Testdən uğurla keçən namizədlərlə görüş
May ayının 25-də Vergilər Nazirliyində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dövlət vergi orqanlarına işə qəbulla bağlı təşkil olunmuş test imtahanlarında uğur qazanmış namizədlərlə görüş keçirilmişdir. Görüşdən öncə kütləvi informasiya vasitələri üçün brifinq təşkil olunmuşdur. Brifinqdə Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov media nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır. Faiq Şahbazov test imtahanında iştirak üçün elektron ərizə ilə müraciət edən 1783 nəfərdən 1618-nin sənədlərinin qəbul olunduğunu, onlardan 1274-nin imtahana qatıldığını bildirmişdir. Test imtahanlarından 290 namizədin uğurla keçdiyi media nümayəndələrinin diqqətinə çatdırılmışdır.
Tədbiri giriş nitqi ilə açan Kadr siyasəti və hazırlığı idarəsinin rəisi Faiq Şahbazov test mərhələsindən uğurla keçən namizədləri təbrik etmiş və növbəti mərhələdə onlara uğurlar arzulamışdır. Faiq Şahbazov dövlət vergi orqanlarına işə qəbulun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»yə uyğun qaydada aparıldığını demişdir. Həmin Əsasnaməyə əsasən, 2005-ci ildən etibarən dövlət vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə aparılır. İdarə rəisi bildirmişdir ki, vergi sisteminin gənc, bilikli, geniş dünyagörüşlü, yaradıcı və peşəkar kadrlarla komplektləşdirilməsi və bu yolda şəffaflığın təmin olunması Vergilər Nazirliyinin apardığı siyasətin əsas xəttini təşkil edir. Təsadüfi deyil ki, həmin tarixdən artıq 7-ci dəfədir ki, Vergilər Nazirliyi vergi orqanlarında işləmək arzusunda olan minlərlə namizədə geniş şərait yaradır, obyektiv işə qəbul prosesi həyata keçirir. Faiq Şahbazovun sözlərinə əsasən, hazırda vergi sistemində çalışan bir çox yüksək vəzifəli şəxs məhz ötən illərdə test üsulu ilə işə qəbul olunmuş gənc kadrlardır və həmin şəxslər öz bilik və bacarıqları, müsbət işçi keyfiyyətləri ilə vergi işçisi adını yüksəyə qaldırırlar. Hesablamalara görə, vergi orqanlarında çalışan əməkdaşların təxminən 50 faizi gənc kadrlardır.
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin ikinci mərhələsinə edilmiş dəyişikliklərdən bəhs edən idarə rəisi namizədlərin təqdimatla çıxış etməsi üçün onlara müvafiq şəraitin yaradıldığını vurğulamışdır. Təqdimatın nümunəsinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirildiyi ifadə edilmişdir. Namizədlərin diqqətinə çatdırılmışdır ki, təqdimatın müddəti 5-7 dəqiqə ola bilər.
Sonra Vergilər Nazirliyinin fəaliyyəti barədə hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Akif Musayev test imtahanında uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə keçən namizədləri təbrik etmişdir. Akif Musayev dövlətimizin gənclərə olan diqqətindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, test üsulu ilə işə qubulun ilk dəfə Vergilər Nazirliyi tərəfindən həyata keçirildiyini bildirmişdir. O, vurğulamışdır ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin artmasında bilavasitə rolu olan vergi orqanlarında çalışmaq böyük şərəfdir. Məhz bunun nəticəsidir ki, hər il dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqəyə müraciətlərin sayı durmadan artır. Bununla bərabər, son illər ərzində test imtahanından uğurla keçən namizədlərin bilik səviyyələrində müsbət dəyişikliklərin olduğu da qeyd edilmişdir. Akif Musayevin sözlərinə əsasən, bu gün vergi orqanlarında həyata keçirilən sürətli islahatlar, elektron xidmətlərin tətbiqi vergi xidməti orqanlarında çalışan əməkdaşların seçiminə böyük tələblər qoyur. Bunun üçün də müsabiqənin bu dəfəki müsahibə mərhələsinə bəzi dəyişikliklər edilmişdir. Müsabiqənin ikinci mərhələsinin qaydalarından danışan Akif Musayev bildirmişdir ki, dəyişikliyə əsasən, test mərhələsini uğurla başa vurmuş namizəd müsahibə zamanı hər hansı bir mövzuda təqdimatla çıxış edərək onu maraqlandıran mövzunu qabarda və seçdiyi sahədə olan problemləri, eyni zamanda onların həlli yollarını və təkliflərini göstərə bilər. Bu da namizədlərə özünü təqdim etməyə imkan verir.
Sonra Vergi siyasəti və starteji araşdırmalar Baş İdarəsinin əməkdaşı Vüsal Şıxəliyev təqdimat haqqında namizədlərə ətraflı məlumat vermişdir. Namizədlər səmimi görüş üçün Vergilər Nazirliyinin nümayəndələrinə öz minnətdarlıqlarını, vergi orqanlarında işlə təmin olunarlarsa, onlara göstərilən etimadı doğruldacaqlarını bildirmişlər. Tədbirin sonunda namizədləri maraqlandıran suallar Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.
|