MƏQALƏLƏR

Zülfü İLYASOV: BU EHTİŞAMLI GÜNLƏRƏ QARDAŞ TÜRKİYƏ İLƏ BİRGƏ ADDIMLAYIRIQ

  • 21.07.2022

Türkiyə adı Azərbaycanda həmişə uca tutulub. Sovetlər dönəmində ayrılıq həsrəti ilə yaşayan soydaşlarımız nə qədər nisgilə dözüblər. Azərbaycan Respublikası müstəqillik qazandığı zaman onu ilk tanıyan dövlət də Türkiyə Cümhuriyyəti olub. Elə həmin andan etibarən ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı qarşılıqlı münasibətlərin təməl prinsipinə çevrildi. Bu gün Türkiyə-Azərbaycan əlaqələri elə yüksək səviyyəyə gəlib çatıb ki, bu münasibətlərin dünyada bənzəri yoxdur. Ən önəmlisi də odur ki, bu münasibətlər nəinki iki ölkənin, eyni zamanda regional sabitliyin, barışın, yüksəlişin təmin olunmasına köklənib. İkinci Vətən müharibəsində doğma torpaqlarımızın 44 gün ərzində işğaldan azad edilməsi zamanı və postmüharibə dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi dəstək sözlə ifadə edilməyən minnətdarlıq hissləri doğurur. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında reallaşdırılan layihələr, həyata keçirilən enerji və tikinti-quruculuq işlərində Türkiyə şirkətləri ön sırada dayanır. Türkiyə dövlətinin varlığı hər yerdə görünməkdədir. Prezident İlham Əliyevin “Türkiyə olan yerdə, Azərbaycan var” sözləri iki ölkə arasında intişar tapan dostluq və qardaşlıq əlaqələrini təcəssüm etdirir. Bu əlaqələr təkcə dövlətlər arasında deyil, həm da xalqlarımız arasında bütün sahələrdə özünü bariz şəkildə göstərir. Azərbaycan neftini dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin gerçəkləşməsi Azərbaycan-Türkiyə və Gürcüstan arasında unikal əlaqələr sistemi formalaşdırdı. Enerji sahəsində TANAP, TAP, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələri hər üç ölkənin strateji dəyərini artırdı və Azərbaycanı Avropanın enerji təhlükəsizliyi zəncirində önəmli ölkəyə çevirdi.
Şərq və Qərb arasında enerji və nəqliyyat xətlərinin inkişaf etdirilməsi, bu istiqamətdə “Orta dəhliz”in yaradılması Gürcüstanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsində, İran və Rusiya ilə qarşılıqlı faydalara əsaslanan münasibətlərin qorunması kimi məsələlərin Azərbaycanın dövlət maraqları nəzərə alınmaqla həll edilməsində mühüm rol oynadı.
Türkiyə-Azərbaycan əlaqələrindən danışarkən, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi şəkildə qeyd olunmalıdır. 1992-ci ildə Azərbaycan-Türkiyə hərbi əlaqələri, 1996-cı ildə hərbi təlim, texniki və elmi saziş, 2010-cu ildə isə Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında saziş imzalandı. Önəmli hadisələrdən biri də 2017-ci ildə tərəflər arasında Ali Hərbi Şuranın yaradılması olmuşdur. Bundan sonra müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da dərinləşmiş, silahlı qüvvələrin modernləşdirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirilmişdir. Sonucda 2020-ci ildən başlayaraq Azərbaycan ordusunun Türkiyə ordusu modelinə keçidi baş vermişdir. Uzun illər davam edən hərbi əməkdaşlıq İkinci Qarabağ müharibəsi zamanı daha da sürətlənmişdir. Türkiyə Cümhuriyyətində hərbi təlim keçən və türk modeli ilə qurulan xüsusi bölmələrimizin müharibədə göstərdiyi rəşadət və qəhrəmanlıq Azərbaycan xalqının hərb tarixində parlaq səhifə açdı. Azərbaycanın Türkiyədən idxal etdiyi Bayraktar TB-2-lər Qarabağ səmalarında erməni qəsbkarları üçün əsl cəhənnəm kabusuna çevrilərək, onların məhv edilməsində fövqəladə rol oynadı.
Ölkələrimiz arasında çoxşaxəli və çoxperspektivli əlaqələr mövcuddur ki, bunlar içərisində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qarşılıqlı investisiyaların yatırılması xüsusi qeyd olunmalıdır. Son illər bu sərmayələrin həcmi sürətlə artmış və hər iki ölkə üçün strateji xarakter almışdır. Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyalar əsasən enerji sahələrini, Türkiyənin Azərbaycana qoyduğu investisiyalar isə qeyri-neft sektorunu əhatə edir. Azərbaycan dövlətinin ən çox investisiya qoyduğu dövlət olaraq Türkiyə enerji layihələrinə, neft emalı zavoduna, neft-kimya sektoruna, təbii qazın paylanmasına və s. sahələrə investisiya yatırmışdır. SOCAR 2008-ci ildə PETKİM ilə Türkiyə bazarına daxil olmuş və bu günədək fəaliyyətini davam etdirir. SOCAR-ın Star Neft Emalı Zavoduna qoyduğu investisiya strateji mahiyyət kəsb edir. Digər mühüm investisiya qoyuluşu Trans-Anadolu Boru Kəməri layihəsinədir. Avropada qaz böhranının yaşandığı bir vaxtda Türkiyənin təbii qaz ehtiyacının artdığını nəzərə alaraq, TANAP həm enerji təhlükəsizliyi, həm də resursların şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında münasibətlər diplomatiyadan iqtisadiyyata, humanitar sahədən energetikaya, nəqliyyata, ekologiyaya qədər bütün sahələri özündə ehtiva edir. Bu münasibətlərin zirvə nöqtəsi 15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Şuşa Bəyannaməsidir. Bu tarixi və möhtəşəm sənəd iki gün fərqlə hər iki ölkənin parlamentlərində təsdiq edilmişdir. Bu sənədin imzalanması ilə bütün türk dünyasına gücümüzü və birliyimizi ifadə edən bir mesaj göndərilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbayan tək deyil, Türkiyə onun yanındadır” deməsi 44 günlük Vətən müharibəsində xalqımıza böyük güc və güvən bəxş etdi.
Müharibə bitdikdən sonra hər iki dövlət başçısının iştirakı ilə Bakı şəhərində düzənlənən Zəfər Paradında türk və azərbaycanlı əsgərlərin çiyin-çiyinə inamla addımlaması bütün dünyaya türkün qüdrətini göstərdi. Bu gün Türkiyə və Azərbaycan regionda sabitliyin, əmin-amanlığın qarantı kimi çıxış edir və hər kəsi, o cümlədən işğalçı Ermənistanı da bu platformada iştirak etməyə çağırır. Ermənistan isə Azərbaycanın sülh və barış çağırışlarına adekvat cavab verə bilməyib. Bundan uduzan da elə Ermənistanın özü olacaq. 2018-ci ildən etibarən “Türkiyə Texnoloji Takımı” – T3 vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il may ayının 28-də ilk dəfə Türkiyədən kənarda - Bakıda keçirilməsi bizim yaxınlığımızın və doğmalığımızın parlaq təzahürüdür. Elm, inkişaf və texnologiya festivalı olan “TEKNOFEST” Azərbaycan ilə Türkiyənin sözdə deyil, işdə və əməldə bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünyanın ən məşhur aviasiya, kosmik texnologiyalar festivalı olan “TEKNOFEST”in Bakıda keçirilməsi həm də onu göstərdi ki, iki qardaş ölkə hər məsələdə olduğu kimi, müdafiə sənayesi sahəsində də bir yerdədir.
Aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahədə sahibkarlığın təşviq edilməsi məqsədilə keçirilən festival radiotexnika, peyk modelləşdirilməsi, pilotsuz uçuş aparatları sahələrində gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından çox faydalıdır. Bu, hər iki ölkənin gəncləri qarşısında geniş üfüqlər açır, ən yeni texnologiyaların işlənib hazırlanması üçün əsaslı addımların atılmasına imkan və şərait yaradır. Bütün bunlar bir daha onu göstərir ki, Türkiyə hər zaman – şad gündə də, dar gündə də Azərbaycanın yanındadır. Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl tikinti meydanına çevrilib. Bu izdiham və qələbəliklə dolu günlərə ən çox sevinən, şadlanan da Türkiyədir. Bizim qədər Türkiyə də istəyir ki, işğaldan azad edilmiş ərazilərimiz minalardan tez təmizlənsin, abadlaşsın, gözəlləşsin və həyat öz axarına düşsün. Burada tikinti-quruculuq işlərinə, həyat və fəaliyyətin funksional şəkildə təmin olunmasına ən çox cəhd göstərən də türk şirkətləridir. Vaxt gələcək Şərqi Zəngəzurda, Qarabağda həyat çağlayacaq, bu yerlər laləzara çevriləcək, gülə-çiçəyə qərq olacaq. Dünyanın dörd bir yanından turistlər axışıb gələcək və 30 il işğal altında saxlanılan, dağıdılıb talan edilən bu torpaqların əsl sahibinin kim olduğunu öz gözləri ilə görəcəklər. Bu ehtişamlı və qüvurverici günlərə canımız, qanımız Türkiyə ilə birgə addımlayacağıq.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri