Vergi orqanlarına işə qəbulun müsahibə mərhələsi başlayır
Vergilər Nazirliyi tərəfindən vergi xidmətinə işə qəbulla bağlı növbəti müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Müsabiqə prosesinin gedişi ilə bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin rəisi, Müsabiqə Komissiyasının sədr müavini, baş vergi xidməti müşaviri Faiq Şahbazova müraciət etdik.
– Faiq müəllim, dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə prosesi davam edir. Test imtahanından uğur qazanmış namizədləri indi müsahibə mərhələsi gözləyir. Ümumiyyətlə, prosesin gedişini necə səciyyələndirmək olar?
– Bu il 4-24 aprel tarixlərində namizədlərin sənədlərinin elektron formada qəbulu keçirilmişdir. 18-20 may tarixlərində elektron ərizələri qəbul edilmiş namizədlər Vergilər Nazirliyinin inzibati binasından buraxılış vərəqələrini götürmüş və mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında iştirak etmişlər. Ərizə vermiş namizədlərdən 290 nəfəri imtahanda müvəffəqiyyət qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılmışlar.
– Bu il işə qəbul qaydalarında hansı yeniliklər edilib?
– Bildiyimiz kimi, işə qəbul Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli fərmanı ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır. Ölkə Prezidentinin 9 mart 2011-ci il tarixli fərmanı ilə həmin Əsasnaməyə bir sıra əlavə və dəyişiklik edilmişdir. Bu yeniliyə əsasən, müvafiq ixtisas dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər Müsabiqə Komissiyasının qərarı ilə test imtahanlarından azad oluna bilərlər. Eyni zamanda, həmin şəxslər üçün yaş həddi də müəyyən edilmir.
– Bəs test imtahanlarından keçən namizədlərlə müsahibə prosesində hansı yeniliklər nəzərdə tutulur?
– Qeyd etmək istərdim ki, test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlərlə müsahibə şifahi formada aparılacaq. Müsahibə namizədlərin ünsiyyət qurmaq, fikirlərini aydın və yığcam izah etmək, ekstremal şəraitlərlə bağlı suallara cavab vermək, özü haqqında ətrafdakılarda müəyyən rəy formalaşdırmaq, eyni zamanda vergi sistemində işləmək niyyətini əsaslandırmaq, dünyagörüşünü ortaya qoymaq və indiyədək qazandığı iş təcrübəsi barədə məlumat vermək kimi keyfiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. «Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları»nda qeyd olunduğu kimi, müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballarının biri ilə qiymətləndirilir. Sonra verilmiş qiymətlər toplanır və alınmış cəm müsahibədə iştirak etmiş komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılır. Müsahibənin nəticəsi üzrə orta bal «3» və daha yüksək olduqda həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab edilir. Bununla bərabər, müsabiqənin nəticələri namizədin müsahibədən uğurla keçib-keçməməsindən asılıdır. İmtahanda birinci mərhələni müvəffəqiyyətlə keçən namizədlərlə müsahibə iyun ayının əvvəllərinə nəzərdə tutulub. Yeniliklərə gəlincə, bu il müsahibə qaydalarına qismən dəyişikliklər edilib. Belə ki, namizədlər hər hansı aktual mövzu barəsində slaydlar vasitəsilə 5-7 dəqiqəlik təqdimat edə bilərlər. Müsahibə mərhələsinin nəticələri açıqlandıqdan sonra 5 gün ərzində «Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi Qaydaları»nda nəzərdə tutulmuş sənədlər Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinə təqdim olunmalıdır.
İşəgötürmə prosesində uğur qazanmış namizədlər həm test imtahanında, həm də müsahibədə topladıqları ümumi bal, işləmək istədikləri vergi orqanı, ixtisas, qeydiyyatda olduqları ünvan nəzərə alınmaqla qısa müddət ərzində Vergilər Nazirliyinin müvafiq struktur bölmələrində işlə təmin olunacaqlar. Müsabiqəni uğurla başa vuran, lakin işlə təmin olunmayan namizədlər isə iki il müddətinə nazirliyin kadr ehtiyatına daxil edilirlər. Həmin müddətdə namizədlərə vergi orqanlarında uyğun vakant vəzifələr təklif olunur. Müəyyən olunmuş müddətdə – iki il ərzində nazirlik tərəfindən təklif olunan vakant vəzifələrdən imtina edən namizədlər həmin müddət başa çatdıqdan sonra Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılırlar.
Rüfət MƏRDANOV
|