MƏQALƏLƏR

Zülfü İLYASOV: Yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda Azərbaycanın önəmi artır

  • 18.08.2022

Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmiz dünya miqyasında davamlı və dayanıqlı iqtisadiyyata, böyük maliyyə resurslarına malik olan bir dövlətə çevrilmişdir. Hər gün artan iqtisadi gücü və beynəlxalq nüfuzu Azərbaycana regionun iqtisadi mənzərəsini dəyişməyə qadir olan böyük transmilli layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı vermişdir. Bu layihələrin uğurla gerçəkləşməsi ölkəmizə regionun inkişaf vektorunu müəyyənləşdirmək şansı bəxş etmişdir. Beynəlxalq təşəbbüslərdən və bunun nəticəsi olaraq həyata keçirilən layihələrdən danışarkən ötən illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı görülən tədbirləri və bu sahəyə yönəldilən irihəcmli investisiyaları xüsusi olaraq qeyd etmək lazımdır. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətlərində respublika ərazilərindən keçən magistral yolların beynəlxalq standartlar səviyyəsində yenidən qurulması, paytaxtda, eyni zamanda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində icra edilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun, müasirləşdirilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin nəqliyyat təhlükəsizliyi təmin edilmiş, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Şərq-Qərb Nəqliyyat Dəhlizi üzərində iki qol - biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstün-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və ölkəmizin infrastruktur əhəmiyyətini artırır. Şimal-Cənub Nəqliyyat Dəh­lizi isə Şimali Avropanı Rusiya-Azərbaycan- İran-Hindistanla birləşdirir. Onu da qeyd edək ki, konteyner daşımaları, Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı yaradılmasını təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşımalarının reallaşdırılması məqsədi daşıyır.
Qlobal layihələr sırasında Cənub Qaz Dəhlizi xüsusi önəmə malikdir. Bu dəhliz inşa olunmadan əvvəl investor heç bir layihəyə vəsait qoymazdı və tərəddüd edərdi. Çünki əgər “Abşeron”, “Qarabağ” istəsə də, digər yataqlardan çıxarılacaq qazın ixracı üçün marşrut olmalıdır. Ona görə də Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə gerçəkləşmədən Azərbaycanın enerji siyasəti yarımçıq qala bilərdi. Amma bu gün respublikanın enerji siyasəti ölkəmizin maraqlarını tam təmin edir. Məsələn, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycan və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qaz Trans Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql edilərək çatdırılır.
İqtisadiyyatda, ordu quruculuğu sahəsində aparılan uğurlu siyasət 30 il işğal altında qalan torpaqların azad olunması ilə nəticələndi. Həm hərb, həm də siyasi-diplomatik müstəvidə əldə olunan nailiyyətlər bütün dünyaya ölkəmizin gücünü təsdiqlədi. Ötən 18 il ərzində qazanılan müsbət nəticələr və əldə olunan inkişaf dinamikası ölkəmizin sosial-iqtisadi inkişafının dayanıqlığını təmin etmişdir. Məhz bu səbəbdən də dünyada yaşanan ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Azərbaycan xarici iqtisadi təsirlərdən özünü qoruya bilmiş, nəzərdə tutulan bütün proqramların reallaşmasına nail olmuş və iqtisadiyyatda artım baş vermişdir. Bütün bunlar bir də onu sübut edir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün istər qlobal anlamda, istərsə də ölkə daxilində məqsədyönlü, düşünülmüş və ardıcıl siyasət həyata keçirmiş və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Bu gün həyata keçirilən siyasətin doğruluğu və düzgünlüyü dövlət və cəmiyyət həyatının bütün sahələrində real təcəssümünü tapmışdır. Azərbaycan Vətən müharibəsini tarixi zəfərlə başa vuraraq, bu gün regionda yeni reallıqlar yaradıb. Ən başlıcası da budur ki, müharibədən əvvəlki dövrlərdən fərqli olaraq bu yeni reallıqlarla dünya birliyi barışıb. Artıq beynəlxalq aləmdə kimin kim olduğu tam aydınlığı ilə bilinir. Bu vəziyyəti şərtləndirən ən vacib amil dövlət başçısının apardığı uğurlu siyasətdir. Cənab Prezident bu xüsusda danışarkən demişdir: “Bu, asan məsələ deyildi. Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB tərəfindən bu reallıqlar tamamilə qəbul edilib. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən bunu müşahidə edirəm. İndi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük!”
Hazırda işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış proqramının reallaşdırılması üçün müasir şəhərsalma qaydalarına uyğun yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında müasir standartlar səviyyəsində sosial-iqtisadi və mədəni infrastruktur qurulur, kommunal xidmətlər şəbəkəsi, tullantılardan səmərəli istifadə edilməsi sistemi yaradılır. Bununla paralel olaraq işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya tədbirləri həyata keçirilir. Belə ki, erməni faşizmi tərəfindən dağıdılan infrastrukturun yenidən qurulması üçün iqtisadi fəaliyyətin canlandırılması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir. Bu bölgələrdə yaxın gələcəkdə yüksək texnologiyalı investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü iqtisadiyyatın qurulması və dayanıqlı iş yerlərinin açılması nəzərdə tutulur. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşmanın təşviq edilməsinə xüsusi önəm veriləcəkdir. Son illər ərzində ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı sürətlə inkişaf etdirilir. Ölkəmizin mövcud torpaq, su və iqlim resursları əsasında kənd təsərrüfatı məhsulları istehsalının yerli istehsal hesabına özünütəminetmə göstəricisi yaxşılaşdırılır.
Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Azərbaycan 4-cü sənaye inqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün cəlbedici məkana çevrilib. Bu dövr ərzində milli iqtisadiyyat 15 faiz böyüyüb, ÜDM 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə neft-qaz ixracında 70,3 faiz artım əldə olunub. Son 10 il ərzində ölkə iqtisadiyyatı iki qlobal maliyyə böhranından uğurla çıxıb. 2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəlindən başlayan və davam etməkdə olan pandemiya respublikada makroiqtisadi sabitlik üçün ciddi təhdidər yaradıb. Lakin bütün bunlara rəğmən, çevik və səmərəli idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb. Ötən ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM həcminə bərabər olub. Bu isə milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı dayanıqlılığının göstəricisidir. Bu tendensiya qarşıdakı illərdə daha yüksək templə inkişaf edəcəkdir.

Zülfü İLYASOV, “İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri