MƏQALƏLƏR

“Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” adlı layihənin icrasına başlanılıb

  • 18.08.2022

“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin həyata keçirilməsinə başlayıb. Layihə çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qədim mədəniyyət ocağı olan Şuşanın tarixi mənbələrə əsaslanaraq son 100 ildə iqtisadi, sosial, demoqrafik vəziyyətinin kompleks təhlili aparılacaq. Şuşanın 100 ildə əhalisinin yaş quruluşu, dinamikası, məskunlaşması barədə informasiya bazası formalaşdırılacaq, müqayisəli araşdırmalar aparılacaq.
Şuşa əhalisinin həyat səviyyəsi, iqtisadi fəaliyyət növləri üzrə məşğulluq, erməni millətçilərinin Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin inkişafına biganəliyini təsdiq edən müqayisəli materiallar və onların təhlili veriləcək. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhalinin keyfiyyət tərkibinin, kadr potensialının öyrənilməsi, regionun davamlı və keyfiyyətli inkişafı üçün mütəxəssislərə olan ehtiyacın öyrənilməsi nəzərdə tutulur. Layihə çərçivəsində kitab hazırlanacaq.
Bu kitabın Bakıda və Şuşada təqdimatı nəzərdə tutulur. Layihənin gedişatını təşkilatın orqanı olan “İqtisadiyyat” qəzetində və digər qəzetlərdə və saytlarda mütəmadi olaraq dərc edəcəyik.