MƏQALƏLƏR

Azərbaycanın iqtisadi tarixinə dair sanballı tədqiqat əsəri - “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi

  • 09.06.2022

Qəzetimizin ötən sayında Sumqayıt Dövlət Universitetində akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyinin təqdimat mərasimindən məlumat vermişdik. Həmin tədbirdə iştirak edən alimlərin çıxışlarını sizə təqdim edirik. Bu silsilə çıxışların növbəti nömrələrdə də davamı nəzərdə tutulur.
Xatırladaq ki, may ayının 25-də Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə univesitetdə akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı 5 cilddən ibarət kitabının təqdimat mərasimi keçirilmişdir.
Həmin tədbirdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə xanım Yəhyayeva çıxış etmişdir. O, demişdir:
- Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovun rəhbərliyi ilə Azərbaycan cəmiyyətində söz sahibi olan tanınmış iqtisadçı alimləri, ziyalıları qonaq qismində dəvət etmək ənənə halını almışdır. Bu gün belə insanlardan biri, böyük nüfuza malik, öz yaradıcılığı ilə iqtisad elmində özünəməxsus nailiyyətlər əldə etmiş akademik Ziyad Səmədzadə qonağımızdır. O, vətənpərvər alim, gözəl ziyalı, müdrik insan xüsusiyyətlərini özündə birləşdirən böyük şəxsiyyətdir. O, mühüm dövlət postlarını tutsa da, nə qədər məşğul insan olsa da, həmişə dəvətimizi qəbul edib, həyata keçirdiyimiz bütün tədbirlərimizdə - beynəlxalq və respublika konfranslarımızda, müxtəlif iqtisadi problemlərin müzakirəsinə həsr olunmuş dəyirmi masalarda aktual mövzularda çıxış etmiş və tövsiyələrini vermişdir. Bir müddət əvvəl İqtisadiyyat və idarəetmə fakültəsinin təşkil etdiyi məharət dərsində Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və sabahı barədə düşüncələr” mövzusunda çıxışı tələbələrin elmi potensialının inkişaf etdirilməsinə öz töhfəsini vermişdir.
Bu gün isə biz akademik Ziyad Səmədzadənin müəllifi olduğu “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı 5 cilddən ibarət toplunun təqdimatı üçün yığılmışıq. Bu topluda Azərbaycan Xalq Cümhuriyyəti, SSRİ-nin tərkibində bir respublika olduğu dövrdə və müstəqillik illərində Azərbaycanın iqtisadiyyatı çox geniş və əhatəli təhlil edilmişdir.
Kitab Azərbaycan Demokratik Respublikası adlı bir günəşin parladığı dövrlə başlamışdır. Burada Azərbaycan Demokratik Respublikasının yaradılması tarixindən və o zaman Azərbaycan iqtisadiyyatının vəziyyəti haqqında, həmin dövrdə maliyyə sisteminin, vergi sisteminin, dövlət qurumlarının yaradılması, bonların buraxılması və bank sistemi haqqında və digər iqtisadi məlumatlar verilmişdir. Toplularda xalq təsərrüfatının inkişafı, 5 illik planlar, Bakı neftinin önəmi və onun 1941-1945-ci illər Böyük Vətən müharibəsindəki qələbədə rolu, müharibədən sonrakı dövrdə isə sənayenin, kənd təsərrüfatının infrastruktur sahələrinin vəziyyəti, neft daşlarının istifadəyə verilməsi və s. məsələlər çox geniş işıqlandırılmışdır. Azərbaycan iqtisadiyyatında pambıqçılığın, üzümçülüyün, çayçılığın, ümumiyətlə bütün iqtisadiyyatda istehsalın intensivləşməsi, əsaslı tikintinin inkişafı ətraflı təhlil edilmişdir.
Bu topluda Azərbaycanın tarixi hadisələrinə də geniş yer verilmişdir. 20 Yanvar faciəsi, onunla Azərbaycana ayaq açmış müstəqillik və onun gətirdiyi azad Azərbaycanın işıqlı gələcəyi qeyd edilir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan iqtisadiyyatının hərtərəfli tənəzzülü, məhz bu çətinliklərin ulu öndərin hakimiyyətə gəlişi ilə aradan qaldırılması düzgün və məzmunlu şəkildə əsaslandırılmışdır.
Cənab Prezident İlham Əliyevin apardığı müasir beynəlxalq standartlara əsaslanan siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı müasir, modern bir pilləyə yüksəlmişdir. Belə ki, ASAN xidmət, sənaye məhəllələri, texnologiya parkları, ev təsərrüfatı, özünüməşğulluq, tibbi sığorta, bütün bunlar milli iqtisadiyyatın daha da şaxələnməsinə, dünya iqtisadiyyatına inteqrasiya olunmasına səbəb olmuşdur. Bütün bunlar isə bu topluda öz əksini tapmışdır.
Bu toplunun sonuncu - 5-ci cildində məhz Qarabağ iqtisadiyyatından, onun Azərbaycan iqtisadiyyatında olmuş və olacaq rolundan bəhs edilir. Belə ki, Zəngəzur dəhlizi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, ağıllı kənd layihələri, Araz vadisi iqtisadi zonasının regionun iqtisadi inkişafında rolu, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının önəmi və dövlət-özəl sektor iş birliyi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə Qarabağın yenidən qurulması məsələləri bu cilddə öz əksini tapmışdır.
Topluda 44 günlük müharibənin dünya siyasi arenasında yaratmış olduğu əks-səda geniş təhlil edilmişdir. Bundan əlavə, pandemiya şəraitində Azərbaycanın sosial-iqtisadi durumu, aparılan islahatlar, postpandemiya dövründə inkişaf məsələlərinə də toxunulmuşdur.
Sonda bu toplunun məhz asan dildə, səliqəli xronologiya ilə, məzmunlu yazılması yüksək marağa səbəb olmuşdur.
Millət vəkili, akdemik Ziyad Səmədzadəyə cansağlığı, qələminin iti olmasını, Azərbaycan iqtisadiyyatının inkişafında fəaliyyətini uğurla davam etdirməsini arzu edirik.
* * * * *
“Bütün bunlar böyük zəhmətin nəticəsidir və tədqiqatçıdan yorulmadan çalışmaq tələb edir”
Bu sözləri may ayının 25-də Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı 5 cilddən ibarət kitabının təqdimat mərasimində Universitetin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev deyib.
O, qeyd edib ki, "Azərbaycan iqtisadiyyatı 100 ildə" 5 cildliyində nəzər yetirilmiş materiallar ümumiyyətlə çox möhtəşəmdir və heyrət doğurur. Topluda 3200 səhifə tədqiqat materialları verilmişdir, 2000-dən çox arxiv sənədlərinə baxılmışdır, 400-ə yaxın şəkil, qrafik, cədvəl verilmişdir. Ümumiyyətlə, kütləvi informasiya vasitələri də daxil olmaqla, akademik Ziyad Səmədzadə bu 5 cildliyin hazırlanmasında 1500-ə yaxın elmi mənbəyə müraciət etmişdir. Bütün bunlar ağır zəhmətin nəticəsidir və tədqiqatçıdan yorulmadan çalışmaq tələb edir.
Şəfa Əliyev əlavə edib.
- Hər bir ölkənin özünəməxsus iqtisadi inkişaf yolu, ənənəsi və dövlətçilik meyarları, prinsipləri vardır. Azərbaycan Şərqin ilk demokratik respublikası kimi bir çox sahələrdə özünəməxsus dövlətçilik atributları formalaşdırmağa nail olmuşdur. Bunlar sırasında xüsusilə fərqlənən istiqamətlərdən biri iqtisadi təhlükəsizlik məsələsidir. Milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi iqtisadi təhlükəsizlik problemləri, bunlarla bağlı yanaşmalar strateji əhəmiyyət kəsb edir. Digər tərəfdən, strateji təhlükəsizlik məsələlərinə kompleks və sistemli yanaşma vacib şərtlərdəndir. Ölkəmizin son yüz ildəki tarixini qısaca vərəqləsək, müstəqillik və milli, həm də iqtisadi təhlükəsizlik amilləri baxımından mürəkkəb bir yol keçdiyinin şahidi olarıq. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası xalqımızın milli mənafeyinə uyğun şəkildə iqtisadi təhlükəsizlik konsepsiyasının bünövrəsini qoysa da, onu inkişaf etdirmək zaman və müstəqilliyimizə uzanan xain əllər səbəbindən mümkün olmamışdır. Keçmiş SSRİ dövründə isə milli məsələlər və təfəkkür prizmasından yanaşmalar olduqca çətin məsələ idi. Azərbaycan özü müstəqil beynəlxalq subyekt olmadığından, respublikamızın iqtisadi maraqları mərkəzdən idarə olunurdu və buna milli iqtisadi maraq kimi yanaşmaq qeyri-mümkün idi.
Resurslarla zəngin və bütün sahələrdə güclü potensiala malik olan respublikamızın milli resursları mərkəz tərəfindən idarə olunurdu və o sahələrə diqqət yönəldilirdi ki, burada mərkəzin maraqları üstün olsun. 1920-50-ci illərə kimi Azərbaycan neftinə və onun daha çox istismarına əsaslı kapital yönəldilmişdir. Bu isə iqtisadiyyat sahələri arasında güclü disproporsiya yaratmışdı. Sibirdə daha ucuz neft yataqları kəşf olunan kimi mərkəzdən - Moskvadan Azərbaycanın neft sənayesinin inkişafına maraq xeyli zəiflədi. 1950-ci illərdən başlayaraq ağır sənaye sahələrinin inkişafına, xüsusilə, daha zərərli kimya istehsalatlarının yaradılmasına üstünlük verildi. Sumqayıtda güclü sənaye mərkəzi yaradılsa da, ekoloji problemlər ən kəskin həddə çatdı və bu, şəhərin xeyli çirklənməsinə səbəb oldu.
Ulu öndər Heydər Əliyevin tarixi səyləri nəticəsində 1970-ci illərdən başlayaraq respublikamızın iqtisadi strukturunda köklü dəyişikliklər aparıldı. Neft və qaz sənayesinin maddi-texniki bazası misli görünməmiş səviyyədə yeniləndi, böyük vəsait tələb edən zavodlar tikildi. O cümlədən, Bakıda Dərin özüllər zavodu istismara verildi. Respublikanın energetika, kimya və neft-kimya, metallurgiya, cihazqayırma, yeyinti və yüngül sənaye sahələrində iri müəssisələr və istehsal gücləri yaradıldı. Maraqlıdır ki, dahi zəkaya malik olan Heydər Əliyev elmin inkişafına, o cümlədən iqtisadi tədqiqatlara, iqtisadi təhlillərin aparılmasına və konsepsiyaların işlənməsinə böyük önəm vermişdir. Belə bir şəraitdə respublikasmızın ən perspektivli, işgüzar, fəal, bacarıqlı və peşəkar iqtisadçı-alimi olan, akademik Ziyad Səmədzadə böyük əmək sərf edərək, iqtisadiyyat elminin inkişafına, iqtisadi yanaşmaların formalaşmasına, respublikanın iqtisadi təhlükəsizliyinin konseptual əsaslarının işlənməsinə, elmi dəlillərə söykənmiş məqsədli proqramların və tədbirlər kompleksinin hazırlanmasına ciddi töhfələr verə bilmişdir. Ziyad Səmədzadə məsul dövlət işlərində işləməklə bərabər, gərgin rejimdə elmi tədqiqatlar aparmış, bir-birinin ardınca dəyərli elmi əsərlər ərsəyə gətirməyə nail olmuşdur. Hələ akademik Ziyad Səmədzadə 1960-cı illərin ortalarından başlayaraq, AMEA-nın İqtisadiyyat İnstitutunda işləyərkən, respublikamızın iqtisadi sabitliyi, iqtisadi baxımdan inkişafı ilə bağlı problemləri yaxşı mənimsəmişdi, öyrənmişdi və müxtəlif səviyyələrdə, dərc etdirdiyi məqalə və digər elmi əsərlərində cəsarətlə bu problemləri açıqlayırdı, həlli yollarını dilə gətirirdi. Lakin onların daha geniş konseptual səviyyədə baxılması və yüksək səviyyəli qərarların qəbul edilməsi şəraiti yetişməmişdi. 1970-ci illərin əvvəllərindən başlayaraq, respublikada yeni ab-havanın yaranması və Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə ittifaq səviyyəsində yüksək hədəflərin qarşıya qoyulması, iqtisadi yüksəlişin təmin edilməsi ilə əlaqədar olaraq peşəkar və dərin təhlil bacarığına malik olan iqtisadçı alimlərə və kadrlara böyük ehtiyac yaranmışdı. Məhz belə bir şəraitdə ulu öndər Heydər Əliyev Ziyad Səmədzadəni Azərbaycan Respublikası Mərkəzi Komitəsinə dəvət etmiş və İqtisadiyyat şöbəsinə müdir təyin etmişdir. Sonrakı illərdə - 1992-ci ilədək olan dövr ərzində Ziyad Səmədzadə Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri və s. mühüm vəzifələrdə işləmişdir.
Görkəmli alim həmin dövrdə respublika iqtisadiyyatının təhlükəsizliyinin gücləndirilməsi üçün vacib olan istiqamətlər üzrə, o cümlədən iqtisadi inkişaf, iqtisadiyyatın strukturu, demoqrafik problemlər, məşğulluq və regional inkişaf məsələləri üzrə sanballı və nüfuzlu elmi əsərlər, həmçinin dərin elmi-praktiki məzmuna malik monoqrafiyalar yazmışdır. Xüsusilə, əmək məhsuldarlığının səmərəlilik məsələləri və milli gəlirin formalaşdırılması üzrə mühüm elmi konsepsiyalar məhz akademik Z.Səmədzadənin adı ilə bir sırada durur. Bu istiqamətlərdə hazırlanan məqsədli respublika proqramlarının, demək olar ki, hamısında Z.Səmədzadənin konseptual yanaşmaları və təklifləri yer almışdır. O, paytaxt Bakının inkişaf potensialının yeni müstəvidə baxılması və inkişaf problemlərinin həlli yollarının müəyyənləşdirilməsi üzrə Heydər Əliyevin birbaşa tapşırığı ilə tədqiqatlar aparmış və idarəetmə orqanları üçün metodiki fəaliyyət üsulları və tövsiyələr hazırlamışdır.
1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə vəziyyət kifayət qədər mürəkkəbləşmişdi. Sosial və iqtisadi sahələrdə xaos hökm sürürüdü, səriştəsizlər aparıcı dövlət vəzifələrinə doluşmuşdular. Siyasi və iqtisadi böhran dərinləşməkdə davam edirdi, büdcədə pul yox idi, iqtisadiyyatın əsas sahəsi olan neft sənayesi tarixinin ən acınacaqlı vəziyyətinə düşmüşdü. Digər iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi üçün resurslar və dövriyyə vəsaitləri, investisiyalar yox idi, sürətlə işsizlər ordusu yaranırdı. İri müəssisələr bir-birinin ardınca bağlanır, ittifaq tabeli müəssisələrin fəaliyyəti isə iflic vəziyyətinə düşürdü. Təsərrüfat və satış əlaqələri kəsilmiş, bazarlar itirilmiş, hər tərəfdə kadr axıcılığı sürətlənmişdi.
Ölkənin iqtisadi böhrandan çıxarılması konsepsiyası və strategiyası yox idi. Bu dövrdə akademik Ziyad Səmədzadənin rəhbərliyi altında 1992-ci ildə “Azərbaycan xalq təsərrüfatının idarəetmə strukturunun təkmilləşdirilməsi”nə dair təhriri məruzə hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Həmin dövrdə ölkə iqtisadiyyatının böhran vəziyyətindən çıxarılması və sabitləşdirilməsi istiqamətində də təxirəsalınmaz tədbirlər hazırlanmış, həmçinin xarici iqtisadi siyasət konsepsiyası, iqtisadiyyatın dövlət tənzimlənməsi və regional inkişafın dövlət tənzimlənməsi mexanizmləri işlənilmişdir. Sonrakı illərdə ölkənin iqtisadi inkişaf strategiyasının və islahatların dərinləşməsi problemləri istiqamətində fundamental elmi tədqiqatlar aparılmışdır. Akademik Ziyad Səmədzadə Azərbaycanın iqtisadi müstəqilliyi, onun təmin olunması, iqtisadi suverenlik və bazar münasibətlərinə keçidlə bağlı müxtəlif ölkə və beynəlxalq statuslu nüfuzlu konfranslarda və tədbirlərdə məruzələrlə çıxışlar etmiş, Azərbaycanın iqtisadi potensialının açıqlanması, obyektiv qiymətləndirilməsi, adekvat mexanizmlərin işlənməsi və tətbiq olunması, müstəqil respublikanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsi üzrə davamlı elmi tədqiqatlar aparmış, məzmunlu məqalələr və digər elmi əsərlər dərc etdirmişdir.
Akademik Ziyad Səmədzadə beynəlxalq səviyyədə Azərbaycanın iqtisadi müstəqillik potensialını və ölkəmizin inkişafında beynəlxalq əməkdaşlığın tərəflər üçün səmərəliliyini fəal şəkildə təşviq etmiş, dünyanın müxtəlif ölkələrində, nüfuzlu elmi-praktiki tədbirlərdə və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Ölkəmiz və onun iqtisadi təhlükəsizliyi üçün çətin bir dövrdə - 1993-cü ildə ABŞ-ın San-Fransisko şəhərində Beynəlxalq İqtisadçılar İttifaqının elmi sessiyasında yadda qalan məruzə ilə dünya elmi ictimaiyyətinin, siyasətçilərin və investorların diqqətini Azərbaycanın iqtisadi potensialına yönəltmişdir. Brüsseldə Avropa Birliyinin dəstəyi ilə keçirilən konfransda “Azərbaycanda iqtisadi islahatlar və inkişaf” adlı məruzəsi böyük marağa səbəb olmuşdur.

Bundan əlavə, dinamik inkişafda olan Çin Xalq Respublikasında - Xarbin şəhərində “Azərbaycanın iqtisadi potensialı”na dair silsilə çıxışlar etmişdir.
1995-2005-ci illər ərzində görkəmli akademik Ziyad Səmədzadə dünyanın bir çox ölkələrində, həmçinin ölkəmizdə keçirilən yüksək səviyyəli elmi tədbirlərdə, iqtisadi inkişaf və problemlərə həsr olunmuş konfranslarda, seminarlarda müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsinin milli iqtisadi maraqlara uyğun şəkildə elmi-metodoloji yanaşmalarının formalaşdırılmasında və bu istiqamətlərdə işlək mexanizmlərin hazırlanmasında gərgin əmək sərf etmişdir. Məsələn, 1995-ci ildə Bakıda keçirilən müxtəlif elmi-praktiki konfranslarda ölkədə aparılan iqtisadi islahatların strategiyası və taktikasına dair, həmçinin bazar iqtisadiyyatının reallıqları və mövcud problemlər istiqamətində, milli iqtisadiyyatın sabitləşdirilməsi problemlərinə dair fundamental yanaşmalarını ortaya qoymuşdur. 1996-cı ildə Bakıda keçirilən elmi-nəzəri konfransda Ziyad Səmədzadə “Müstəqil dövlətin iqtisadi təhlükəsizliyinin bəzi məsələləri haqqında” məruzəsində həmin dövrdə həllini gözləyən strateji problemlərlə və perspektivdə reallaşdırılmalı olan prioritetlərlə bağlı məzmunlu təkliflər irəli sürmüşdür.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə siyasi sabitliyin təmin edilməsi, bir çox iqtisadi sahələrdə köklü islahatların aparılması, ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi fundamental iqtisadi araşdırmaların aparılmasını, xüsusilə, iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə optimal və dayanıqlı fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsini şərtləndirirdi. Şübhəsiz, belə bir vəziyyətdə iqtisadçı-alimlərin üzərinə böyük vəzifələr düşürdü. Bunları dərindən dərk edən akademik Ziyad Səmədzadə bir-birinin ardınca ölkənin iqtisadi təhlükəsizliyinin problemləri ilə bağlı araşdırmalar aparmış, məqalələr yazmış və məruzələrlə çıxış etmişdir. Onlardan bir neçəsinə diqqət yönəltmək istərdim. Məsələn, 1999-cu ildə Bakıda keçirilən və ölkəmizdəki iqtisadi islahatlara və problemlərə həsr olunan elmi-praktiki konfransda “Bir daha iqtisadi təhlükəsizlik haqqında”, elə həmin ildə digər bir mötəbər tədbirdə - beynəlxalq seminarda “XXI əsrin astanasında Azərbaycanın iqtisadi və ərzaq təhlükəsizliyi”, həmçinin “Müasir mərhələdə iqtisadi təhlükəsizlik problemləri”, 2000-ci ildə isə Bakıda beynəlxalq simpoziumda “Respublikanın iqtisadi təhlükəsizlik problemi” adlı prinsipial və məzmunlu məruzələrlə çıxış etmişdir. Növbəti illərdə də – 2002-2003-cü illərdə yorulmaq bilməyən elm fədaisi, akademik Z.Səmədzadə “Müstəqil Azərbaycan Respublikasının iqtisadi təhlükəsizlik strategiyasının prinsipial istiqamətləri haqqında”, “Azərbaycanın iqtisadi inkişaf strategiyasında iqtisadi təhlükəsizlik probleminin yeri və rolu” və s. geniş məruzələri ilə yadda qalmışdır. Görkəmli elm xadiminin 2004-cü ildə nəşr etdirdiyi “Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıqlar və perspektivlər” adlı kitabı isə ölkəmizin iqtisadi inkişaf proseslərinin ilk dəfə kompleks təhlilinə və keçilən iqtisadi yolun qiymətləndirilməsinə həsr olunmuş fundamental elmi əsər kimi qəbul olunmuşdur. Bu kitab ictimai-siyasi xadimlərin, məsul işçilərin, alim və tədqiqatçıların stolüstü kitabına çevrilmişdir, “ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuşdur”.
Son 15-20 il ərzində akademik Ziyad Səmədzadənin elmi fəaliyyətində əsas diqqət ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsinə, iqtisadi inkişaf modelinin təkmilləşdirilməsinə, xüsusilə, milli iqtisadiyyatın neftdən asılılığının azaldılması strategiyasının və prioritetlərinin adekvatlığının gücləndirilməsinə, ölkənin iqtisadi təhlükəsizlik əsaslarının və mexanizmlərinin müasir dövrün tələbləri baxımından yenilənməsinə yönəldilmişdir. “İqtisadiyyat” qəzetində iqtisadi təhlükəsizlik problemləri və bu sahədə olan prioritet vəzifələr daim diqqət mərkəzində saxlanılmış, dərin təhlillər aparılmış, görkəmli alimlər, siyasi və ictimai xadimlərin iştirakı ilə dəyirmi masalar keçirilmişdir. Ölkəmizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi və iqtisadi sabitliyin maksimum dərinləşdirilməsi, iqtisadi inkişaf meyillərinin dayanıqlı olması üçün davamlı şəkildə Çin iqtisadiyyatını və Çin möcüzəsini tədqiq etmiş, məqalələr və monoqrafiyalar ərsəyə gətirmişdir. Bu ölkənin müsbət təcrübəsinin aktual aspektlərinə xüsusi diqqət yönəldilmişdir. Akademik hesab edir ki, “Dövlətin iqtisadi təhlükəsizliyi müstəqil Azərbaycanın mühüm və fundamental nailiyyətidir”. 2005-ci ildən başlayaraq 2020-ci ilə kimi ölkənin Ali qanunvericilik orqanında – Milli Məclisdə millət vəkili və Komitə sədri kimi, hazırda da yenə millət vəkili kimi səmərəli fəaliyyəti dövründə Ziyad Səmədzadə elmi yaradıcılığına və tədqiqatlarına bir an da olsun fasilə verməmiş, əksinə daha böyük əzmlə və məhsuldarlıqla çalışmışdır. Xüsusilə, ölkəmizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsi, regional və beynəlxalq platformada nüfuzunun artması, rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində konseptual yanaşmalar ortaya qoymuş və onların reallaşdırılmasına çalışmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun hazırladığı inkişaf strategiyasının yorulmaz təbliğatçısı və tədqiqatçısı kimi səmərəli elmi fəaliyyət göstərmişdir. Bundan əlavə, görkəmli akademik ulu öndərin layiqli varisi - İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk 100 gününü “xalqın ümid işiğı” kimi qiymətləndirmişdir və həmin dövrdən başlayaraq daim ölkə prezidentinin siyasətinə uyğun milli iqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafına öz töhfəsini vermişdir. Ölkənin iqtisadi gücünün artması və beynəlxalq səviyyədə güclənməsi, iqtisadi təhlükəsizliyi ilə bağlı məsələlərin dərin tədqiqindən çıxış etməklə akademik belə hesab edir ki: “Azərbaycan Respublikasında iqtisadiyyatın keyfiyyətli və dayanıqlı inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin təntənəsidir”. Z.Səmədzadəyə görə, dünya maliyyə böhranının yaratdığı mənfi səbəblər və nəticələr kontekstində dövlət başçısının formalaşdırdığı və təkmilləşdirdiyi milli inkişaf modeli Azərbaycanın iqtisadi təhlükəsizliyinə ən etibarlı təminatdır.
Son on il ərzində görkəmli alimin elmi əsərlərində Azərbaycan iqtisadiyyatının qlobal çağırışlara və problemlərə uyğun olaraq qarşısında duran strateji vəzifələrə, hədəflərə, onların həyata keçirilməsinə və bu istiqamətlərdə fundamental səviyyədə elmi yanaşmaların təmin olunmasına maksimum fəallıq nümayiş etdirilmişdir. Akademikin son illərdə gördüyü işlərdə Azərbaycan iqtisadiyyatı dünya təsərrüfat sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilir və bütövlükdə, o, ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının gücləndirilməsi məsələlərinin həllində fəal iştirak edir. Ziyad Səmədzadə ölkənin iqtisad elminin, iqtisadçı-alimlərin fəaliyyətini və bacarığını özünün səmərəli və konstruktiv yanaşmaları ilə milli iqtisadiyyatın mühüm problemlərinin araşdırılmasına, daha məhsuldar mexanizmlərinin işlənməsinə, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət edən konseptual müddəaların formalaşdırılmasına sövq edir və istiqamətləndirir.
Ölkəmizin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması görkəmli alimin fəaliyyətində ana xətt kimi keçir. Ümumiyyətlə, Ziyad Səmədzadə dövlətin iqtisadi inkişaf siyasətinin formalaşmasında yaxından iştirak edən bir dövlət adamı və peşəkar praktik iqtisadçı alim kimi həmişə Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Ümumdünya Ticarət Təşkilatının və s. kimi beynəlxalq maliyyə və iqtisadi qurumların tələb və tövsiyələrinə çox ehtiyatla, düşünülmüş şəkildə yanaşmağın tərəfdarı olaraq çıxış edir. Hesab edirəm ki, bu cür yanaşma və söylənilən fikirlər obyektiv mənzərəni özündə əks etdirir. Hələ müxtəlif təsərrüfat və dövlət işlərində məsul vəzifələrdə çalışarkən, bu böyük alimlə əlaqələrimiz formalaşmışdı və görüşlərimiz olurdu. Hər dəfə Ziyad müəllimə qulaq asarkən, bu insanın və görkəmli alimin öz dövlətini və millətini nə qədər dərindən sevdiyinə bir daha əminlik yaranırdı. Sonralar elmi fəaliyyətimdə onun qayğısını və dəstəyini aldım və bu günə kimi sıx elmi əməkdaşlıq etməyimdən qürur duyuram. Akademik Ziyad Səmədzadə iqtisad elmləri doktoru dərəcəsi almaq üçün dissertasiya işimin müdafiəsində əsas opponentim olub və onun aşkarladığı iradlar, nöqsanlar, konstruktiv tövsiyələr olduqca dərin məzmuna malik idi və sonrakı tədqiqatlarda düşündürücü xarakter daşıyırdılar.
Ziyad Səmədzadə uzun illərdir yorulmadan Azərbaycan iqtisadiyyatının, Azərbaycan dövlətinin inkişafı naminə çalışır. O, ömrünün 60 ilindən çoxunu Azərbaycan iqtisadiyyatının inkişafına, Azərbaycanda iqtisadi fikrin formalaşmasına, Azərbaycan iqtisad elminin ən ciddi problemlərinin açıqlanmasına sərf etmişdir. Hesab edirəm ki, bu yaşında da çox məhsuldar çalışır, hər bir iqtisadçıya, tədqiqatçıya böyük nümunə göstərir.
Yaxşı xatırlayıram, hələ 1990-cı illərin əvvələrində - iqtisadi proseslərdə tənəzzül baş verəndə Azərbaycan iqtisadiyyatının reabilitasiyası üçün tədbirlər görülməli idi. Ziyad Səmədzadə həmin dövrdə Azərbaycan iqtisadiyyatının konseptual inkişaf strategiyasının işlənməsində çox böyük töhfələr vermişdir. Bundan əlavə, Ziyad Səmədzadə sonrakı illərdə Azərbaycan iqtisadiyyatının modelləşdirilməsində, islahatların aparılmasında və nəinki aparılmasında, həm də onların təşkilində mühüm dövlət postlarını tutaraq, faydalı və məhsuldar əmək sərf etmişdir. Akademik Ziyad Səmədzadə, eyni zamanda bütün bu hadisələrin iştirakçısı və təşkilatçılarından biri olmuşdur. O, bütün proseslərdə fəallığı ilə seçilmiş, ölkədə mövcud olan problemlərə çəkinmədən öz münasibətini bildirmişdir. Bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Məlumdur ki, 1990-cı illərin ortalarında Sumqayıtda Azad iqtisadi zonanın yaradılması haqqında diskussiyalar gedirdi. Həmin dövrdə Ziyad Səmədzadə çox cəsarətlə çıxış edərək, ölkəmizdə də bu tip azad iqtisadi zonaların yaradılmasını vacib sayırdı, düzdür, həmin dövrdə çoxlu sayda problemlər - maliyyə problemləri və s. var idi. Məhz belə bir şəraitdə Ziyad Səmədzadənin fəal iştirakı ilə 2009-cu ildə Milli Məclisdə xüsusi iqtisadi zonalar haqqında qanun qəbul edildi. Təsadüfi deyildir ki, artıq ölkəmizdə azad iqtisadi zonaların yaradılmasına başlanılmışdır. Bu il Azərbaycanda ilk azad iqtisadi zonanın - Ələt İqtisadi Zonasının açılışı olacaqadır. Başqa bir problem mənim çox gözəl yadımdadır ki, 2000-ci illərin əvvəlində Azərbaycan iqtisadiyyatının modelləşdirilməsi, yeni mərhələyə qaldırılması üçün ciddi diskussiyalar gedirdi. Məhz həmin dövrdə akademik Ziyad Səmədzadə cəsarətlə həm mətbuat səhifələrində, həm də elmi jurnallarda, beynəlxalq tədbirlərdə Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qaldırılmasının konseptual əsaslarını verirdi və 2004-cü ildə artıq o, yarım əsrin təhlilinə həsr olunmuş çox böyük, fundamental kitabının təqdimatını keçirmişdir.
Həmin təqdimatda mənə də iştirak etmək qismət olmuşdur və 4 noyabr 2004-cü ildə Gülüstan sarayında keçirilən təqdimatda görkəmli siyasi xadimlər, iqtisadçılar iştirak etmişlər. Həmin tədbirdə Ziyad Səmədzadə mənə öz kitabını bağışlayarkən demişdi ki, Allah ömür versə, biz Azərbaycan iqtisadiyyatının 100 illiyini də yazarıq. Yaxşı ki, bu gün gəlib çatdı, akademik Ziyad Səmədzadə Azərbaycan İqtisadiyyatı – 100 ildə 5 cildliyini ərsəyə gətirdi.
Qeyd edilən bütün amillər də nəzərə alınmaqla, yorulmaz elm xadimi, akademik Ziyad Səmədzadəni bu mühüm hadisə - "Azərbaycan iqtisadiyyatı 100 ildə" 5 cildliyini ərsəyə gətirməsi münasibətilə təbrik edir, möhkəm cansağlığı və bundan sonra da məhsuldar elmi fəaliyyətlə məşğul olmağını arzulayırıq!