MƏQALƏLƏR

Ərzaq təhlükəsizliyi yeni reallıqlar müstəvisində

  • 30.06.2022

Hələ sovetlər dönəmində Azərbaycan kənd təsərrüfatının inkişaf səviyyəsinə görə digər ittifaq respublikalarından öndə dayanırdı. Bu yüksəliş və inkişaf dinamikası keçən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyevə qədər bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında gerilik hökm sürürdü. Mövcud problemlərin həlli üçün köklü tədbirlərin görülməsinə ehtiyac var idi. Bu problemlərin kökünü və onların aradan qaldırılması yollarını dərindən bilən H.Əliyev mərkəzin razılığını alaraq genişmiqyaslı işlərin görülməsinə başladı. Yeni əkin sahələrinin istifadəyə verilməsi, torpaq fondunun yaxşılaşdırılması, suvarma sistemlərinin yenidən qurulması, aqrotexniki qulluq səviyyəsinin yüksəldilməsi və aqrar bölmənin intensiv inkişaf yoluna çıxarılmasına təminat yaratdı. Muğan zonasında yeni kollektorun tikilməsi, qərb zonasında 60 min hektarı suvarma suyu ilə təmin edən Ağstafa çay dəryasının inşası, Arazboyu ərazilərdə dəryaçaların tikilib istifadəyə verilməsi, Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin inşası uğurla başa çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə çatan kanallar vasitəsilə Lənkəran və Abşeron rayonlarının torpaqlarının suvarma ilə bağlı problemləri aradan qaldırıldı. O vaxtlar Xanbulançay dəryaçası 22 min hektar - 1975-ci ildəkindən təqribən 5 dəfə çox münbit torpaqları suvarmağa, Lənkəranda farş tərəvəz istehsalını qısa müddət ərzində 250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verdi. 1976-cı ildə isə Tərtər, Bərdə və Goranboy rayonlarının əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasını təmin edən Tərtərçay enerji və su təsərrüfatı kompleksi istifadəyə verildi. 1971-1980-ci illər ərzində Azərbaycanda olan dəryaçaların ümumi su tutumu 20 milyard kubmetrə, suvarma şəbəkəsinin uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı 700-ə çatdırıldı. İrriqasiya və meliorasiya tədbirləri Kür-Araz ovalığından başqa, dağətəyi və dağlıq bölgələrdə də həyata keçirildi.
1976-1980-ci illər ərzində Quba, İsmayıllı, Zəngilan rayonlarında, Nax­çıvan Muxtar Respublikasında, keç­miş Dağlıq Qarabağ Muxtar Vilayətin­də böyük həcmdə meliorasiya işləri görüldü. Eyni zamanda, bir sıra bölgələrdə iri hidrotexniki qurğular tikildi, 83 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə verildi. Bundan başqa, 452 min hektar otlaq ərazisinə su çıxarıldı, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən quruldu. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul etməsi o dövr üçün çox böyük hadisə idi. Bu, Heydər Əliyevin böyük nüfuzu sayəsində mümkün olmuşdur. Sözügedən qərarın icrası nəticəsində respublikamızda kənd təsərrüfatı mallarının istehsalı sahəsində yüksək göstəricilər əldə edildi.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ərzaq malları istehsal və emal edən təsərrüfat sahələri, demək olar ki, dağıdılmışdı, zavod və fabriklər bağlanmışdı. Artıq Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən ölkədən həmin malların idxalçısına çevrilmişdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, bir çox əsas ərzaq malları üzrə istehsal 3 dəfə aşağı düşmüşdü. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə ciddi addımlar atılmağa başlandı və bunun nəticəsində aqrar bölmədə nəzərəçarpacaq irəliləyişlər baş verdi. Özəlləşmə prosesinə start verildi, torpaqların təsərrüfat subyektlərinə paylanılmasına başlandı, azad sahib­karlığın inkişafına dəstək verildi. Ümummilli liderin 10 il ərzində həyata keçirdiyi aqrar islahatlar öz nəticəsini verdi, idxaldan asılılıq azaldıldı, ixrac potensialı yaradıldı. Ulu öndərin dövlətçilik modelini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda ciddi uğurlar qazanılıb. Onun imzaladığı layihələrin sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının yüksək səviyyədə icrası nəticəsində ölkəmizin bölgələrində sıçrayışlı inkişaf baş verdi, hər bir yaşayış məntəqəsinin siması, əhalinin həyat səviyyəsi köklü şəkildə dəyişdi. Bir-birinin ardınca prezident tərəfindən imzalanan qərar və sərəncamlar, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2016-cı il 16 dekabr tarixli prezident fərmanı ilə təsdiq edilən “Strateji yol xəritəsi” qeyri-neft sektorunun strukturunda aqrar bölməni üstün mövqeyə gətirib çıxardı.
Nəzarət sistemini təkmilləşdirmək, şəffaflığı artırmaq, “Strateji yol xəritəsi”ndə nəzərdə tutulan digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək üçün dövlət başçısının 2017-ci il 10 fevral tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Aqrar sahədə həyata keçirilən islahatlar və görülən tədbirlər haqqında danışarkən lizinq fəaliyyətinin genişləndirilməsini də qeyd etmək lazımdır. Texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl təsərrüfatlara aid edilib və bu məqsədlə bütün bölgələrdə aqrar inkişaf mərkəzləri yaradılıb. “Bir pəncərə” prinsipinə uyğun olaraq həmin mərkəzlər tərəfindən 60-a yaxın xidmətin göstərilməsinə başlanılıb. Respublikada ilk dəfə olaraq aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanun qəbul olunub. Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsi və “Aqrar sığorta predmeti”nin tərkibini təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizminin Türkiyənin TARSİM modeli əsasında qurulmasına başlanılıb. Azərbaycanda həyatda keçirilən bütün bu tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb ki, bu da ölkə əhalisinin ərzaq və qidaya olan tələbatının əsas hissəsinin yerli məhsullar hesabına ödənilməsinə imkan yaradıb. Ərzaq təhlükəsizliyi hazırda Rusiya-Ukrayna müharibəsi kompleksində daha da aktuallaşıb. Qlobal aclıq təhlükəsi “Böyük yeddilik” ölkələrinin də diqqətindən kənarda qalmayıb. Həmin dövlətlərin iqtisadi inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyinin təmin olunması üçün alyans yaratmaq barədə razılığa gəliblər. Artıq əksər ölkələrə buğda ixracı dayandırılıb.
Azərbaycanda rəsmi statistikaya görə, illik buğda tələbatı 3,5 milyon tona qədərdir. Bunun da 40 faizi, yəni 1 milyon tondan çoxu idxal hesabına ödənilir. Ölkəmizdə buğda ehtiyatlarının artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Təkcə cari ilin yanvar ayında buğda idxalında 4 dəfə artım qeydə alınıb. İdxala qoyulan qadağalar Azərbaycanın buğda idxalına da təsirsiz ötüşməyib. Cari ilin 4 ayında Azərbaycana 105 milyon 270 ton dollar dəyərində 308 min 42 ton buğda idxal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalının həcmi 16,7 faiz azalıb. Bir ton buğdanın idxal qiyməti ötən ilin 4 ayında 254,5 dollar idisə, cari ilin müvafiq dövrü üçün 341,7 dollar təşkil edib. Yəni, idxal olunan buğdanın qiyməti 34,2 faiz artıb. Dünya bazarında qeyri-müəyyənlik davam etməkdədir. Bu vəziyyətdə ən optimal yol yerli təhlil hesabına idxaldan asılılığı artırmaqdır. Ötən il respublikamızda 600 min hektara yaxın buğda əkini aparılıb. Bu, ümumi əkinin 38 faizi deməkdir. Ölkədə illik buğda istehsalı 2 milyon dollar civarındadır. Lakin işğaldan azad edilmiş ərazilər əkin dövriyyəsinə cəlb olunduqca idxaldan asılılığı xeyli dərəcədə azaltmaq imkanı əldə edəcəyik. Xüsusi olaraq qeyd etmək istərdim ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan ərazilərdə taxılçılıqla məhsuldarlığı hər hektara 40-50 sentnerə çatdırmaq mümkündür. Müqayisə üçün deyək ki, taxılçılıqda respublika üzrə orta məhsuldarlıq 30 sentner təşkil edir ki, bu da rentabellik baxımından aşağı göstəricidir. Halbuki həmin ərazilərdən digər ənənəvi məhsullar istehsal etməklə yüksək gəlir götürmək olar.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri