MƏQALƏLƏR

Ziyad Səmədzadə: Bakı nefti olmasaydı, Böyük Vətən müharibəsində qələbə də olmayacaqdı

  • 05.05.2022

Tarix bəşər övladının maddiləşmiş qan yaddaşıdır. Müharibələr, qanlı hərb səhnələri minilliklər boyu insanla bərabər uzun yol qət edərək tarixin məhək daşına çevrilib. Bizə bəlli olan müharibələrin içində ən vahiməlisi, ən dəhşətlisi İkinci Dünya müharibəsidir.
Bütün dünyaya ağalıq etmək iddiasında olan alman strateqləri və onların müttəfiqləri bircə prinsipə güvənirdilər. - “Kim dünyanı idarə etmək istəyirsə, neftə nəzarəti ələ keçirməlidir. Bütün neftə - harada olursa olsun, harada çıxırsa, çıxsın!”
Bütün dünyada neft yataqlarına tam nəzarət etmək Hitler Almaniyası və onun müttəfiqlərinin strategiyasında ən öncül məsələdir.
Müharibənin başlanğıcında tədqiqatçı B.Kramer “Bakinskiy raboçiy” qəzetindəki yazısında Birinci Dünya müharibəsi təcrübəsindən qırağa çıxaraq təhlil gücünə aşağıdakı suallara cavab axtarırdı: - “Yeni müharibədə alman strateqlərinin gəldiyi nəticələr nə qədər ciddidir?! Onlar qələbə qazanmaqda nəyə arxayındırlar? Onlar nəyə güvənir?”
Bu sözlərdə heç bir şişirtmənin olmadığını bildirən müəllif yazır ki, həqiqətən də, neft Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində gedən döyüşlərin sonuna yaxın əsas amil rolunu oynadı. Müharibə gündən-günə daha çox yanacaq “içən” maşınların yarışına çevrildi.
Amerikanin köməyi və Britaniyanın yiyələndiyi torpaqlardan axıb gələn neftin sayəsində ingilis, eləcə də fransız qoşunları Birinci Dünya müharibəsində Almaniyaya öldürücü zərbə endirməyi bacardı.
Sonralar lord Kerzon qeyd edirdi ki, “müttəfiqlər neft arxının səmtiylə qələbəyə sarı üzürdü”.
Almaniya ordusu isə Birinci Dünya müharibəsində üçüncü ilin başlanğıcında artıq neft çatışmazlığından boğulmaqda idi. Alman hərbi dəniz donanması və aviasiyasının neft məhsullarına olan tələbatı ancaq yarıya qədər ödəndi.
Yeni işğalçılıq müharibəsinə hazırlaşan faşistlər Almaniyanı hərbi strateji xammalla, əsasən də neftlə təmin etməyi bacarmayan Kayzer Vilhelmin səhvlərini təkrar etməyəcəkləri barədə ağızları köpüklənə-köpüklənə danışır, hay-küy qoparırdılar.
Almaniyanın mexanikləşdirilmiş ordusuna lazım gələn yanacağın miqdarı barədə ən dolğun təsəvvürü Hollandiyada, Belçikada və Fransada aparılan əməliyyatlar üzə çıxartdı. Hərbi əməliyyatlar zamanı 45 gün ərzində Almaniya 0,5 milyon ton neft məhsulları işlətdi.
Hələ ən uzaq məsafəyə, ən dərin kommunikasiya əlaqələrinə, yollara malik Şərq cəbhəsində keçirdiyi əməliyyatlara sərf etdiyi yanacağın miqdarı onu fəlakətli sonluğa aparırdı.
Hesablamalar göstərirdi ki, alman ordusunun yanacağa olan gündəlik tələbatı 65-70 min ton olmuşdur. Bu da bir ay ərzində 2 milyon ton deməkdir.
Almaniya ehtiyat üçün yığdığı, işğal edilmiş ölkələrdən ələ keçirdiyi neft məhsullarını Bremen, Hamburq və b. şəhərlərdəki neft anbarlarının Britaniya aviasiyasının hücumları ilə məhv edilməsi ucbatından, ordunun tələbatına lazımınca yönəldə bilmədi. Britaniya aviasiyasının dağıdıcı zərbələrinə məruz qalmış sintetik yanacaq istehsalı isə alman ordusunun 20% tələbatını belə ödəməyə qadir deyildi.
Böyük Vətən müharibəsi tarixdə Azərbaycan xalqının cəlb olunduğu və böyük itkilər verdiyi ən dəhşətli müharibədir. Bu müharibədə xalqımız həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz rəşadət və fövqaladə qəhrəmanlıq nümunələri göstərmişdir. Böyük fəxrlə birmənalı şəkildə söyləmək olar ki, əgər Bakı nefti olmasaydı, təpədən dırnağa qədər silahlanmış Hitler Almaniyasını məğlub etmək mümkün olmayacaqdı.
Fakt və rəqəmlərin dili ilə desək, müharibə illərində Bakı neftçiləri ölkəyə 75 milyon ton neft vermiş, sovet ordusunu və arxa cəbhəni yanacaq və sürtkü materialları ilə fasiləsiz olaraq təchiz etmiş, 130 adda müxtəlif növ silah, hərbi sursat istehsalını həyata keçirmişdir.
O vaxtlar SSRİ-də istehsal edilən neft məhsullarının 75-80 faizi Azərbayanın payına düşürdü. Döyüşlərdə iştirak edən hər 10 tankdan 7-si, 10 təyyarədən 8-i Bakı nefti ilə işləyirdi. Bunu təsəvvürə gətirmək çətindir.
Azərbaycan cəbhəyə yüzdən çox adda yüngül və yeyinti sənaye məhsulları, digər ləvazimatlar göndərmiş, qısa zaman kəsiyində yeni neftayırma qurğuları işə salmış, təyyarə yağı, aviasiya benzini istehsalını həyata keçirməyə başlamışdır.
1941-ci ildə Bakıda neft hasilatı misli görünməmiş bir həddə çatmışdı - 23,5 milyon tondan çox olmuşdu. Onu qeyd edək ki, neft hasilatının artması əhəmiyyətli dərəcədə yeni quyuların qazılması hesabına edilirdi.
1941-ci ilin yekunlarına görə, Sovet İttifaqında 33 milyon ton neft hasil olundu ki, bunun da 70%-dən çoxu Bakının payına düşürdü.
Həmin il Bakıda neft hasilatının çox yüksək həddə çatması təpədən dırnağa qədər silahlanmış Hitler Almaniyasının 1941-ci ilin payızında və qışında həyata keçirdiyi qanlı hücum əməliyyatlarının qarşısının alınmasında müstəsna rol oynamışdı. O dövrün mərkəzi mətbu orqanı sayılan “Pravda” qəzeti yazırdı: “Neft Bakısı heç vaxt Vətənimiz üçün təhlükəli olan bu günlərdəki kimi yüksək əmək coşğunluğu ilə, gərgin işləməmişdir. Mühəndislər, geoloqlar, texniklər, staxanovçular günlərlə laboratoriyalarını, buruqlarını, kompressorlarını, zavod sexlərini buraxıb getmirlər. Yüksək keyfiyyətli benzin, sürtkü yağı arasıkəsilməz axınla cəbhəyə gedir. Bu, onların fədakar əməyinin nəticəsidir”.
1942-ci il Böyük Vətən müharibəsində ən ağır illərdən biri olmuşdu. Sovet-alman cəbhəsində tam üstünlük Almaniyanın əlində qalırdı. Düşmənin hərbi birləşmələri quruda, dənizdə, hava limanında sarsıdıcı əməliyyatlar həyata keçirirdi. Şəhərlər bir-bir əldən gedirdi, Leninqrad kimi strateji nöqtə tam blokada vəziyyətinə düşmüş, ətraf aləmlə əlaqəsi kəsilmişdi. Gecə-gündüz tank, təyyarə, hərbi sursat istehsal edən militarist Almaniya cəbhəni hər tərəfdən gücləndirirdi. Bakının neft mədənlərində vəziyyət acınacaqlı idi. İxtisaslı işçi qüvvəsi, avadanlıq və dəzgah tapılmırdı. Onları kənardan tapıb gətirmək olduqca çətin idi. Mədənlərdə bir çox quyular fəaliyyətini dayandırmışdı. Hamının gözü Bakıya dikilmişdi. O vaxtın arxiv sənədlərini vərəqləyərkən insanı dəhşət bürüyür. Bakı cəbhənin döyünən ürəyi idi, Bakı nefti olmadan müharibədə hansısa uğur qazanmaqdan danışmaq yersiz görünürdü. SSRİ Dövlət Müdafiə Komitəsi, ayrı-ayrı Xalq Komissarlıqları, Azərbaycan KP MK bütün güc və iradəsini Bakını düşmən hücumundan qorumağa, necə olursa-olsun hasilatın aşağı düşməsinə yol verməməyə səfərbər etmişdi.
12 mart 1941-ci il Azərbaycan K(b)P MK-nın iclasında həll olunan məsələlərdən biri Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan K(b)P MK-nın “Neft məhsullarının sərf edilməsinin azaldılması tədbirləri haqqında” qərarı olmuşdu.
SSRİ Xalq Komissarları Soveti yanında İqtisadiyyat Şurasının qərarına müvafiq olaraq, Azərbaycan SSR Xalq Komissarları Soveti 1941-ci ildə mazutun sərfini 1800 ton azaltmağı qərara aldı.
Qərarda həmçinin 2, 3 və 4 nömrəli un zavodlarını qazla təchizata keçirmək, sovxozları odunla təchiz etmək, gəmiçilik idarələrinin ayrı-ayrı gəmilərinin bərk və kömür-mazut yanacağına keçməsi məsələsinin mümkünlüyünü aydınlaşdırmaq, gəmilərdən qalan neft məhsullarının yığılmasını təşkil etmək, Qubada, Zaqatalada, Göyçayda, Şamaxıda çörək zavodlarını bərk yanacağa keçirmək, Bakıda çörəkbişirmə yerlərini qazlaşdırmaq müəyyən edildi.
Müharibə insanları elə mətin, elə dözümlü, həm də elə doğma və yaxın etmişdi ki, hər kəs öz cismani varlığını unudub başqa bir aləmə düşmüşdü. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” quru bir şüar deyildi. Qələbə uğrunda, azadlıq idealları uğrunda ehtirasla coşub-daşan milyonların ürək çırpıntıları idi.
Respublikamız cəbhəni fasiləsiz neft və neft məhsulları ilə təchiz etməklə yanaşı, 700 mindən çox övladını savaşa yola saldı, onların 320 min nəfərdən çoxu hərb meydanlarında həlak oldular, itkin düşdülər...
Böyük Vətən müharibəsində xalqımızın hünər və qeyrət etalonuna çevrilən fədakarlığını və şücaətini gördükcə riqqətdən insanın qəlbi döyünür, fəxr edirsən, qürur duyursan ki, faşizm kimi ölüm kabusunun yer üzündən silinib atılmasında Azərbaycan xalqının misilsiz payı və zəhməti vardır.

 

Mənbə: Ziyad Səmədzadə.
“Azərbaycan iqtisadiyyatı 100 ildə” I cild.