillərin iştirak etməsini mütəxəssislər əsasən üç səbəb ilə əlaqələndirirlər. Bunlardan birincisi VAZ markalı avtomobilləri daha çox gənclərin və sürücülük təcrübəsi az olan vətəndaşların sürməsidir. İkinci səbəb isə bu avtomobillərin təhlükəsizlik standartlarına uyğun olmaması ilə bağlıdır. Həmçinin digər səbəb kimi də ölkədə avtomobillərin yarıdan çoxunun VAZ markalı avtomobillərin olması göstərilir.
Seymur Yunusov
Son iki ay ərzində yol-nəqliyyat hadisələrində iştirak etmiş markalar
Yol-nəqliyyat hadisələrində iştirak etmiş markalar |
Sayı |
Payı, %-lə |
VAZ |
67 |
40 |
Mercedes-Benz |
29 |
17 |
Kamaz |
8 |
5 |
QAZ |
8 |
5 |
Toyota |
6 |
4 |
BMW |
5 |
3 |
Hyundai |
4 |
2.5 |
Azsamand |
4 |
2.5 |
Zil |
4 |
2.5 |
Digər markalar |
38 |
18,5 |
Cəmi bütün markalar |
173 |
100% |
Yol-nəqliyyat hadisəsinin növləri
Hadisənin növü |
Sayı |
Toqquşmuşdur |
45 |
Vurmuşdur: o cümlədən |
|
-Piyadaları |
34 |
-Digər maneələrə |
24 |
Aşırmışdır |
21 |
Cəmi |
124 |