ƏT VƏ SÜD İSTEHSALI – PROBLEMLƏR, VƏZİFƏLƏR
ƏT VƏ SÜD İSTEHSALI – PROBLEMLƏR, VƏZİFƏLƏR
Dinamik inkişaf və tərəqqi yoluna qədəm qoyan Azərbaycan dünya birliyində özünə layiqli yer tutur. İqtisadi müstəqilliyimizi daha da möhkəmlətmək, neftdən asılılığımızı azaltmaq, idxalı minimuma endirmək və bir sıra ənənəvi sahələri dirçəltməklə güclü rəqabətə davamlı ixrac potensialı yaratmaq qarşıda duran ən aktual vəzifələrdəndir. Ərzaq təhlükəsizliyi probleminin həlli deyilən məsələlər içərisində mühüm əhəmiyyət kəsb edir. Ət və süd istehsalını genişləndirmək, onlardan alınan çeşidli məmulatların keyfiyyətini yüksəltmək, müasir standartlar səviyyəsinə çatdırmaq sözügedən problemlər sırasında öncül yerlərdə dayanır. Bu da aydındır ki, ət və süd məhsulları Azərbaycan xalqının süfrə rasionunun əsasını təşkil edir. İndiki şəraitdə respublikamız ət məhsulu ilə daxili tələbatı ödəmək həddinə çatsa da, süd məhsulları haqqında bu sözləri demək olmaz. Hələlik idxaldan asılılıq qalır. Lakin əminliklə demək olar ki, ölkəmiz süd və ət məhsulları ilə nəinki özünü təmin edə bilər, eyni zamanda kifayət qədər ixrac imkanları da qazana bilər.
Açığını etiraf etmək lazımdır ki, son illər dövlətimiz bu sahəyə ardıcıl olaraq diqqət yetirsə də, lazımi maliyyə vəsaitləri, güzəştli kreditlər yönəltsə də problemlər qalmaqdadır. Hələ heç də hər yerdə bu sahəyə müasir yanaşmaq özünü göstərmir. Ölkəmizdə bütün standartlara cavab verən heyvandarlıq təsərrüfatlarının sayı olduqca azdır. Doğrudur bir neçə ildir ki, dövlət dəstəyi ilə respublikamıza damazlıq mal-qara gətirilir. Lakin bununla da iş bitmir. İndi barmaqla sayılan fermer təsərrüfatı tapılar ki, orada baytar həkimin, zootexnikin, aqrar menecerin xidmətindən istifadə olunsun. Odur ki, heyvandarlıq sahəsində pərakəndəlik hökm sürür, təbiətə, dağlara, meşələrə ciddi ziyan vurulur, torpaq sahələri erroziyaya uğrayır. Həyəcan təbili çalınsa da işdə bir dəyişiklik nəzərə çarpmır. Respublikamızda bu sahədə güclü elmi potensial, tədqiqat mərkəzləri olsa da onların əməyindən yetərincə istifadə olunmur. Gəncə şəhərində fəaliyyət göstərən Aqrar Universiteti tarixi xidmətlərinə və elmi nailiyyətlərinə görə ölkəmizin hüdudlarından kənarda da tanınan aqrar elm və təhsil mərkəzinə çevrilmişdir. Lakin burada həyata keçirilən elmi yeniliklər və tədqiqat işləri sonda istifadəsiz qalır, necə deyərlər «sahibini» tapa bilmir. Fermer təsərrüfatları, sahibkarlıq subyektləri ilə əlaqə son dərəcə zəifdir. Sözsüz ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər, torpaq islahatının ikinci mərhələsinə start verilməsi aqrar sahənin inkişafında ciddi dönüş yaradacaq, bu sahənin elmi əsaslarla inkişafı təmin ediləcəkdir. İndi qarşıda duran əsas vəzifələrdən biri təsərrüfat subyektlərinin, kənd yerlərində yaşayan insanların maarifləndirilməsidir. Bu işdə kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Oxuculara təqdim edilən bu yazı da deyilən məqsədə xidmət edir. Burada ət və süd məhsullarının istehsalından söhbət açacayıq. Məqalədə bu sahə ilə məşğul olan mütəxəssislərin fikir və mülahizələrinə istinad edilmişdir. Sözügedən problemin həllində damazlıq təsərrüfatlarının inkişafı mühüm əhəmiyyət kəsb edir. Damazlıq işi heyvanların məhsuldarlığının yüksəldilməsinə işçi keyfiyyətlərinin yaxşılaşmasına yönəldilmiş kompleks təşkilati tədbirləri özündə ehtiva edir. Heyvanların məhsuldarlığını yalnız düzgün qurulmuş damazlıq işi nəticəsində yüksəltmək olar. Damazlıq işlərinin nəzəri əsasını genetika elmi-irsiyyət və dəyişkənlik haqqında elm təşkil edir. Südlük mal-qarada damazlıq işinin başlıca vəzifəsi normal doğuş qabiliyyətini və sağlamlığını saxlayan, verilən yem rasionunu keyfiyyətli məhsulla ödəyən məhsuldar cinslər yetişdirməkdən ibarətdir. Məlumdur ki, heyvanların say tərkibinin çoxalması sonda vahid torpaq sahəsinə düşən baş sayının sıxlığının artmasına gətirib çıxarır. Odur ki, məhsul istehsalının artırılması heyvanların sayca çoxalmasına yox, hər başın məhsuldarlığının yüksəldilməsinə əsaslanmalıdır.
Məhsuldarlığın yüksəldilməsini yaxşı heyvanlar seçmək, inək və düyələri yüksək keyfiyyətli törədicilərlə cütləşdirmək, bərpa üçün cavan heyvanları məqsədli şəkildə bəsləmək, yaxşı yeniləmə və bəsləmə şəraiti yaratmaq yolu ilə həll etmək olar. Yüksək damazlıq keyfiyyətinə malik olan heyvanlar, bir qayda olaraq, çox süd verməklə vahid məhsul istehsalına az yem sərf edirlər. Belə ki, heyvanların damazlıq keyfiyyəti yüksək olan naxırlarda hər kiloqram südün istehsalına 1,2-1,4 yem vahidi sərf edilirsə, damazlıq keyfiyyəti aşağı olan təsərrüfatlarda bu göstərici 2,5-3,0 yem vahidinə bərabər olur. Qabaqcıl təsərrüfatlarda hər inəkdən ildə 3,5-4,5 min kiloqram süd sağıldığı halda, damazlıq keyfiyyəti aşağı olan təsərrüfatlarda bu rəqəm vur-tut 1,2-1,5 min kiloqram təşkil edir. Damazlıq işi yaxşı qurulmuş təsərrüfatlarda hər çəki artımına 7,5-8,0 yem vahidi sərf edirsə, aşağı keyfiyyətli mal-qara saxlayan təsərrüfatlarda bu göstərici 10-12 yem vahidinə bərabər olur. Damazlıq işinin səviyyəsi aşağı olan təsərrüfatlarda sahə gəlirsiz işləyir. Ona görə də mal-qara saxlayan təsərrüfatlar damazlıq-seleksiya tədbirlərinin həyata keçirilməsinə böyük önəm verməlidirlər. Qaramalın məhsuldarlıq və damazlıq keyfiyyətinin təkmilləşdirilməsi zamanı kəmiyyət əlamətinə də xüsusi diqqət yetirilməlidir. Südlük mal-qarada bu əlamətlərə diri çəki, sağım, süddə yağın və zülalın miqdarı və s. aiddir.
Ətlik mal-qarada diri çəkiyə, tez yetişkənliyə və hər kiloqram çəki artımına sərf olunan yemin miqdarına fikir verilməlidir.
Mal-qarada seleksiya işinin uğuru əsasən dəyişiklik, irsizlik və təkrarlanma əmsallarından birbaşa asılıdır. Bu əmsalların qiyməti yüksək olduqca, adətən seçmənin səmərəliliyi də yüksək olur.
Seçmə əlamətlərinin inkişafına yemləmə və bəsləmə şəraiti böyük təsir göstərir.
Məqsədyönlü damazlıq işlərinin aparılmasında heyvanların müxtəlif faydalı təsərrüfat əlaqələrinin müəyyənləşdirilməsinin də əhəmiyyəti vardır. Əlamətlər arasında həm müsbət, həm də mənfi korrelyasiyalar mövcuddur. Korrelyasiya müsbət olması onunla bağlı olan digər əlamətlərin də yüksəlməsinə səbəb olur. Mənfi olduqca isə, əksinə birinin yüksəlməsi o birinin azalmasına gətirib çıxarır. Təcrübələrlə sübut edilmişdir ki, sağımla südün yağlılığı və sağımla südün zülalı arasında korrelyativ əlaqə mənfi, sağımla südün yağı, sağımla diri çəki arasındakı korrelyativ əlaqə isə müsbətdir. Qaramalın damazlıq və məhsuldarlıq keyfiyyətinin yaxşılaşdırılmasının ən qədim üsulu seçmədir. Damazlıq üçün seçilmiş inəklər yüksək məhsuldarlığa, yaxşı sağlamlığa və möhkəm bədən quruluşuna malik olmalıdırlar. Onlar yaxşı yemlənməli və irsi xüsusiyyətlərinin stabilliyi təmin edilməlidir. Südlük inəklərin qiymətləndirilməsində onların laktasiyasının 305 günlük sağımı, südün yağlılığı və zülalı əsas götürülür. Yüksək məhsuldarlığa malik olan heyvanların nəslindən geniş istifadə edilməlidir. Xüsusilə törədicilərin damazlıq keyfiyyətinə mühüm əhəmiyyət verilməlidir. İlk mərhələdə törədicilərin ana tərəfinin məhsuldarlıq və damazlıq keyfiyyətləri nəzərə alınaraq seçim aparılmalıdır. İkinci mərhələdə seçilmiş buğalar boy və inkişafına, bədən quruluşuna və toxumvermə qabiliyyətinə görə qiymətləndirilir. Üçüncü mərhələdə buğalardan alınan dişi heyvanların məhsuldarlıq keyfiyyəti nəzərə alınmalıdır. Bu zaman ayrı-ayrı törədicilərdən alınan heyvanların məhsuldarlığı bir-biri ilə, həmçinin onların anaları ilə müqayisə edilərək naxırın orta məhsuldarlığı müəyyən edilir.
Süd məhsuldarlığının qısa müddətdə yüksəldilməsində əsas təcrübi üsullardan biri dişi danaların istiqamətli bəslənməsidir. Bəslənmə elə təşkil edilməlidir ki, hər il inəklərin 23-50 faizi düyə inək qrupuna keçirilsin.
Bu naxırdakı az məhsuldar, qısır, yaşlı və xəstə inəklərin daha tez çıxdaş edilməsinə imkan yaradır. İlkinə doğmuş inəklər süd məhsuldarlığına görə yoxlanılmalı və az məhsuldar inəklər elə birinci laktasiyasında çıxdaş edilməlidir. Naxırların məhsuldarlığını artırmaq üçün seçilmiş inəklərə yüksək cinsli törədicilər təhkim olunmalıdır. Törədicilər 2-2,5 ildən bir dəyişdirilməlidir. Əks halda naxırda qohumluq cütləşmə gedir ki, bu da alınan nəslin cırlaşmasına səbəb olur. Odur ki, istifadə olunan törədici-buğalar təmizcinsli elit və elit-rekord sinfinə mənsub olmalıdırlar. Törədicinin anasının süd məhsuldarlığı naxırdakı inəklərdən azı 500 kq, yağlılığı isə 0,2 faiz yüksək olmalıdır. Yaxşı olardı ki, istifadə olunan törədicilər öz nəslinin keyfiyyətinə görə qiymətləndirilmiş olsun. Naxırdakı inəklər, adətən iki qrupa bölünür: damazlıq və istehsalat qrupları. Damazlıq qrupuna naxırdakı ən məhsuldar inəklər seçilir. Bu inəklərin balalarından naxırın bərpasında istifadə olunur. İstehsalat qrupuna isə nisbətən az məhsuldar inəklər seçilir ki, onlardan yalnız süd və ət istehsalı məqsədi ilə istifadə edilməlidir. Süd istehsalının səmərəliliyinin yüksəldilməsində naxırın təkrar istehsalının düzgün təşkili, yəni hər il inək və düyülərdən sağlam, normal inkişaf etmiş balaların alınması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün inəklər vaxtında mayalandırılmalı, inək və düyülər doğuşa yaxşı hazırlanmalı, onların yetişdirilməsi və saxlanması səmərəli təşkil edilməli, bərpa üçün seçilmiş düyülər intensiv bəslənməlidir.
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, fermer təsərrüfatlarında damazlıq işi göstərilən tələblərə uyğun şəkildə qurularsa, yem bazası, baytar xidməti, saxlanma və bəslənmə səmərəli təşkil edilərsə, hər inəkdən sayılan südün miqdarı, onun çəkisi artar, heyvanların doğub-törəməsi yaxşılaşar, təsərrüfatların rentabelli işləməsinə və yaxşı gəlir götürməsinə tam təminat yaranar.
Zülfü İlyasov,
«İqtisadiyyat» qəzetinin bölgə müxbiri