MƏQALƏLƏR

Bəyalı Ataşov: “Azərbaycan iqtisadiyyatı 100 ildə” toplusu çağdaş iqtisad elmi üçün əvəzsiz xəzinədir

  • 26.05.2022

Mayın 24-də akademik Ziyad Səmədzadənin 5 cildlik “Azərbaycan iqtisadiyyatı 100 ildə” toplusunun təqdimat mərasimində "İqtisadiyyat" qəzeti olaraq Azərbaycan Kooperasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor  Bəyalı Ataşovun fikir və təəssüratlarını aldıq, düşüncələrini dinlədik:

"Mən Ziyad müəllimi çoxdan tanıyıram. Uzun müddət onunla elmi əməkdaşlıq edən, onun yaxın köməkçisi və silahdaşı olan bir iqtisadçı kimi çağdaş Azərbaycan iqtisad elminin korifeyi və ağsaqqalı haqqında qısa şəkildə öz təsərrüfatlarımı sizində bölüşmək istərdim.

25 yaşında namizədlik, 31 yaşında doktorluq dissertasiyaları müdafiə etmiş, 37 yaşında professor olmuş Ziyad müəllim vaxtı ilə yüksək vəzifələrdə çalışarkən belə bir gün də olsa, elmi tədqiqatlarından əl çəkməmişdir.

Respublikada əmək məhsuldarlığı, iqtisadi inkişaf, sürət və proporsiyalar, milli gəlir və səmərəlilik problemləri üzrə yaranmış elmi məktəb bilavasitə akademik Ziyad Səmədzadənin xidmətidir. O, Azərbaycan və dünya iqtisadiyyatının problemlərinə dair 600-dən çox əsərin, çoxsaylı monoqrafiya və çoxcildliklərin müəllifidir.

Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin akademiki, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti və Azərbaycan İqtisadçılar İttifaqının sədri və “İqtisadiyyat” qəzetinin təsisçisi kimi Ziyad Səmədzadə müasir sivilizasiyanın aktual problemlərinin  araşdırılmasında, Azərbaycan dövlətinin, onun iqtisadi qüdrətinin möhkəmləndirilməsində bir vətəndaş, bir alim kimi çox fəal iştirak edir.

Uzun müddət AR Milli Məclisinin İqtisadi Siyasət Komitəsinə rəhbərlik etmiş və hazırda da millət vəkili kimi ölkədə iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi və s.  məsələlərin həllində Ziyad müəllimin təşəbbüsləri və zəhməti danılmazdır. Çox fərəhli haldır ki, iqtisad elminin inkişafındakı xidmətlərinə və fəal ictimai-siyasi fəaliyyətinə görə əzizimiz Ziyad müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ən yüksək dövlət mükafatları ilə - həm “Şöhrət”, həm “Şərəf” ordenləri və “1-ci dərəcəli Vətənə xidmətə görə” medalı ilə təltif edilmişdir.

Ulu öndərin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin kəlamları ilə başlanan və bu gün təqdimatına toplaşdığımız 5 cildlik “Azərbaycan iqtisadiyyatı 100 ildə” toplusu çağdaş iqtisad elmi üçün tarixi və faktoloji mənbə baxımından əvəzsiz bir xəzinədir. Bu xəzinədən uzun müddət alimlərimiz və gənc tədqiqatçılarımız doyunca bəhrələnəcək və Ziyad müəllimə buna görə həmişə minnətdar olacaqlar. Ölkəmizin 100 illik iqtisadi tarixinin toplu şəklində ərsəyə gətirilməsi onu göstərir ki, bu qüdrətli qələm sahibinin ürəyi hələ də gənclik hərarəti və tükənməz enerji ilə döyünür və bizi gələcəkdə də yeni, sanballı əsərləri ilə sevindirəcək. Biz buna qətiyyən şübhə etmirik, çünki çoxdandır ki, akademik Ziyad Səmədzadə tükənməz zəhməti hesabına əsərlərinin kəmiyyətinə və keyfiyyətinə görə respublikamızın ən məhsuldar alimi titulunu qazanmışdır.

Mən akademik Ziyad Səmədzadəyə möhkəm can sağlığı arzulayıram. Qoy, o, həmişə vulkana bənzər elm ocağı kimi kükrəsin, həm gələcəyə işıq saçsın, həm də ətrafı daim isitsin!"