MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini və mədəni abidələrimizin bərpası xalq qarşısında, tarix qarşısında, millət qarşısında əvəzedilməz xidmətdir. YENİLƏNDİ

  • 01.09.2022

Böyük tarixi, keçmişi, milli adət-ənə­nələri olan xalqımızın, Türk Dünyasının da dünyaya işıq saçmaq, nurlandırmaq üçün gələn, bu missiyanı şərəflə yerinə yetirən daşıyıcıları, tarixi şəxsiyyətləri, parlaq simaları olub, var və bundan sonra da olacaq. Onlardan biri də Azərbaycanda xeyriyyəçilik ənənələrinin təməlini qoymuş, xalqımızın böyük oğlu Hacı Zeynalabdin Tağıyevdir. 2022-ci il yanvarın 18-də Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında Prezident İlham Əliyev demişdir: “Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr vermişdir… Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”.
Hazırda yaşadığımız 21-ci əsrdə bu missiyanı yerinə yetirənlərin ilk sırasında ikinci müstəqil Azərbaycanın qurucu lideri adını tarixə qızıl hərflərlə həkk etdirmiş Ulu Öndərimiz Heydər Əliyev, onun yolunun və siyasətinin layiqli, uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev və Əliyevlər ocağının nümayəndəsi, dövlət başçısının həyat yoldaşı və ən yaxın silahdaşı, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dayanır. Əgər böyük həyat və siyasət məktəbi olan Ümummilli Liderimiz 90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə qayıdışı ilə dağılmaqda, parçalanmaqda, məhv olmaqda, müstəqilliyini yenidən itirməkdə olan Azərbaycanı fəlakətlərdən xilas edə, ölkəni dinclik, əmin-amanlıq, sabitlik, inkişaf yoluna çıxara bildisə, əgər son 17 ildə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyanın söz və nüfuz sahiblərindən, milli və dini tolerantlıq mərkəzlərindən, siyasi, iqtisadi, humanitar, hərbi dialoq məkanlarından, dünyanın enerji təhlükəsizliyinin əsas aktorlarından birinə çevirməyə nail oldusa, ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Azərbaycanı dünyanın mərhəmət və şəfqət ünvanına çevirdi.
Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir. Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə Vətən müharibəsi dövründə də kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir.
Yorulmaz fəaliyyəti ilə rəhmə, mərhəmətə, şəfqətə ehtiyacı olanların yanında oldu, onların təmənnasız himayəçisinə çevrildi. Qayğıya, yardıma ehtiyac duyanların dostu, sirdaşı oldu. Məhz özünün təşəbbüsü və təşkilatçılığı ilə yaradılan, 20 ilə yaxın dövr ərzində uğurla fəaliyyət göstərən, fəaliyyətinin xoş sədası Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gələn Heydər Əliyev Fondu ötən illərdə mərhəmət, şəfqət ünvanı kimi tanındı. O, bu illərdə gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə, Azərbaycanı həm də dünya miqyasında tanıtdırmaqla, layiqincə təmsil etməklə, xeyirxahlıq mücəssəməsi obrazı yaradıb, həmçinin, əsl, yüksək səviyyəli dövlət xadimi kimi özünü təsdiqləyib.
Təhsilə dəstək, sağlamlığa qayğı, Vətən müharibəsi iştirakçılarına, doğma torpaq uğrunda şəhid olmuş oğullarımızın ailələrinə mərhəmət və böyük ehtiramla yanaşma Heydər Əliyev Fondunun əsas missiyasıdır. 44 günlük Vətən müharibəsindən sonra Fondun geniş fəaliyyətinə daha bir mühüm vəzifə əlavə olundu. 2020-ci ilin Vətən müharibəsinin ən qızğın günlərində yorulmaz fəaliyyəti ilə Mehriban xanım, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu gecə-gündüz dünyaya Qarabağ həqiqətlərini, Azərbaycan reallıqlarını çatdırmaqda, yaymaqda idi. Məhz bu fəaliyyət nəticəsində dünyada Azərbaycana qarşı münasibət müsbət mənada dəyişmiş, həqiqətlərimiz qəbul və etiraf olunmağa başlanmışdır. Xocalı qətliamının bir çox ölkələr tərəfindən soyqırımı aktı kimi tanınması da məhz bu tarixi və yorulmaz fəaliyyətin nəticəsidir. Odur ki, tarixi Zəfərimizdə böyük minnətdarlıq və təşəkkür həm də Müzəffər və Qalib Ali Baş Komandanla yanaşı addımlayan, Azərbaycan naminə fəaliyyətdən yorulmayan Mehriban xanıma düşür.
Birinci vitse-prezidentdən Qələbə təbriki: “Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir! Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”
10 noyabr-Qələbə münasibəti ilə rəsmi “İnstaqram” səhifəsində paylaşım edən Mehriban xanım bildirdi ki, bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! “Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib, xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik”, - deyə qeyd edən birinci xanım bir daha vurğuladı ki, münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir.
Paylaşımında “Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri, uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı! Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik!” - deyərək Birinci vitse-prezident bir daha hər kəsi Böyük Qələbə Günü münasibətilə təbrik etdi. Müharibə günlərində Ali Baş Komandanla yaralı əsgərlərimizə, hərbçilərimizə baş çəkən, göz yaşlarına belə hakim olmayan Mehriban xanım tarixi Qələbəmizdən sonra da öz missiyasını uğurla davam etdirməkdədir.
İlham Əliyev demişdir: “Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesi başlanılıb. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir. Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur”.
Hər kəsə də məlumdur ki, böyük qələbədən sonra Müzəffər və Qalib Ali Baş Komandanımız və birinci xanım yenidən Qarabağa, Füzuliyə və Şuşaya tarixi səfərini gerçəkləşdirdi. Bu səfər zamanı da tarixi anlar, hadisələr, açılışlar yaşandı. Xüsusilə də, Şuşamız əvvəlki günlərinə qaytarıldı. Azərbaycanın böyük imza sahibləri olan dahilərin, korifeylərin - Molla Pənah Vaqifin, Üzeyir bəyin, Bülbülün heykəllərinin bərpadan sonra muzey-məqbərə komplekslərinin açılışları oldu. Xüsusilə də, ötən əsrin 80-ci illərinin sonlarından dayandırılan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi keçirildi. Şuşanın Cıdır düzündə musiqisevərlərin həsrətlə gözlədiyi möhtəşəm “Xarı bülbül” musiqi festivalı yenidən təşkil olundu.
“Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır”, - deyə vurğulayan Birinci vitse-prezident onu da əminliklə bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Bununla yanaşı, o, qeyd etdi ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. “Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”, - deyərək Mehriban xanım paylaşımını bu cümlələrlə yekunlaşdırdı.
Bəli, həmin gündən də Mehriban xanımın başçılığı ilə Heydər Əliyev Fondunun növbəti tarixi missiyasına başlanıldı. Qısa zamanda da müjdəli nəticələr özünü göstərdi. Erməni vandalizminin canlı nümunəsi olan Ağdam Cümə Məscidi bərpa edildi, eyni zamanda dahi Molla Pənah Vaqifin məqbərəsi bərpa olundu. Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edən ölkə prezidenti nitqi zamanı “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək, düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik”, - deyərək bildirdi ki, Vaqifin məqbərəsinin bərpasını Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü və qısa müddətdə bərpa işlərini yüksək səviyyədə başa çatdırdı. Biz sözlə, Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə edilən və artıq sayını-hesabını itirdiyimiz tarixi səfərlərin hər birində Qarabağın yenidən qurulması, bərpa edilməsi, cənnətə çevrilməsi, dirçəldilməsi işində, “Böyük Qayıdış” prosesində dövlət başçısı ilə çiyin-çiyinə addımlamaqda, öz töhfəsini verməkdədir.

* * * * *

…Birinci vitse-prezident Mehririban Əliyeva Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə edilən və artıq sayını-hesabını itirdiyimiz tarixi səfərlərin hər birində Qarabağın yenidən qurulması, bərpa edil­məsi, cənnətə çevrilməsi, dirçəldilməsi işində, “Böyük Qayıdış” prosesində dövlət başçısı ilə çiyin-çiyinə addımlamaqda, öz töhfəsini verməkdədir.

 

 

Qarabağda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən növbəti bərpa işləri:

 

Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri davam edir
Bu il may ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfər çərçivəsində Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar.
Məlumdur ki, qədim mədəniyyət və memarlıq abidələri ilə zəngin olan Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

 

Məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işləri davam edir
Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Qeyd edək ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən Şuşaya xas memarlıq üslubunda inşa olunan bina işğal nəticəsində ilkin görkəmini 80 faizə qədər itirmişdir. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir.

 

Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri
Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdəndir.
Qeyd edək ki, işğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır. Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə12-14 may tarixlərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılmışdılar.
Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.
Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından - Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.
IV festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbə­sindən sonra ənənəvi “Xarı­bülbül” festivalı yenidən Şu­şa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olu­nub, ölkəmizin müxtəlif re­gion­larını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müx­təlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət vide­oçarxlar nümayiş etdirildi, klassik musiqi əsərləri təqdim olundu.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Mayın 12-dən 14-dək Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Bu il mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidə­lərimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.
Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tari­xi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin ye­nidən həyata qaytarılması pro­sesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məs­cidlərin bərpası işləri sürətlə davam etdirilir. Zəngilan mə­s­cidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əli­ye­vin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
İnanırıq ki, bərpa və quruculuq işləri hələ bundan sonra da davam edəcək, neçə-neçə tarixi-mədəniyyət və dini abi­dələrimiz bərpa olunaraq yaddaşlarda əbədi iz qoyacaq. Xal­qımız da böyük tarixi missi­yasını uğurla və əzmkarlıqla həyata keçirən Heydər Əli­yev Fondunun Azərbaycanın hər bir bölgəsinin çiçəklənmə­si na­minə gördüyü nəhəng işləri yüksək dəyərləndirəcək və onunla qürur duyacaq.

 


Akademik Ziyad Səmədzadə

 

Qarabağ iqtisadiyyatı 100 ildə. 5-ci cild. - Bakı, 2022. - 854 səh.