MƏQALƏLƏR

Sahibkarlığın inkişafında dönüş günü - 25 aprel 2002-ci il

  • 28.04.2022

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuş, onun çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, respublikamızı öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli yüksəltmişdir.
Azərbaycanın hazırkı dayanıqlı və hərtərəfli tərəqqisinin əsası da Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Ümummilli lider tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.
"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" deyən Heydər Əliyev ölkənin gələcək iqltisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ümummilli liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və onların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar verməsi, fərman və sərəncamlar imzalaması özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.
Belə görüşlərə nümunə kimi 20 il bundan əvvəl - 2002-ci il aprelin 25-də yerli və mayın 14-də Azərbaycanda fəaliyyət göstərən xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Həmin görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur. Həmin dövrdən keçən 20 il ərzində Azərbaycanda iqtisadiyyatın dayanıqlığı üçün sahibkarlığın inkişafı prioritet istiqamət olaraq Prezident İlham Əliyevin diqqət mərkəzində olmuş və bu sahədə mühüm uğurlar əldə edilmişdir. Məhz bu görüşlərin Azərbaycanda özəl sektorun inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü" kimi təsis edilmişdir.
Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.
Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün inkişaf prosesində orta təbəqənin - iqtisadi inkişafın və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsna əhəmiyyət daşıyır. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz". Sahibkarlığın inkişafına münasibətdə belə ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.
Sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə mənəvi dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı məsuliyyətlə üzərinə götürərək, təmənnasız həyata keçirənlər arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Mehriban xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır. Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki Azərbaycanın inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı dövrü yaşayan ölkələr üçün nümunəyə çevrilir. Müasir dünyamızın ən parlaq siyasi liderlərindən olan cənab İlham Əliyev xalqımızın mütləq səsi ilə 2018-ci ildə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkidəki parlaq qələbə bizi müasir tariximizdəki ən böyük nailiyyətə yetirən böyük bir yolun başlanğıcı idi. Azərbaycan xalqı bu dəfə də öz müdrik seçimini edərək, Prezident İlham Əliyevə göstərilən mütləq etimadın, illərdən bəri torpaqlarımızın azadlığı uğrunda aparılan fədakar mücadilənin son mərhələsini də tamamlamağa şərait yaradacağına, bizi tarixi zəfərimizə qovuşduracağına bütün qəlbi ilə inandı və bu dəfə də yanılmadı.
Məlum olduğu kimi, son iki il Azərbaycan xalqı üçün çox əlamətdar olmuşdur. Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısıdır. 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Ötən il Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atıldı. Vətən müharibəsindəki böyük zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlər oldu. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra etməyə başladı.
Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, açılışlarına qatılır. Ümumilikdə Prezident ötən il Qarabağa və Şərqi Zəngəzura 32 səfər çərçivəsində 21 obyektin açılışını etmiş, 37 təməlqoyma mərasimində iştirak etmişdir.
Cari il aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş birinci rübün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı öz çıxışında bildirmişdir: "Bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz real nəticələr verir, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr bu reallıqlara gətirib çıxarıb. Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik".
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində böyük işlər görülür. İnsanların tezliklə öz yurd-yuvalarına qayıtması üçün infrastruktur layihələrinin həyata keçirilməsi, bu torpaqlarda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanması üçün mühüm tədbirlər həyata keçirilir.
Prezident Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək, onları həm Ağdama, həm də işğaldan azad edilmiş digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün hər şəraitin yaradıldığını vurğulayan prezident bildirdi: "Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar".
Ölkə prezidenti aprelin 12-də keçirilən müşavirədə yekun nitqində bir daha qeyd etdi ki, "Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın 1-2 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar".
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq, azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük Qayıdışın daha qısa zamanda həyata keçirilməsinə böyük töhfə verəcəkdir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlərin Bakıda keçirilmiş növbədənkənar görüşündə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilmişdir. Həmçinin, təşkilat bütün üzvlərinə müraciət edərək, şəhid ailəsi üzvlərinin, qazilərin işlə təminatında aktiv olmağa çağırmışdır.
İndiki şəraitdə, xüsusilə postmünaqişə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Konfederasiya da öz imkanlarından istifadə edərək azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır. Qeyd edək ki, artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır. Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək, insanların öz doğma yurdlarına dönməsinə nail olacağıq.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 28 ölkədən olan xarici şirkətlər 226 layihə təqdim etmişlər. Dövlətimiz də Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerli və xarici sahibkarları bərpa-quruculuq işlərində dəstəkləmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Gələcəkdə burada çalışan sahibkarlar müxtəlif vergi və rüsumlardan azad oluna bilərlər. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində əsas maliyyə qaynağı dövlət vəsaiti olacaq. Ancaq bu ərazilərə iri məbləğdə xarici investisiya qoyuluşu həyata keçiriləcəyi də heç kəsdə şübhə doğurmur. Çünki dövlət tərəfindən burada çalışan şirkətlərə hər cür dəstək verilir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda iş qurmaq istəyən ölkə sahibkarlarının təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi 70-ə yaxın təklif hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar "Yeni memarlıq", "Ağıllı şəhər", "Ağllı kənd", "Yeni iqtisadiyyat" və digər layihələrdir.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə müasir və təhlükəsiz yaşayışın təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə ölkə prezidentinin müvafiq sərəncamları ilə "YAŞAT" Fondu və "Qarabağ Dirçəliş Fondu" yaradılmışdır. Həmin fondlara ianələrin köçürülməsində Azərbaycan sahibkarları da aktivlik göstərirlər.
Ölkədə yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2021-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer aldı. Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edildi. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra göstəricilər üzrə öndə oldu. Bundan əlavə, Heritic Fondunun 2021-ci ilin nəticələrinə əsasən elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə 178 ölkə arasında Azərbaycan 38-ci pilləyə yüksəldi.
Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb.
Məlum olduğu kimi, iki ildən artıq müddətdə bütün bəşəriyyət görünməz bir düşmənə - koronavirus pandemiyasına qarşı mübarizə aparmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək, dünyada öz fəal rolunu oynamışdır. Bu dövrdə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirilmiş, görüşdən sonra 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərlik Azərbaycana həvalə olunmuş və hərəkatın sədri Prezident İlham Əliyev seçilmişdir. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı və dəstəyi ilə Azərbaycanın bu hərəkata rəhbərliyi bir il daha uzadılmışdır. Bu isə Prezident İlham Əliyevə göstərilən böyük etimadın təzahürü idi.
Koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda ölkəmiz qlobal böhranın təsirindən maksimum qorunmuş, sahibkarlığa dəstək tədbirləri ardıcıl davam etmiş, keçən dövr ərzində dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək, ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.
Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər də davam etdirilir.
Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə ümumi daxili məhsulun 6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişafı regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.
Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması bütünlüklə dəyişmişdir. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verən sənaye parkları, aqroparklar, fabrik və zavodlar vaxtilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən regionlara qaytarmışdır.
Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri də davam edir. Qeyd olunmalıdır ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2021-ci il ərzində ümumi dəyəri 288 milyon manat olan 1902 investisiya layihəsinin maliyyələşdirilməsinə 131 milyon manat güzəştli kredit verilmişdir ki, onun da 59 faizi kənd təsərrüfatı məhsulları istehsalçılarının payına düşmüşdür. Bu kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılması imkanı yaranmışdır. Ümumilikdə son 18 ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 min sahibkara 3 milyard manat güzəştli kredit verilmişdir ki, nəticədə bu dövrdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı 7 dəfəyə yaxın artmışdır.
Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bununla bağlı Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli qərarı antiinflyasiya tədbirləri çərçivəsində atılan növbəti addımdır. Bu qərarla Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə nəzərdə tutulmuşdur. Eləcə də həmin qərarla maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 3 milyon manatadək verilmiş kreditlər üzrə kredit faizinin 10 faizinə qədər hissəsinin bir il müddətinə subsidiyalaşdırılması mexanizmi tətbiq ediləcəkdir.
Prezident 2022-ci ilin birinci rübünün yekunu ilə bağlı iclasdakı çıxışında demişdir: "Biz ilk növbədə ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur".
Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Təsadüfi deyil ki, həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2021-ci ildə də ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur. Fərdi sahibkarlar tərəfindən isə 2021-ci ildə 54,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev çıxışında bildirmişdir: "Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Hazırda dünya postpandemiya dövrünə qədəm qoyur və ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi - bütün bunlar reallıqlardır.
Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb - 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar statistika olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur".
Ümumiyyətlə, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində son 19 ildə əhalinin nominal gəlirləri 10 dəfə artmış, yaşayış minimumu 2003-cü illə müqayisədə 5 dəfə artaraq 200 manat olmuş, ümumi daxili məhsul istehsalı 8,3 dəfə artaraq adambaşına 7,3 min manat təşkil etmişdir. Həmin dövrdə qeyri neft-qaz iqtisadiyyatının həcmi 3 dəfə artaraq 51 milyard manata çatmış, qeyri neft-qaz məhsullarının ixracı 5 dəfə artmışdır. Bu dövrdə valyuta ehtiyatları 33 dəfə artaraq 51,2 milyard manata çatmış, Azərbaycanla xarici ticarət əlaqələri qurmuş ölkələrin sayı 124-dən 183-ə yüksəlmişdir. Bunlardan əlavə, 2004-2021-ci illərdə ölkə iqtisadiyyatına yönəlmiş investisiyaların həcmi 3,1 dəfə artmış, bank sektoru tərəfindən iqtisadiyyata yönəlmiş kreditlərin həcmi 24 dəfə artaraq 14,2 milyard manata çatmışdır. Bu dövrdə ölkədə 2,5 milyon yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,8 faizə enmiş, ölkə əhalisinin məşğulluğu sahəsində əsaslı dönüş yaranmışdır.
Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur. Konfederasiya sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasdakı çıxışında qeyd etdi ki, məşğulluq sahəsinə dəstək məqsədilə məşğulluq marafonu çərçivəsində, sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara 2 mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir.
Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və sair xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası olaraq ölkəmiz 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmuşdur. Sərəncamın icrası üçün dövlət-özəl dialoqunun dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyasına daxil olan bütün müraciətlər aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi ilə koordinasiya edilir.
Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı islahatları və görülən işləri saymaqla bitməz. Məhz bu islahatların uğurla aparılması bütün dövlət orqanlarının, xüsusilə İqtisadiyyat Nazirliyinin gərgin əməyi nəticəsində mümkün olmuşdur. Belə ki, sahibkarlıq sahəsində yoxlamalar 2023-cü ilədək dayandırılmış, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, lisenziyanın verilməsinə görə dövlət rüsumları Bakıda 2, regionlar üzrə 4 dəfə azaldılmışdır. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Belə ki, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də əməkdaşlıq şuralarıdır. Hazırda konfederasiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir.
Bütün bunlarla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq beynəlxalq əlaqələr sahəsində işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından istifadə edir. Konfederasiya bir çox ölkənin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək, yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi" açılmışdır. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.
Konfederasiya Beynəlxalq Əmək Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda yüksək səviyyədə ölkəmizi təmsil edir.
Konfederasiya hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.
Dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması məqsədilə hər il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəstəyi ilə sahibkarlıq subyektlərində çalışan mühasiblər üçün birgə tədbirlər keçirilir. Ümumiyyətlə, sahibkar-vergi münasibətlərində elə bir forma seçilməlidir ki, vergi ödəyicisi vergi ödəməkdən qürur hissi keçirsin. Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında da əməkdaşlıq şurası yaradılmış və şura üzvləri ilə birlikdə sahibkarlara dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda, konfederasiya Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığı davam etdirərək, birgə tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir. Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar. Müharibə dövründə dövlət başçısının ətrafında sıx birləşərək, "Dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər.
Biz, Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - "Sahibkarlar Günü" münasibəti ilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanırıq ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək, rəqabətə davamlı istehsal potensialının artırılması məqsədilə öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə edərək ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.


Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti