Vergilər uşaqların gözü ilə
Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə iyun ayının 1-də Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Sarayının dəstəyi ilə «Uşaq dünyası» qalereyasında «Vergilər uşaqların gözü ilə» mövzusunda növbəti rəsm müsabiqəsi keçirilmişdir.
Tədbiri T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açmışdır. O, artıq 9 ildir keçirilən bu müsabiqələrin uşaqların vergi haqqında biliklərinin zənginləşməsində oynadığı rolu yüksək qiymətləndirmişdir.
Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirov müsabiqə iştirakçılarını 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək bildirmişdir ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın yeni inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, ölkəmiz gündən-günə möhkəmlənir, iqtisadiyyatımız güclənir. Bu inkişafın fonunda vergilərin iqtisadiyyatımızda rolu artmaqdadır. Belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə şərait yaradır. Bu əsərlərdə formalaşan ilk təsəvvürlər gələcək üçün böyük təməl təşkil edir və cəmiyyətin sabahı olan gənc nəsildə vergi mədəniyyətinin formalaşmasına xidmət edir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov qeyd etmişdir ki, belə tədbirlər vergilərin ictimai həyatda oynadığı rol haqqında uşaqlarda konkret təsəvvürlərin formalaşmasına səbəb olur, stimullaşdırıcı xarakter daşıyır. Buna görə də rəsm müsabiqəsinin iştirakçılarının sayı ildən-ilə artır, müsabiqəyə daha məzmunlu və maraqlı işlər təqdim edilir. Uşaqların çəkdikləri rəsm əsərləri hər il Vergilər Nazirliyi tərəfindən nəfis albom şəklində nəşr edilərək sərgilərdə və tədbirlərdə nümayiş etdirilir.
Məlumat üçün bildirək ki, bu il müsabiqəyə 500-dək rəsm əsəri təqdim edilmişdi. Müsabiqə 3 yaş qrupu (5-8, 9-12, 13-17) üzrə keçirilmişdir. Müsabiqənin yekununa həsr olunmuş tədbirin birinci hissəsində uşaqlar asfalt üzərində rəsmlər çəkmiş, sonra isə onların müsabiqəyə təqdim etdikləri rəsmlər və yazdıqları hekayələr münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Bütün kateqoriyalar üzrə nəzərdə tutulmuş 3 yer üzrə qaliblər müəyyənləşdirilmiş, onlara qiymətli hədiyyələr və diplomlar təqdim edilmişdir.
|