MƏQALƏLƏR

Biz iqtisadiyyatımızı vergi yolu ilə tənzimləməliyik

  • 27.05.2011
 

Biz iqtisadiyyatımızı vergi yolu ilə tənzimləməliyik

 “Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.”

HEYDƏR ƏLİYEV

Ümumiyyətlə, Heydər Əliyev barədə, onun Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri barədə cildlərlə əsər yazmaq olar. Bu tarixi şəxsiyyətin həyat fəaliyyəti bütünlüklə ölkəmizin və xalqımızın gələcəyinin təmin edilməsinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın siyasi və iqtisadi cəhətdən qüdrətlənməsinə, vətəndaşlarımızın firavan həyat tərzinin formalaşmasına yönəldilmişdir.

Tarixə nəzər saldıqda tarixi şəxsiyyətlərin böyüklüyü bir tərəfdən onların yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin gələcək əks-sədaları, uzun illər hadisələrin axarına təsiri ilə müəyyənləşir. Bu baxımdan, ümummilli liderin şah əsəri olan - müasir Azərbaycan bu fikirlərə bariz nümunədir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev banisi olduğu milli dövlətçilik konsepsiyasının inkişafına təkan verdi. Gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz bütövlüyünü, dövlət müstəqilliyini qoruyub saxladı, xalqımız vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alındı, böyük quruculuq işlərinə başlanıldı və dövlətçilik tarixinin yeni mərhələsinin əsası qoyuldu. Bununla da respublikada iqtisadiyyatın inkişafı və kompleks islahatların həyata keçirilməsinə real şərait yarandı.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən quruldu, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı.

 Respublikamızın müxtəlif sahələrində olduğu kimi, müstəqil vergi sisteminin də yeni standartlar əsasında qurulması məhz ulu öndərin adı ilə bağlıdır. Ümumiyyətlə, iqtisadi inkişaf səviyyəsindən və ictimai quruluşundan asılı olmayaraq bütün dövlətlər öz siyasi, ictimai və təsərrüfatçılıq vəzifələrini yerinə yetirmək üçün müəyyən maddi bazaya - maliyyə resurslarına malik olmalıdır. Bu resursları toplamaq, müəyyən bir fondda cəmləşdirmək üçün dövlət xüsusi aparatı yaradır, vergilərin hesablanması, tutulması qaydalarını, növlərini müəyyən edir. Yəni bir sözlə - vergi sisteminə mövcud vergi münasibətlərinin reallaşmasına, ölkədə vergi toplanmasına  şərait yarada biləcək hüquqi qanunların, qaydaların, normaların, normativlərin, müvafiq vergi institutlarının, mexanizlərinin məcmusu kimi baxmaq olar.

Vergi sisteminin təşəkkülü tarixi çox böyükdür və bütün tarixi əks etdirmədən qısaca olaraq mövzuya nəzəri-konseptual çərçivədən yanaşaraq onu qeyd etmək olar ki, kapitalizm ilk dəfə İngiltərədə yarandığı üçün bazar iqtisadiyyatına məxsus vergi sisteminin qurulması məhz ilk dəfə bu ölkədə həyata keçirilmişdir. Digər ölkələr bu təcrübədən istifadə etmişlər. Bəziləri onu təkmilləşdirmiş, bəziləri isə təhrif olunmuş şəkildə tətbiq etmişlər. Lakin hal-hazırda bütün inkişaf etmiş ölkələrin (İEÖ) və inkişaf etməkdə olan ölkələrin (İEOÖ) artıq kifayət qədər cilalanmış, dövlətin əlində iqtisadi təsir alətinə çevrilmiş vergi sistemi vardır. Vergi sistemi bu ölkələrin milli xüsusiyyətlərinə, iqtisadi inkişaf istiqamətlərinə və səviyyəsinə uyğun olaraq təkmilləşdirilir və istifadə edilir.

Müxtəlif ölkələrdə vergi sistemi quruluşuna, alınma üsuluna, vergi dərəcələrinə, vergi bazasına, vergi güzəştinə görə bir-birindən fərqlənir. Bu qanunauyğun haldır. Belə ki, vergi sistemi müxtəlif iqtisadi, siyasi və sosial şəraitin təsiri altında formalaşır. Bu müxtəlifliyə baxmayaraq istənilən vergi sistemi aşağıda qeyd edilən ümumi prinsiplər əsasında formalaşır:

1.   Səmərəlilik və neytrallıq prinsipi;

2.  Dəyişkənlik prinsipi;

3.  İnzibati sadəlik prinsipi;

4. Şəxsiyyətin prioritetliyi prinsipi;

5.  Siyasi məsuliyyət prinsipi;

6. Ədalətlilik prinsipi.

 Məhz elə respublikamız müstəqillik qazandıqdan sonra ümummilli liderin rəhbərliyi altında vergi sahəsində vergi sisteminin formalaşdırılması üçün yuxarıda vurğulanan prinsiplər prioritet götürülərək təkmilləşdirilmiş və bugünkü müasir vəziyyətini almışdır.

Habelə vergi siyasəti anlayışının əsas koordinatları müəyyənləşdirilmiş və bu sahədə radikal islahatların aparılmasına başlanılmışdı. Bu anlayışa uyğun olaraq müstəqil Azərbaycan Respublikasının vergi sisteminin təşəkkül prosesi baş tutmuşdur.

      Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin başçılığı altında müstəqillikdən sonra vergi sahəsində edilmiş islahatlar aşağidakilardir:

Vergi Məcəlləsinin qüvvəyə minməsi - Qanunvericilik bazasının yaradılması istiqamətində əsaslı işlər 1998-ci ildən başlanmışdı. Ümummilli liderin şəxsi nəzarəti altında iki illik gərgin səylərin nəticəsi olaraq 2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi qüvvəyə mindi.      

      Vergi Məcəlləsinin ölkəyə qazandırdıqları:

1.      Sahibkarlığın inkişafı və ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması.

2.      Yeni sənədlə tətbiq olunan 13 vergi növü əvəzinə 8 vergi növü və buna alternativ olaraq sadələşdirilmiş sistem üzrə vergitutma təsbit olunmuşdur.

3.      Əksər vergi növləri üzrə dərəcələr aşağı salınmış, aksizə cəlb olunan malların siyahısı minimuma endirilmişdir.

4.      Sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılmasına imkan verildi.

5.      Məcəllə qəbul edildikdən sonra:

a)     Vergi ödəyicisinin ildə bir dəfədən az olmayaraq mütləq yoxlanılması;

b)     Bir vergi ödəyicisinin eyni zamanda həm baş dövlət vergi müfəttişliyi, həm Bakı şəhəri dövlət vergi müfəttişliyi və müvafiq rayonlar üzrə dövlət vergi müfəttişlikləri tərəfindən yoxlanıla bilməsi;

c)      Vergi orqanları  tərəfindən 18 halda maliyyə sanksiyası tətbiq edilməsi;

d)    Və bunun da həddi ödənilməli vergi məbləğinin 50-300 faizi arasında olması kimi neqativ hallar aradan qalxdı.

 Artıq 1999-cu ildən başlayaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsinə dair hazırlıq işlərinə başlanıldı. Müasir vergi sisteminin formalaşdırılması sahəsində növbəti addım Vergilər Nazirliyinin yaradılması oldu. Müdrik siyasətçi Heydər Əliyev 11 fevral 2000-ci il tarixli 281 nömrəli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edəcək və bu sahədə dövlət nəzarətini həyata keçirəcək mərkəzi icra hakimiyyəti orqanının – Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması barədə qərar qəbul etdi.

 Vergilər Nazirliyi yaradıldıqdan sonra:

1. Vergi orqanlarının strukturu müasirləşdirilmiş;
2. Respublikanın 60 şəhər və rayon vergilər idarələri ləğv edilmiş;

3. Vergi orqanı əməkdaşlarının sayı 40 faiz azaldılmış;

4. Son illərədək tam da olmasa, əsasən büdcə öhdəliklərində kəsir və ya proqnozların yerinə yetirilməsi nəzərə çarpmış;

5. Vergi daxilolmalarının həcmi 2000-ci illə müqayisədə müəyyən illər üzrə bir neçə dəfəyə qədər artmışdır. Bu nəticə etibarı ilə ÜDM-də xüsusi çəkisini artıraraq iqtisadi artıma öz xüsusi töhfəsini vermişdir.

 Ümummilli liderin vergi inzibatçılığının təkmilləşdirilməsi məsələlərinə xüsusi önəm verməsi müxtəlif fərmanlarda öz əksini tapmışdır. Ötən müddət ərzində vergi orqanları təkcə struktur baxımdan yenidən qurulmamış, həmçinin vergi xidmətində yeni iş proseslərinin tətbiq edilməsi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında təmassız münasibətlərin qurulması, vergi bəyannamələrinin poçtla və elektron üsulla qəbul edilməsi, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanması, vergi xidmətinin yaradılması bütövlükdə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına və şəffaflığın təmin edilməsinə şərait yaratmışdır. Bu siyasi kursun davamı olaraq cənab  İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli  992 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinə dair Dövlət Proqramı” nı vurğulamaq yerinə düşərdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın vergi sahəsindəki fəaliyyəti  və yenidən qurulmasında xidmətləri danılmazdır. Bütövlükdə bu sahədə aparılan islahatların strategiyası və əsas istiqamətləri məhz onun rəhbərliyi altında hazırlanmış və həyata keçirilmişdir. Bu gün vergi sahəsində əldə edilmiş nailiyyətləri və aparılan işlərin nəticəsini gördükdə əldə edilmiş uğurların onun müdrik və uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulamağı özümə borc bilirəm.

 Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırmaqla, inkişaf üçün güclü iqtisadi baza və yaxşı zəmin yaratmaqla, tənəzzül etmiş milli iqtisadiyyatı inkişaf tendensiyasına çıxartmaqla müstəqil Azərbaycan dövlətinin ilk qurucusu eyni zamanda müasir vergi xidmətinin banisi kimi yaddaşlarda əbədi qalacaqdır.

 Heydər Əliyev müasirlərinin, onun işlərini davam etdirməyə bu gün məsuliyyət daşıyanların, əsasən biz – gənc nəslin borcu bu dahi şəxsiyyətin yaratdığı maddi və mənəvi dəyərlərin mahiyyətini, əhəmiyyətini dərindən dərk etmək, onları həyata keçirməkdən ibarətdir. Təbii olaraq, bunlara nail olmaq üçün cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün vətəndaşları, xüsusilə gənclərimiz, ümummilli liderin böyük arzularının reallaşmasına, onun müstəqil, güclü, inkişaf və tərəqqi içində olan Azərbaycanı görmək arzusuna nail olmaqda öz qüvvələrini səfərbər edib birləşdirəcəklər.

Və yekunda  ümummilli lider Heydər Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi:  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”

 Orxan Мəmmədli