MƏQALƏLƏR

İnsan hüquqlarının müdafiəsində müstəqil auditin rolu

  • 30.06.2022

1998-ci il 22 fevral tarixində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Həmçinin ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir. Bu məqsədlə ölkə prezidenti “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” Fərman imzalamış, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Azərbaycan Respublikası bu sahədə əsas beynəlxalq sənədlərə, insan hüquqları ilə bağlı 50-dən çox konvensiyaya qoşulmuşdur.
Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı – İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.
Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Auditorlar Palatasının insan hüquqlarının mühafizəsi sahəsində fəaliyyətinin mühüm tərkib hissəsi olan mülkiyyətçilərin və auditorların hüquqlarının müdafiəsində maarifləndirmə amili mühüm yer tutur.
Palata tərəfindən çoxsahəli maarifləndirici tədbirlər, yəni auditorların ixtisasartırma kursları, assistent və mütəxəssislərin təkmilləşdirmə kursları, mühasibat uçotu və daxili audit kadrlarının hazırlanması üzrə tədbirlər, habelə çoxsaylı seminarlar, vebinarlar və ustad dərsləri nəticə etibarilə maarifləndirmə vasitəsilə auditorların və onun peşə fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi vasitəsilə mülkiyyətçilərinin - sahibkarların, audit istifadəçilərinin hüquqlarının qorunmasına xidmət edir.
Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” özündə 42 bəndi ehtiva edirdi və hamısı uğurla həyata keçirilmişdir, bəziləri isə indiki zamanda da müntəzəm olaraq həyata keçirilir. 1950-ci il 4 noyabr tarixində Romada təsdiq edilmiş və 1953-cü ilin 3 sentyabr tarixində qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 236-İİQ nömrəli qanunu qəbul edilmişdir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Paris protokolunun 1-ci maddəsi mülkiyyətin müdafiəsinə həsr olunmuşdur.
Azərbaycan konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyət hüququ, onun xüsusiyyət və xarakteristikası, həmçinin toxunulmazlığı təsbit olunmuşdur. Öz ali hüquqi bazasını beynəlxalq hüquqa əsaslanan konstitusiyadan götürən Azərbaycan Respublikasının mülki qanuvericiliyinin əsas məqsəd və vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdır.
Mülkiyyət üzərində birgə və ya təkbaşına sahiblik, istifadə və sərəncam vermək hüququnun həyata keçirilməsi mülkiyyətin düzgün və ədalətli bölgüsünə əsaslanmalıdır. Sahibkarlıq fəaliyyəti və sahibkar özü də mülki hüququn subyektidir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyinin, əmlak müstəqilliyinin, müqavilələrin şərtlərində sərbəstliyin təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindəndir. Mülkiyyətçinin hüquqlarının və qanuni mənafelərinin qorunması sahibkarlıq və investisiya mühitinin təşviqini təmin edən amillərdən biridir.
İqtisadi inkişafın bazisi rolunu oynayan mülkiyyət münasibətlərində baş verən mütərəqqi dəyişikliklər üstqurumun təkmilləşdirilməsini, idarəetmənin və planlaşdırmanın məzmun və mahiyyətcə yeni istiqamətdə inkişafını zəruri etmiş, bazar iqtisadiyyatı infrastrukturlarının, o cümlədən sivil nəzarət strukturlarının yaranmasını zəruri prosesə çevirmişdir. Məhz ulu öndərin təkidi ilə ölkədə maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən təşkilinə rəvac verilmiş, bu isə tezliklə öz müsbət nəticələrini göstərmişdir.
Əlamətdar bir haldır ki, mülkiyyət münasibətlərinin formalaşmasında şəffaflığın daha da artırılması və ictimai nəzarətin genişləndirilməsi ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da diqqət mərkəzində olan problemlərdəndir.
Möhtərəm prezidentimiz tərəfindən 2007-ci il 6 iyun tarixli «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Fərmanının imzalanmasından sonra mülkiyyət münasibətlərində şəffaflığının təmin edilməsinə geniş yer verilmiş və dövlət müəssisələrinin özəlləşdirmə öncəsi sağlamlaşdırılması və restrukturizasiyasında, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsində, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsində və digər məsələlərdə müasir nəzarət formalarından istifadənin hüquqi əsasları təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilərək, nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilmişdir.
Auditorlar Palatası tərəfindən aparılan rəqəmsal islahatlar nəticəsində Palataya onlayn çat sistemi vasitəsi ilə müraciət edən bütün vətəndaşların müraciətləri qeydə alınır və operativ qaydada cavablandırılır. Bu gün rəqəmsallaşma iqtisadiyyatın mühüm hissəsini əhatə edir. Rəqəmsallaşma öz yerini həm mühasibat uçotunda, həm hesabatlılıqda, həm də auditdə tutub.
Rəqəmsallaşma olmadan iqtisadiyyatı təsəvvür etmək çətindir, çünki o hər hansı bir müəssisənin və istənilən ölkənin iqtisadiyyatında xüsusi yer tutur. Auditorlar Palatası da hesabatlılıq proseslərinin rəqəmsallaşdırılması, həmçinin auditorlar üçün əlverişli şərait yaradılması ilə məşğuldur.
2020-ci ildə Auditorlar Palatasının rəsmi internet saytı yenilənmiş, həmçinin həmin ildə auditorun şəxsi kabinet sistemi yaradılmışdır. Hazırda bu sistem auditorlar tərəfindən hesabatların təqdim edilməsində fəal istifadə olunur, audit bazarında haqsız rəqabətin azaldılmasına, eləcə də sistem tərəfindən verilən xüsusi kodla nömrələnərək, qanunsuz auditor hesabatlarının müəyyən edilməsinə kömək edir.
2020-ci ildə mahiyyətinə görə tamamilə yeni olan, yoxlanılmış subyektlərdən ibarət panel yaradılmışdır ki, burada auditorun müştərisi öz auditor hesabatını yoxlamaq arzusu ilə öz nömrəsini sistemə daxil edib, onun həqiqiliyini sərbəst formada yoxlaya bilir.
2021-ci ildə bu sistemin kibertəhlükəsizliyinin gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüş və auditorların işini daha da asanlaşdırmaq məqsədilə sistemin özündə bir sıra təkmilləşdirmələr aparılmışdır.
2022-ci ildə artıq “Kargüzarlıq” sistemi yaradılmışdır ki, bunun sayəsində auditorlar bir-biri ilə, Palatanın istənilən struktur bölməsi ilə və ya birbaşa olaraq bu auditorun keyfiyyətinə nəzarəti həyata keçirən auditorla tam məxfi şəkildə əlaqə saxlaya bilirlər.
Cari ilin fevral ayında Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası tərəfindən “Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində Strategiya”sı təsdiq edilmiş və onun 4-cü bəndi olaraq yeni tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Orada ümumi olaraq auditin 2025-ci ilədək təkmilləşdirilməsi, yeni ağıllı müqavilə sistemlərinin inteqrasiyası, hesabatları təhliletmə funksiyalarının tətbiqi, auditor xidmətinin minimum məbləğini müəyyən etmək üçün kalkulyatorun yaradılması və s. nəzərdə tutulmuşdur.
Auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Palatanın strukturunda yeni “Haqsız rəqabətə qarşı mübarizə şöbəsi” yaradılmışdır. Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli iclasında 2022-ci il “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan olunmuş və Palata sədrinin 2022-ci il 25 fevral tarixli 1/12 nömrəli sərəncamı ilə “Auditor xidməti sahəsində haqsız rəqabətin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planında “Auditor fəaliyyəti ilə əlaqədar haqsız rəqabət və reklam qadağası haqqında” Əsasnamənin hazırlanması və tətbiqi, haqsız rəqabətlə mübarizədə auditorların vəzifə və səlahiyyətlərinin gücləndirilməsi, rəqabətə dair kitabça və bukletlərin hazırlanıb nəşr etdirilməsi, seminar və dəyirmi masaların keçirilməsi, auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin təkmilləşdirilməsi, haqsız rəqabətə qarşı mübarizə sahəsində auditorlar arasında əməkdaşlığın genişləndirilməsi üçün əməli tədbirlərin işlənib hazırlanması, bu sahədə xarici təcrübənin öyrənilməsi və tətbiq edilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.
Ölkəmizdə auditor fəaliyyəti sahəsində haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi məqsədilə “Auditor xidməti sahəsində haqsız rəqabət və reklam qadağası haqqında” Əsasnamə və “Auditor fəaliyyəti sahəsində haqsız rəqabət hallarının qarşısının alınmasına dair Prosedur Qaydalar” Palata Şurasının iclaslarında geniş müzakirə edilərək təsdiq edilmişdir.
Azərbaycanda auditor xidmətinin inkişafı son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında və milli fəaliyyət planlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən dövlət proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Ötən dövr ərzində Auditorlar Palatası insan hüquqlarının, dövlətin, sahibkarların, mülkiyyətçilərin, auditorların və bütövlükdə cəmiyyətin hüquq və mənafelərinin müdafiəsini özündə ehtiva edən aşağıdakı 10-a yaxın dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir:
- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər);
- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)»;
- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli sərəncamı ilə təsdiq edilmiş «2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramı;
- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»;
- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»;
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı";
- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı»;
- Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı kəsərli tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrini rəhbər tutaraq və Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 3.5-ci “Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənib hazırlanması” bəndinə əsasən 2019-cu il 15 yanvar tarixində təsdiq edilmiş plan-proqramda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Auditorlar Palatasında “Azərbaycan Respublikasında Kölgə iqtisadiyyatının azaldılmasına dair strateji Yol Xəritəsi” hazırlanmış və Azərbaycan Respublikasinin Auditorlar Palatasi Şurasının 28 dekabr 2019-cu il tarixli 316/1№-li qərarı ilə bəyənilmişdir. Həmin yol xəritəsində kölgə iqtisadiyyatının aradan qaldırılması, auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflər təqdim edilmişdir.
Təkliflər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 2.2-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.
Ölkə auditorları üçün çox əlamətdar olan Auditorlar Palatasının 25 illik yubileyi ilə əlaqədar Azərbaycan auditinin 25 ildə keçdiyi inkişaf yolu, Auditorlar Palatasının fəaliyyətə başlaması və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi ulu öndər Heydər Əliyevin demokratik dünya meyarlarına sədaqətinin, bazar iqtisadi infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürüdür. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və milli auditin qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanmış, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturu olan auditor fəaliyyətinin təşkili və təşəkkülü “Auditor xidməti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Auditorlar Palatasının intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, maliyyə hesabatlılığının təkmilləşdirilməsində, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli artmış və Auditorlar Palatasının beynəlxalq əlaqələri genişlənmişdir. Bunlar, eyni zamanda ölkə prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olmuşdur.
Prezident İlham Əliyev auditi belə dəyərləndirmişdir:
“Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.”
Ölkə prezidentinin göstərişlərini rəhbər tutaraq, audit sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində Auditorlar Palatasının beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənmiş, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter almış və audit sahəsində xarici ölkələrin iş təcrübəsinin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yardımçı materialların əldə edilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaradılmışdır. Məhz bunun nəticəsidir ki, Auditorlar Palatası 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamış və onlarla sıx əməkdaşlıq edir.
Auditorlar Palatası ötən 25 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən auditə dair 55 kitab, ali məktəblər üçün "Audit" dərs vəsaiti - 2 nəşr, "Daxili audit" dərs vəsaiti, 43 milli audit standartları, Beynəlxalq Audit Standartları - 3 nəşr, "Audit. Qanunvericilik və normativ sənədlər toplusu” - 10 cilddə, "Sahəvi auditlərin aparılmasına dair proqramlar" - 4 nəşr hazırlamış, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu, “Auditor təşkilarlarında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə metodik materiallar toplusu”, “Auditorların Müstəqillik Qaydaları” nəşr etdirmiş, "İqtisadiyyat və audit" jurnalını təsis etmiş, 30-a yaxın Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş, on səkkizi regionlarda olmaqla 120-dək seminar və dəyirmi masa təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirmək əzmindədir.
Ötən dövr ərzində Palata tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla 1999-cu ilin sentyabr ayında “Azərbaycan Respublikasında audit sisteminin islahatı konsepsiyası”, “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)” işlənib hazırlanmış və konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası yerinə yetirilmişdir. Hazırda isə Auditorlar Palatası tərəfindən işlənib hazırlanmış “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasında (2021-2030-cu illər)” nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmış və davam etdirilir.
Auditorlar Palatasının səyləri nəticəsində ölkədə auditor fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı ilbəil artır. Hazırda 130 auditor təşkilatı və 59 sərbəst auditor bu fəaliyyət ilə məşğul olur ki, bunun da nəticəsində ötən illərə nisbətən auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 25 dəfədən, xidmətin həcmi isə 40 dəfədən çox artmışdır. O cümlədən, təkcə 2021-ci ildə 72,0 milyon manat məbləğində 4782 müqavilə icra olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda milli audit sistemi beynəlxalq standartlara uyğun təşəkkül tapmış, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli yüksəlmişdir.
2017-ci il 22 sentyabr tarixində keçirilmiş «Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanlandığı məktubda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha müstəqil auditi yüksək dəyərləndirmişdir: “İnkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” sənədində bu sahəyə xüsusi diqqət yetirilmiş və çoxsaylı tədbirlər müəyyən edilmişdir.
Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 6 yanvar tarixli 1753 nömrəli sərəncamı ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni, 2011-ci il 15 sentyabr tarixli 1730 nömrəli sərəncamı ilə 8 nəfər, 2016-cı il 4 aprel tarixli 1934 nömrəli sərəncamı ilə 13 nəfər, 2021-ci il 15 aprel tarixli 2578 nömrəli sərəncamı ilə 11 nəfər Auditorlar Palatasının əməkdaşları və üzvlərinin Azərbaycanda auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilməsi ölkə prezidentinin müstəqil auditə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Beləliklə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafında, dövlətin, sahibkarların və mülkiyyətçilərin hüquqlarının müdafiəsində müstəqil (kənar) audit çox mühüm rol oynayır.
Azərbaycan Respublikasının Auditorlar Palatası gələcəkdə də ölkəmizdə müstəqil auditi intensiv surətdə inkişaf etdirmək əzmindədir.

 

Qəşəm BAYRAMOV, Azərbaycan Respublikası
Auditorlar Palatası Aparatının rəhbəri