MƏQALƏLƏR

Bazar qiymətlərinin formalaşması

  • 03.06.2011
 

Bazar  qiymətlərinin formalaşması


 Son illər iqtisadiyyatın müxtəlif sahələrinin və bazar münasibətlərinin inkişafı qiymətin əmələ gəlməsi siyasətinə yeni çalarlar gətirib. Qiymətin əmələ gəlməsi amili və bazarda qiymətlərin tənzimlənməsində tələb və təklifin rolu bazar qiymətinin formalaşmasına və qiymətlərin tez-tez dəyişməsinə səbəb olur. Bununla yanaşı, inflyasiya da qiymətin formalaşmasına əsaslı təsir göstərən amillər arasındadır.

 

Bəs sürətli və dəyişən qiymət amili vergilərin hesablanmasına necə təsir edir? Əlbəttə, müasir iqtisadiyyatda vergilərin bazar qiyməti ilə hesablanması ən vacib məsələlərdən hesab edilir. Bu, vergi daxilolmalarının artmasını və büdcəyə daha çox vəsaitin cəlb olunmasını şərtləndirir.



 

Vergilərin hesablanmasında bazar qiymətlərinin nəzərə alınması

 

Bazar qiyməti – malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir. Azərbaycanda vergilərin bazar qiyməti nəzərə alınmaqla hesablanması Vergi Məcəlləsi ilə müəyyən edilib. Bu, aşağıda göstərilən hallara şamil edilir: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, eləcə də müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda.

 

Digər tərəfdən, bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan uzağı 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti onun təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə eyni emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir.

 

 Bazar qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən amillər

 

Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən bir sıra silsilə amillər nəzərə alınır: göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi), öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri, mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması), malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer, malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri, malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi, marketinq siyasətinin aparılması ilə əlaqədar analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi. Bunlardan başqa, işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər də nəzərə alınır.

 

Keyfiyyətin müəyyən edilməsi

 

Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. Bu halda eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda başqa qiymətləndirmə üsulları tətbiq edilə bilər. Yəni malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən tətbiq olunmuş əlavələr sonrakı satış qiymətindən çıxılmaqla müəyyənləşdirilir. Bu cür qiymətləndirmə üsulundan biri dəyərin toplanmasına əsaslanır. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

 

Bundan başqa, onu da əlavə edək ki, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini vergi qanunvericiliyinin müvafiq maddəsində göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

 

Uçota alınma

 

Müəyyənləşdirilmiş bazar qiymətlərindən yalnız vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30%-dən yuxarı olarsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilərsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda, malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. Həmçinin vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30%-dən aşağı olduqda vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.

 

Digər bir məsələ isə malın bazar qiymətinin müəyyənləşdirilməsidir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq mənbələrdən istifadə edilir.

 

Nəzərinizə çatdıraq ki, qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

Rüfət MƏRDANOV