MƏQALƏLƏR

GMO və biz: yeyək, yoxsa yeməyək?

  • 28.04.2022

Milli Məclisin bu il aprelin 12-də keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 9 fəsil 40 maddədən ibarət olan qanun layihəsində insanların sağlamlığı, qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Ancaq bu layihədəki bəzi nüanslar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və insanlar arasında narazılığa səbəb olub.
Qanun layihəsinin 13-cü maddəsində göstərilir ki, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) olan yem məhsullarının Azərbaycanda istehsalı, emalı və dövriyyəsinə icazə verilsin. Layihədə qeyd olunur ki, tərkibində GMO olan məhsullar müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən qeydiyyata alındıqdan sonra istifadə edilə bilər.
Bu qanuna əsasən qeydiyyata alınan məhsul insan sağlamlığına zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı və heyvanların normal qidalanması üçün zəruri inqrediyentlərə sahib olmalıdır.
Məlumat üçün qeyd edək ki, GMO xüsusi laboratoriyalarda virus, bakteriya, heyvan və bitkilərin DNT-sindən istifadə edilərək yaradılan yeni bitki növlərinə verilən addır. Məsələn, kartofun soyuğa və xəstəliklərə davamlı olması üçün ona əqrəb geni, pomidor və çiyələyin şaxtaya dözümlü olması üçün isə ona balıq geni vurulur. Bu yolla canlının genetikasında dəyişiklik edilərək, məhsuldarlıq artırılır və nəticədə şirkətlər daha böyük mənfəət əldə edirlər.
Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, bu yolla hazırlanan qidalar insan sağlamlığı üçün təhlükəlidir.
Genetik modifikasiya olunmuş orqanizmlər gen mühəndisliyi üsulları ilə genotipi süni şəkildə dəyişdirilmiş orqanizmlərdir. Dəyişikliklər məqsədyönlü şəkildə, məsələn, əkin sahələrində məhsuldarlığı artırmaq, məhsulların dadını yaxşılaşdırmaq, saxlama müddətini uzatmaq, zərərvericilərə qarşı müqavimət və s. artırmaq üçün aparılır. Hazırda dünyada kənd təsərrüfatının yararlı bütün əkin sahələrinin 12%-i GMO məhsulları tərəfindən tutulub.
Modifikasiya edilmiş bitkilərin ən çox becərildiyi ölkələr ABŞ (60%), Argentina, Braziliya, Paraqvay, Uruqvay, Kanada və Hindistandır.
GMO-lu məhsulların üstünlükləri göz qabağındadır: onlar bakteriya və virusların zərərli təsirlərinə həssas deyil, yüksək məhsuldarlıq və uzun saxlama müddəti ilə xarakterizə olunur. Ümumiyyətlə bitkilərin genetik modifikasiyasının əsas məqsədi məhsuldarlığı artırmaqdır.
Bəs, GMO-lu məhsullar insanlara hansı təhlükələri yaradır?
GMO əleyhdarları israr edirlər ki, bu məhsullar 3 əsas təhlükənin daşıyıcılarıdır:
- İnsan orqanizmi üçün təhlükə: allergik xəstəliklər, metabolik pozğunluqlar, antibiotiklərə davamlı mədə mikroflorasının görünüşü, kanserogen və mutagen təsirlər;
- Ətraf mühit üçün təhlükə: vegetativ alaq otlarının yaranması, tədqiqat sahələrinin çirklənməsi, kimyəvi çirklənmə, genetik plazmanın azalması və s.
- Qlobal risklər: kritik virusların aktivləşməsi, iqtisadi təhlükəsizlik.
Alimlər geni dəyişdirilmiş qidaların qəbulunun aşağıdakı əsas risklərini müəyyən edirlər:
1. Transgen zülalların birbaşa təsiri nəticəsində immunitetin zəifləməsi, allergik reaksiyalar və metabolik pozğunluqlar.
GMO-lara daxil edilən genlər tərəfindən istehsal olunan yeni zülalların təsiri məlum deyil.
Buna bir misal Braziliya qozunun genlərini soya genləri ilə calaq etmək cəhdidir – soya genlərinin qida dəyərini artırmaq üçün onların zülal tərkibi artırıldı. Lakin sonradan məlum olduğu kimi, birləşmə nəticəsində onun tərkibində proteinin həcmi çox yüksək həddə çatdı və onu sonrakı istehsaldan çıxarmaq lazım gəldi.
Transgenlərin qadağan olunduğu İsveçdə əhalinin 7%-i allergiyaya məruz qalır, satışı azad olan ABŞ-da isə əhalinin 70,5%-i allergiya keçirir.
Həmçinin, bir versiyaya görə, ingilis uşaqları arasında meningit epidemiyasına GMO tərkibli südlü şokolad və vafli peçenyelərin istifadəsi nəticəsində zəifləmiş immunitet səbəb olub.
2. GMO-larda insanlar üçün toksik olan yeni, planlaşdırılmamış zülalların və ya metabolik məhsulların görünməsi nəticəsində səhhətlərində ciddi pozğunluqlar yaranır.
Mütəxəssislərin hesablamalarına görə, geni dəyişdirilmiş bitkilər adi orqanizmlərin ifraz etdiyi toksinlərdən 1020 dəfə çox zəhər buraxır.
GMO-nun insan həyatı üçün təhlükəli olması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiq olunub. ÜST-ün apardığı araşdırmalar nəticəsində məlum olub ki, GMO-ların geniş istehsalına başlanıldığı 1995-ci ildən dünyada qlüten həssaslığı, diabet və xərçəng kimi xəstəliklərin sayında ciddi artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2000-ci ildə xərçəng xəstəliyindən 5081 nəfər, 2005-ci ildə isə 6381 nəfər vəfat edib. Bu xəstəlikdən vəfat edənlərin sayı müsbət tendensiya ilə davam edib və 2020-ci ildə 9879 nəfərə yüksəlib.
GMO-nun sərhədlərimizə hələ gəlib çatmadığı 1980-2000-ci illər ərzində xərçəng xəstəliyindən vəfat edənlərin sayı 98 min 380 nəfər olduğu halda, 2000-2020 ci illər ərzində bu xəstəlikdən vəfat edənlərin sayı birdən-birə 145 min 225 nəfərə yüksəlib.
2000-ci ildən indiyə qədər ölkəmizdə onkoloji xəstəliklərlə yanaşı, bəzi digər xəstəliklərdən ölənlərin sayında da artım var. Məsələn, “endokrin sistemin xəstəlikləri və qidalanma, maddələr mübadiləsi pozğunluqları" xəstəliklərindən vəfat edənlərin sayı 2000-ci ildə təxminən min nəfər olduğu halda, 20 il ərzində bu göstərici 50 faiz artaraq 1500 nəfərə çatıb.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov ötən ay “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, bitkilərin toxumunu əkəndə növbəti ildə cücərmirsə, toxumçuluq sənayesi bir əldə birləşibsə, demək ki, həmin bitkilər GMO-dur.
E.Hüseynovun fikrincə, Azərbaycanda bir neçə məhsul GMO-dur. O, deyib: "Ofisimdə bir herbisit var, GMO malları yetişdirmək üçün bundan istifadə edilir. Azərbaycanda belə bir herbisit satılırsa, demək ki, Azərbaycanda GMO əkinçiliyi var. Qeyd edim ki, Türkiyədən Azərbaycana saxta sertifikatlarla mallar, toxumlar gəlir, sertifikatlarda onların GMO olmadığı qeyd olunur. Bu məhsullar hibrid adı altında təqdim edilir".
Bu gün GMO-lar həyatımızın, demək olar ki, bütün sahələrində bu və ya digər formada mövcud olan komponentlərdir. Bu, artıq yaşadığımız reallıqdır. Bununla barışacağıq, ya yox, zaman göstərəcək...
Ümid edirik ki, Milli Məclis üzvləri qərar verərkən Azərbaycanın genofondunu təhlükə altına atan belə strateji məsələləri həll edərkən ictimaiyyətin bu mövzuda rəyini və prezidentin GMO-nu qadağan edən fərmanlarını nəzərə alacaq.

 

Yeganə MƏMMƏDOVA