MƏQALƏLƏR

Bakı kəndlərinin dünəni və bu günü: RAMANA

  • 04.08.2022

Bakı kəndləri tarixən Bakının özəyini təşkil edib. Bu kəndlər tarixi yerlər, abidələr və mühüm hadisələrlə zəngindir. Əmircan, Mərdəkan, Fatmayı, Buzovna, Maştağa, Hökməli kimi kəndlər qədim dövrdən bu günə qədər tariximizi zənginləşdirir.
Vaxt vardı, bu kəndlərin sakinləri kommunal problemlərdən əziyyət çəkirdi. Bir qayda olaraq, normal yollar yox dərəcəsində idi, axşam saatlarının başlaması ilə kənd qaranlığa qərq olurdu. Bir sözlə, yerli sakinlərin əksəriyyəti daha rahat həyat axtarışında şəhərə köçmək arzusunda idi və belə olan halda turizmdən danışmağın yeri də yox idi.
Son illər Azərbaycan hökuməti Abşeron yarımadasının qədim yaşayış məskənlərinin inkişafı üçün kompleks proqram həyata keçirir.
Bakı kəndlərinin acınacaqlı mənzərəsi fonunda Abşeron qəsəbələrinin yenidən qurulması ilə bağlı irimiqyaslı layihəyə start verilib və bu layihə çərçivəsində onların hər biri öz tarixi unikallığına əsaslanaraq, inkişaf konsepsiyasını alıb. Bərpa işlərindən sonra görkəmini xeyli dəyişmiş Bakı kəndləri, eyni zamanda öz milli koloritini də itirməyib.
Balaxanının nəhəng məişət tullantıları ilə məşhur olan zibilliyi indi minlərlə xarici turisti cəlb edən yaşıllıqlara qərq olmuş bir turizm məkanına çevrilib. Təsadüfi deyil ki, Balaxanını bu gün “Bakının Santorinisi” adlandırırlar.
Neftçilərin Bibiheybət qəsəbəsi də tanınmaz dərəcədə dəyişib, İtaliyanın sahilyanı şəhərciklərini xatırladır.
Bakının Abşeron yarımadasındakı qədim kəndlərindən biri də Ramanadır. Qədim yaşayış məskənlərindən olan Ramana kəndi hazırda ikinci baharını yaşayır. Neft mədənləri ilə əhatə olunmuş qəsəbə indi göz oxşayan evləri, daş döşənmiş küçələri və rəngarəng gül-çiçəkli parklarla turizm obyektinə çevrilmişdir.
Balaxanı və Bibiheybətdən sonra indi Ramananın məhəllələri dəbdəbəli Avropa kurortlarının ərazilərini xatırlatmağa başlayıb: yaşayış binalarının fasadları nağıllardakı evləri xatırladır, evlərin divarlarında orijinal panellər, böyük zövqlə işlənmiş orijinal kompozisiyalar əcnəbiləri heyran edir.
Azərbaycanın qonaqları üçün Ramana ətrafında gəzinti kəndin mərkəzində yerləşən infotur binasından başlayır. Kəndin özü kiçikdir və Həsən bəy Zərdabi, Xanlar, Mirzağa Əliyev, Əbdürrəhim bəy Haqverdiyev və qədim qəbiristanlığın ətrafındakı bir neçə küçədən ibarətdir.
Ramana Abşeronun tarixi abidələrlə zəngin yaşayış məntəqələrindən biridir. Bir versiyaya görə, eramızın 1-ci əsrində burada Roma legionu düşərgə salıbmış və məkanın adının məhz Ramana adlandırılması bununla bağlıdır. Bu versiyanı Qobustan Tarixi-Bədii Qoruğundakı qayaüstü yazılar da təsdiq edir.
Tədqiqatçı alim Sara Aşurbəylinin də fikrincə, kəndin əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub.
Ramana neft mədənləri arasında yerləşir və tarixən Azərbaycanda neft sənayesinin mərkəzlərindən olub.
Ramanaya aparan yolun hər iki tərəfində neft buruqları olan sahələr Azərbaycanda neft bumu dövrünün şahidləridir. Bu gün də kənd özündə xarici və yerli burjuaziyanın izlərini yaşadır. Məsələn, XIX əsrin ikinci yarısında Bakıya ilk kapital qoyan əcnəbilər - Nobel qardaşları və fransız sahibkarı Rotşildin fəhlələr üçün tikdirdiyi evlər hələ də qalmaqdadır. Hazırda kənddə Nobellərə məxsus evlərdən uşaq bağçası və yaşayış binası, Rotşildə aid olanlardan isə yaşayış evləri kimi istifadə olunmaqdadır. Amma maraqlı burasıdır ki, həmin tikililər bu gün də onların adı ilə tanınır. Nobelin evlərinə kənd əhalisi arasında «nobelski» deyilir.
Məşhur Azərbaycan milyonçusu Şəmsi Əsədullayev də Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindəndir. Məsələn, kənd camaatı arasında «Əsədullayevin evləri», «Əsədullayevin uşaqlarının evi» adlanan və milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında yerləşir.
Ramananın dövrümüzə qədər gəlib çatmış ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc Ramana qalası aiddir. Kəndin ən yüksək hissəsində yerləşən möhtəşəm Ramana qalası XIV əsr abidəsidir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Güman edilir ki, qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin - “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, özündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz belə təqdim edirlər. Kənddəki maraqlı tarixi abidələrdən biri də qədim hamamdır. Ramanalılar öz aralarında ona “Məşədi İbad hamamı” deyirlər. Çünki hamam İçərişəhərdəki “Ağa Mikayıl hamamı”na bənzəyir. “O olmasın, bu olsun” filmində hamam kadrları məhz “Ağa Mikayıl hamamı”nda çəkildiyi üçün bu tikilinin adı “Məşədi İbad hamamı” adlanır.
Xəlifə Əli məscidi. Bakının Ramana kəndində yerləşən bu məscidin əsas giriş qapısının üstündəki dəmir lövhədə XVII əsr tarixi göstərilib. Lakin məscidin giriş qapısından sağ tərəfdəki daş kitabədə hicri-qəməri təqvimi ilə 1256-cı il yazılıb. Əsas giriş qapısının üstündəki daş kitabədə isə 1056-cı il tarixi qeyd olunur. Odur ki, bu məscidin dəqiq tarixi barədə məlumat vermək çətinlik törədir. Qeyd edək ki, Ramana Qala məscidi qayaların üstündə tikilib. Əsas ibadət zalı bir mərtəbədən ibarət olub, sahəsi 4x12,5 metrdir. Məscidin hündürlüyü 4 metrə bərabərdir. Pəncərələrinin birinci layı taxta, ikinci layı isə daşla işlənib.
Ramananın ən qədim tikililərinə 1323-cü ilə aid məscid və XIV əsrdə inşa edilmiş dördkünc qala aiddir. Əvvəllər ramanalıların 7 məscidi olsa da, hazırda onun 3-ü qalıb. Bu məscidlərdən ən qədimi Ramana qalasının yanında yerləşir. Birmərtəbəli kiçik məscid XIII-XIV əsrə aiddir. Məscid bu günə kimi fəaliyyət göstərir. İkinci böyük məscid vaxtilə kəndin zəngin sakinlərindən olan Qurban adlı nüfuzlu sahibkar tərəfindən 1903-cü ildə tikilib. Doğrudan da, məscidin sahəsi çox böyükdür. Bu məscid memarlıq üslubuna görə Təzəpir məscidinə bərabərdir. Deyilənlərə görə, o zaman sahibkar məscidi Türkiyədə tikilmiş bir məscidin layihəsi əsasında tikdiribmiş.
İkinci baharını yaşayan Ramana
Hazırda kəndin daş döşənmiş küçələri sanki gəzinti üçün salınıb. Divarları “küçə sənəti” üslubunda boyanmış küçələrdə bərpa edilmiş köhnə evlər düzülüb. Gülçülərin sənəti ilə bəzi evlərin hasarları al-əlvan çiçəklərdən ibarət salxımlarla bəzək bağlarına çevrilmişdir. Bu zərif mənzərə ziyarətçiləri xəyalən nağıllar aləminə aparır.
Yerli sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Kənddə yerli komandaların oyunlarının keçirildiyi meydançada stadionu olan müasir idman kompleksi yaradılıb.
Bu yaxınlarda kənddə gənclər üçün robototexnika dərnəyi açılıb. Həmçinin, kompüter kursları, xarici dillərin öyrənilməsi bölmələri fəaliyyət göstərir.
Burada həyata keçirilən irimiqyaslı layihənin konsepsiyası təkcə tarixi abidələrin yenidən qurulması, infrastrukturun təmiri, kənd sakinlərinin güzəranının yaxşılaşdırılması və buraya xarici turistlərin cəlb edilməsi ilə məhdudlaşmır. Ramana kimi kəndlərin abadlaşdırılmasında 21-ci əsrin estetikasından, müasir incəsənət dizaynından, istedadlı Azərbaycan memarlarının və gülçülük ustalarının fantaziyalarından istifadənin arxasında daha mühüm, strateji məqsəd olduğunu - bərbad vəziyyətdə olan Abşerona yeni nəfəs verildiyini görmək olar.
Artıq ramanalılar daha yaxşı, rahat güzəran üçün mərkəzə və ya başqa qəsəbəyə köçmək xəyalı ilə yaşamır, öz doğma kəndlərində qalmağa və gələcəyə inamla baxmağa başlayıblar.
Bir sözlə, Abşeronun şəhərətrafı qəsəbələrində təkcə tarixi irs bərpa edilmir, İtaliya Rivierasının kiçik şəhərlərini xatırladan turizm mərkəzləri yaradılır. Paralel olaraq burada sağlam gələcəyin təməli qoyulur.


Yeganə MƏMMƏDOVA