MƏQALƏLƏR

Azərbaycanın 100 illik iqtisadi inkişaf tarixi yazıldı

  • 26.05.2022

Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimatı keçirilib.
Tədbirə moderatorluq edən UNEC-in rektoru, professor Ədalət Muradov “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən bəhs edib.
O, bildirib ki, bu kitab müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsidir və burada Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir: “Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb. Beşçildlikdən əlavə mündəricat da nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq”.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə isə qeyd etmişdir ki, ölkəmizin keçdiyi tarixi dövr nə qədər mürəkkəbdirsə, onun tədqiqi cəhdləri də bir o qədər çətin və ziddiyyətlidir. Bütün bunlara baxmayaraq, ölkəmizin inkişaf tarixinin öyrənilməsi diqqət mərkəzində olmalıdır.
Akademik, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş müşavirədə (2 oktyabr 2001-ci il) Heydər Əliyevin çıxışında qeyd etdiyi fikirləri diqqətə çatdırmışdır:
“Biz indi xalqımızın tarixinin yaradılması işini diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Milli Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır... O vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. İndi vəzifə ondan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır. Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təklifim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam. Mən bir-iki dəfə demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır”.
Ulu öndər Heydər Əliyev bu məsələnin vacibliyini bir daha vurğulayaraq qeyd edirdi ki, “...Biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür”.
Beşcildliyin yazılmasına təkan verən əsas məqsədlərə toxunan akademik onu da bildirmişdir ki, “Ulu öndər Heydər Əliyevin XX əsrdə, müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə əlaqədar yuxarıda qeyd olunan tövsiyələri, arzuları məni bu məsələnin öyrənilməsinə şövq etdi. İşin nə qədər mürəkkəb, çətin olduğunu və məsuliyyətimi bildiyimə baxmayaraq, mən XX əsrin ilk onilliklərindən başlayaraq, XXI əsrin indiki dövrə qədər müddətdə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolunu təhlil etməyə cəhd etmişəm. Bildirirəm ki, respublikamızın iqtisadi inkişafının aktual problemləri mənim tədqiqat fəaliyyətimdə yarım əsrdən çox müddətdə özünə yer alıb. Tariximizin hər bir mərhələsi Azərbaycanın tərəqqisi yolunda iz buraxmış, onun sosial-iqtisadi həyatında müsbət dəyişikliklərlə müşayiət olunmuşdur. Nəşrin I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər olan dövrdə inkişaf məsələlərinə həsr edilmişdir. Azərbaycan iqtisadiyyatının 100 il ərzində inkişaf tarixi, xüsusilə də son 30 illik təcrübəsi onu göstərir ki, yalnız müstəqil dövlət, onun güclü lideri, yaratdığı təkmil iqtisadi-siyasi sistemi ölkənin dinamik inkişafının, sabitliyinin əsaslarını möhkəmləndirir, qloballaşmanın mənfi təsirlərinin qarşısını almaq imkanına malik olur. Azərbaycan dövləti son 30 ildə dəhşətli fırtınalardan uğurla çıxdı, düşünülmüş siyasət nəticəsində dünyada nüfuz qazandı, heç kimə boyun əymədi, özünün ərazi bütövlüyünü təmin etmək üçün güclü iqtisadiyyat, güclü ordu, güclü xalq-iqtidar birliyi yaratdı. Nəşrin üçüncü və dördüncü cildlərində ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illər respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır (neft strategiyası, “Əsrin müqaviləsi”nin reallaşması, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi, özəl sektorun, sahibkarlığın, investisiya mühitinin formalaşması, regional iqtisadiyyat, hüquqi-iqtisadi qanunvericilik bazasının yaradılması, maliyyə-büdcə, pul-kredit, sənaye siyasəti, aqrar islahatlar və s.), davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs edilir.
Çoxcildlikdə XIX-XX əsrlərin qovşağındakı dövrdən başlayaraq, indiyədək iqtisadiyyatda resurs (neft) amilinin rolu konkret faktlar əsasında araşdırılır.
Göstərilir ki, neftlə zəngin olan bir sıra ölkələr təbii resurslarının satışından əldə etdikləri külli miqdarda vəsaitlərdən istifadədə səmərəsizliyə yol vermiş, onların şəffaflığını təmin etməmiş, digər sahələrin inkişafını arxa plana atmışlar. Nəticədə təbii resursların bolluğu, yüksək gəlirlər “xoşbəxtlik” amilinə deyil, “baş ağrısı”na çevrilmişdir. Azərbaycan dövləti bu həssas məsələyə münasibətdə öz yolunu seçdi. Neft amilindən özünün müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin güclü əsaslarını yaratmaq üçün istifadə etdi və bu düzgün siyasətin uğurlu nəticələri bütün dünyaya bəllidir.
Nəşrin sonrakı cildlərində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yeridən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2021-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, ölkənin iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar; respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.
Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının 100 ildən çox olan bir dövrdə keçdiyi yolun çətinliyi, mürəkkəbliyi ilə fərqlənən mərhələlərin kompleks təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa və bəzi ağ ləkələri silməyə imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının bu inkişaf mərhələsində keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov beşcildliyin elmi ictimaiyyətimiz üçün böyük əhəmiyyətindən danışaraq, müəllifi təbrik etdi, onu təkcə iqtisadçılar üçün deyil, Azərbaycanın bütün elm sahələrini əhatə edən məlumatlarla zəngin bir mənbə kimi yüksək qiymətləndirdi. O qeyd etdi ki, müəllif oxucunun son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya ala bilməsinə, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etməsinə çalışmışdır.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov çıxış edərək bildirmişdir ki, təqdim olunan bu beşcildlikdə Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən kənd təsərrüfatının keçdiyi böyük inkişaf yolu mərhələ-mərhələ təhlil edilmiş, aqrar sahənin inkişafında baş verən mühüm dəyişikliklər, aktual problemlər, onların həlli yolları nəzərə çatdırılmışdır. Beşcildliyin “Qarabağ iqtisadiyyatı 100 ildə” adlanan sonuncu cildində isə respublikamızın bu bölgəsində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən üzümçülük, ipəkçilik, tütünçülük, pambıqçılıq, taxılçılıq, eləcə də maldarlığın inkişaf yolu statistik göstəricilər əsasında təhlil edilmiş, gələcəkdə işğaldan azad olunmuş torpaqlarda coğrafi iqlim şəraiti baxımından kənd təsərrüfatının bir çox sahələrinin inkişaf istiqamətləri proqnozlaşdırılmışdır.
 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iqtisadiyyatımızın bütün istiqamətlərinin dərin təhlili verilmiş, dəyərli elmi araşdırmalarla zəngin beşcildliyin təqdimatı münasibətilə müəllifə və redaksiya heyətinə təbriklərini çatdırmış, kitabda geniş yer verilmiş ölkə sahibkarlığının keçdiyi tərəqqi yolundan, qarşıdakı perspektivlərdən, respublikada qadın sahibkarlığının inkişafının mühüm mərhələyə yüksəlməsindən, getdikcə cəmiyyətimizdə qadın sahibkarların rolunun artmasınından bəhs etmişdir.
Təqdimatda çıxış edən AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov çoxcildlikdə müəllifin respublikanın inkişafının sosial-iqtisadi proseslərinin, inkişaf amilləri və mənbələrinin təkcə iqtisadçı-tədqiqatçı kimi deyil, həm də uzun illər dövlət və qanunvericilik sahəsində məsul vəzifələrdə çalışarkən bir çox mühüm hadisələrin şahidi olmuş, respublikanın ictimai, sosial-iqtisadi həyatının köklü problemlərinin araşdırılmasında iştirak edən insan kimi təhlil edildiyini diqqətə çatdırmışdır. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi işinə böyük töhfədir.
Xəzər Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru Qüdrət Kərimov “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik etmş, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirmişdir. Qüdrət Kərimov bidirmişdir ki, beşcildlikdə Azərbaycanda müstəqilliyin əldə edilməsindən sonra sahibkarlığın inkişafının yeni vüsət alması, dövlət tərəfindən ölkə sahibkarlığının inkişafına daim qayğı və dəstək göstərilməsi geniş şərh edilmişdir. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlıq subyektləri bərpa və quruculuq işlərində fəal iştirak edirlər.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında öncə belə bir mükəmməl 5 cildliyə görə akademik Ziyad Səmədzadəyə minnətdarlığını bildirmişdir:
“Mən Ziyad müəllimi uzun illərdir, hələ 40 il öncədən, onun qardaşı ilə bir yerdə işləyən vaxtlarımdan tanıyıram. O zaman Ziyad müəllim Mərkəzi Komitədə işləyirdi və bilirdim ki, orada belə bir böyük şəxsiyyət var. Sonra Ziyad müəllimi daha yaxından tanıdım, onunla qohum olduq. Onun necə böyük ziyalı olduğuna bir daha şahid oldum. Eyni zamanda, “təvazökar” sözünün əleyhinəyəm. Əsl alim, əsl yazıçı, şair təvazökar ola bilməz. Alim ona görə təvazakör ola bilməz ki, onun elmi yaradcılığı ilə hər kəs tanış olmalı, bəhrələnməlidir. Yazıçı, şair ona görə təvazökar ola bilməz ki, insanlar onun yazdıqlarını oxumalıdır, bilməlidir. Əgər alimin elmi yaradıcılığı, yazıçının, şairin əsərləri ilə tanış olunmayacaqsa, onda təvazökarlığın nə mənası qalır?! Ona görə deyirəm ki, əsl alim, əsl yazıçı, şair təvazökar ola bilməz”. O, əlavə edib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər, Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin ölkəmizi bütün dünyaya qalib dövlət kimi tanıtmasından bəhs edilib. Bu zəfər üçün biz hamımız Ali baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuza və canını qurban vermiş 3000-dən artıq şəhidlərimizə borcluyuq.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, pro­fessor Məhiş Əhmədov çıxış edərək bildirmişdir ki, respublikamızın ictimaiyyəti akademik Ziyad Səmədzadəni böyük alim və praktik iqtisadçı, bacarıqlı təşkilatçı, qabaqcıl dünya təcrübəsinə və milli reallıqlara əsaslanan, müasir, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal tədqiqatçısı kimi tanıyır. Onun milli iqtisadiyyatın inkişafı, səmərəliliyi, strukturu, təhlükəsizliyi, təkrar istehsalın sürət və proporsiyaları, məşğulluq, demoqrafik proseslərə həsr olunmuş fundamental tədqiqatları, monoqrafiyaları iqtisad elmində xüsusi yer tutur. Akademik Z.Səmədzadənin elmi tədqiqatları respublikamızın iqtisadi və sosial inkişafı ilə bağlı nəzəri və praktiki problemlərin işlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ziyad müəllimin təqdim etdiyi “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyində milli iqtisadiyyatımızın 100 ildə keçdiyi çətin, ziddiyyətli, sınaqlarla dolu olan mürəkkəb inkişaf yolu təhlil edilir, həmçinin Azərbaycan iqtisadiyyatı qlobal, ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində tədqiq olunur. Müəllif burada haqlı olaraq belə bir qənaətə gəlir ki, qoballaşma və ümumdünya inteqrasiya proseslərinin dərinləşməsi şəraitində gənc, müstəqil dövlətin milli dövlətçilik mənafelərinin, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir. Bununla bağlı o, hələ 30 il bundan əvvəl ölkənin milli iqtisadi modelinin formalaşmasında iqtisadi təhlükəsizlik problemlərinin nəzərə alınmasını xüsusi vurğulamışdır.
XXI əsrin 20 ildən artıq dövrü ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz özünün inkişaf strategiyasını, məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmiş, davamlı inkişafın tələblərinə uyğun, yaşayış səviyyəsini təmin etməyə imkan verən, özünəməxsus, unikal inkişaf modelini formalaşdırmışdır.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə də biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşırıq”.

“İqtisadiyyat”