MƏQALƏLƏR

Oruc müxtəlif dinlərdə

  • 28.04.2022

Uca Allah Quranda əvvəlki xalqlara da oruc tutmağı bildirir, həmçinin Ramazan ayı ilə bağlı Quranda bir neçə ayə də var. Bunlardan birini nəzərinizə çatdırım: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ("Bəqərə" surəsi, 183)".
Bu ayənin hikmətinə baxanda məlum olur ki, oruc təkcə İslamda deyil, bütün səmavi dinlərə vacib buyurulub. Sadəcə olaraq, başqa dinlərdə oruc müsəlmanların orucundan fərqlənir.
İslamda oruc - sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 qram yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdən orucunu pozarsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri, yaxud bir yetimi doyuzdurmaqdan ibarətdir.
Bəli, bütün dinlərdə oruc olub və hazırda mövcud olan dinlərdə də bu fərqli tərzdə həyata keçirilsə də, mövcuddur. Demək olar ki, bütün dinlər mənsublarına oruc tutmalarını əmr edib.
Oruc tutulmasına müxtəlif dinlərdə rast gəlinir. Hər dində də oruc tutmağın öz qaydaları və məqsədi olur. Quranda da orucun xristianlar üçün vacib olduğu qeyd olunur. Xristianlıqda oruc və pəhriz ifadələri eyni mənada işlədilir. Onlara görə oruc tutmaq günahların cəzasını bu dünyada almağa başlamaqdır.
Yəhudilikdə, əsasən, Hz.Musa tərəfindən əmr edilən “Kəffarə” orucunu əsas qəbul edirlər. Yəhudilər müəyyən və adət halına gətirdikləri bayramlarından, xüsusilə də Yom Kippurdan əvvəl oruc tuturlar. “Kəffarə” adlandırılan oruc məcburidir.
Yəhudilər və Hicazdakı ərəblərin əksəriyyətinin tutduqları “Aşura orucu” var idi. Hz.Muhəmməd Mədinəyə hicrət edəndən sonra yəhudilərin aşura günü oruc tutduqlarını gördü. Bunun səbəbini soruşdu. Onlar: “Bu xeyirli bir gündür. Allahın İsrail oğullarını düşmənlərindən xilas etdiyi gündür. Hz.Musa da bu gün oruc tutmuşdur”, – dedilər. Həzrəti Peyğəmbər: “Mən Musaya sizdən daha yaxınam...”, – buyurdu. Həmin gün özü oruc tutduğu kimi səhabələrinə də tutmalarını əmr etdi.
Yəhudilərin müqəddəs kitabında oruc nəfsi alçatmaq, ona əziyyət vermək şəklində qeyd edilib, səfərdə və ya yurdunda olmasından asılı olmayaraq, oruc tutanın heç bir şey etməyəcəyi bildirilib (“Levililər”, XVI/29-31; XXIV/26-28; “Sayılar”, XXIX/7).
Xristianlıqda oruc müxtəlif dəyişikliklərə məruz qalıb. Hz.İsanın dövründə və xristianlığın ilk dövrlərində oruc çox təqdir edilən bir ibadət idi. Xristianlığın müqəddəs kitabı "İncil"ə görə də oruc tutmaq vacib hesab olunur. Xristianlıqda oruc tutmaq xristian məzhəbləri arasında fərqlənir. Bu dində orucluq yaşı 21-dən başlayır və 60 yaşa qədər davam edir, amma oruc tutmaq istəyən şəxsin ən azı 14 yaşı olmalıdır. Xristianlıqda həftənin çərşənbə, cümə və şənbə günləri də oruc tutulur. Bu günlərin İsa Peyğəmbərə xəyanət edilməsi, onun çarmıxa çəkilməsi və dəfn edilməsinə təsadüf etdiyi bildirilir. Həmçinin, Pasxa ərəfəsində 2 gün oruc tutulur.
Tövratda da bəzi günlərdə oruc tutmaq vacib hesab edilir. Yəhudilikdə əsasən Musa Peyğəmbər tərəfindən əmr edilən "Kəffarə" orucu əsas qəbul edilir. Bundan başqa, yəhudi təqvimində müəyyən oruc günləri də var. Yəhudilikdə oruc tutmaq özünü tərbiyə etmək və Allaha yaxınlaşmaq vasitəsi kimi qəbul edilir. Babil dövründə oruc matəm və kədər simvolu kimi yerinə yetirilib. Yəhudilər Allahın onlara müsibətlər verdiyinə inandıqları zaman daim oruc tuturdular.
Yəhudilərin məskunlaşdıqları müxtəlif ölkələrə görə dəyişən yerli orucları da mövcuddur. Eyni zamanda, bəzi yəhudi qrupları arasında ilin əvvəlində oruc tutmaq ənənəsi geniş yayılıb. Bundan başqa, əhali ölkədə yağış yağmayanda, qıtlıq olanda yalvarmaq məqsədi ilə də oruc tutublar. Bu dində qorxulu yuxu görən şəxsin də oruc tutması buyurulur.
Hinduizmdə nəfsin təmiziliyi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tutulur. Hinduizmin mənsublarının dua və ibadətlə keçirdikləri xüsusi günləri var. Bu, günlərdə əksəriyyət yemək yeməz, bütün gecə müqəddəs kitablarını oxuyaraq və tanrını düşünərək vaxtlarını keçirirlər. Onlarda oruc çox qida qəbul etməmək tərzindədir. Bu, bir növ pəhrizdir. Bu bütün hindust qruplarda geniş yayılıb.
Bəzi günlərdə ancaq qadınlar oruc tutur və “Tanrının qadınlıq sifətlərinin təcəlligahı” olan tanrıçaya dua edirlər. Bu günlərə xüsusi əhəmiyyət verdikləri üçün “Əhd” adlandırırlar. Bu günlər nəfslərini təmizləməyə ayrılmış günlərdir. Məqsədləri də mənəvi bir qida ilə ruhu qidalandırmaqdır.
Oruc yeməkdən, içməkdən kəsilmək deyil. Oruc riyakarlıqdan, pis sözlərdən, qeybətdən, zinadan, pisliklərdən uzaq olamq demekdir. Ancaq o zaman həqiqi mənada oruc tutmuş oluruq. Və Allahın rızasına nail olmuş oluruq.

Hazırladı: Nəbiyeva LAMİYƏ